Bayraq Günü münasibətilə uşaq moda müsabiqəsi keçirilib

Noyabrın 4-də NEON Palace-da Dövlət Bayrağı Günü münasibətilə “Məktəb guşəsi” jurnalı, tanınmış bəstəkar Sevinc Tofiqqızı və “Grow up Azerbaijan”ın birgə təşkilatçılığı ilə uşaq moda müsabiqəsi keçirilib.

Dövlət himnimizin sədaları altında iki qardaş dövlət – Azərbaycan və Türkiyənin bayraqlarının səhnəyə gətirilməsilə tədbirin açılışı öz möhtəşəmliyi ilə tamaşaçılar və qonaqlar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Aparıcılar Cəmilə Amirova və Zaur Qafarov tədbiri açıq elan etdikdən sonra Eldar Zaqidulin və Əzim Zeynalov vətənpərvərlik şerləri ilə çıxış ediblər. “Natiq Ritm Qrupu” nağara çalanlar qrupu öz çıxışları ilə tədbirə öz  rəngarəng ritmlərini qatıblar.

“Məktəb guşəsi” jurnalının baş redaktoru Məzahir Məmmədli, baş redaktorun müavini Sevil Mirzəzadə, bəstəkar Sevinc Tofiqqızı, “VN Sweetdesingn” və “Lebada” şirkətlərinin rəhbəri Vüqar İbrahimov, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev və digər qonaqlar öz ürək sözləri ilə tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

Müsabiqədə modelyer-dizaynerlər Ella Bağırova, Kamil İsmayılov, Mehriban Məlikova, Alla Çamlıbel, Tatyana Veliksar, Röyə Rüstəmova, Şahsənəm Cəbrayılova, Şərifə Vəliyeva, Rəşidə Hüseyn, Elnarə Əliyeva, Vüsalə Gülməmmədova, Aysel Davudqızı, Natiq Musazadə və Şamil Adıgözəlzadənin Azərbaycan bayrağının elementlərini özündə əks etdirən paltarları nümayiş olunub.

Podiumda 4 yaşından 16 yaşına qədər olan uşaqlar çıxış ediblər. Uşaq-modellərin podiumda təmsil etdikləri obrazı yaratmaqda “Şəms Studio 100%” gözəllik salonunun professional stilistlərinin böyük zəhməti olub.

Münsüflər kürsüsündə modelyer-dizayner Zümrüd Mirzəliyeva, stilist Anar Ağakişiyev, bəstəkar Sevinc Tofiqqızı, rejissor Könül Əlizadə, Gəncliyə Yardım Fondunun vitse-prezidenti Salman Əliyev, müğənnilər Səidə Dadaşova və Aslan Hüseyov əyləşiblər. Münsiflərin səsverməsi ilə birinci yerə Aysel Davudqızı, ikinci yerə Röya Rüstəmova, üçüncü yerə isə Ella Bağırova və Kamil İsmayılov layiq biliniblər.

Moda müsabiqəsinə qatılan qonaqlar üçün maraqlı konsert proqramı da düzənlənib. Aslan Hüseynov, Delya, gənc müğənni Rinat Alimov, skripkaçı Səlim Abbasov və Zaur Qafarovun rəhbərliyi ilə kiçik rəqqaslar öz ifaları ilə tamaşaçıların böyük alqışlarını qazanıblar. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

%d bloqqer bunu bəyənir: