Bayram Məmmədov: “Həbsimin səbəbi “Qul bayramınız mübarək!” yazmağımdır”


“Mən sussam “böyük qardaş” elə bilər qorxuram. Bilirəm, siz də (sədrlik edən hakim Eynulla Vəliyevə üzünü tutaraq) hakim Ənvər Seyidov Qiyas İbrahimova ağır cəza verdiyi kimi mənə yüksək cəza verəcəksiniz. Vecimə deyil. Məhkəmə icra orqanından aşağı orqandır.    Sizdən yuxarıda iqtidar var, onların tapşırığını yerinə yetirirsiniz”, – noyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin  sədrliyi ilə keçirilən məhkəmə iclasında NİDA Vətəndaş Hərəkatının həbsdə olan fəalı Bayram Məmmədov sərbəst ifadəsində bildirib.

Bu zaman sədrlik edən hakim E.Vəliyev B.Məmmədovu təhqirə yol verməməyə çağırıb. O isə cavabda tənqidi fikirlər sözlədiyini deyib.

“Mən ittiham üzrə özümü günahkar saymıram, əqidəmə görə tutulmuşam. Mənin həbsimin səbəbi əksəriyyətinizin babası olan, mənim isə qohumum olmayan Heydər Əliyevin heykəlinin postamentinə “Qul bayramınız mübarək!” yazmağımdır. Bunu yazmaqda məqsədimiz ədalətsizliyə etirazdır”,- o qeyd edib.

O hesab edir ki, hərəkətləri “böyük qardaş”ı hirsləndirib.

“Hər yerdə, həbsxanada tez-tez sual edirlər – atanın abidəsinə belə sözlər yazardın? Hiss edirəm ki, böyük qardaşı hirsləndirmişəm”.

Çıxışın bu yerində  sədrlik edən zaldakılara  hirslənir və arxa sırada oturub gülüşünə hakim kəsilə bilməyən bir xanımı məzəmmət edərək zaldan çıxarır.

“Bura məhkəmədir, gülmək yeri deyil. Saqqızı çıxarın. Bu, (Bayram Məmmədova işarə edir) burada yüksək pafosla danışır, o da orada gülür”, – hakim Vəliyev qeyd edir. Yeri gəlmişkən, hakimin özü bu iradı gülə-gülə edirdi və bu zaman onun yaxınlığında postda dayanan əsgər saqqız çeynəyirdi.

B. Məmmədov isə ironiya ilə “gülə-gülə  yola veririk”  deyib.

NİDA fəalı heykəli yazmasının digər səbəbi kimi bildirib ki, “müxalifət çox sakit idi, aranı qarışdırmaq lazım idi”. “Bir katalizaror lazım idi və  bu, effektini verdi”.

Bu anda hakim onun çıxışını dayandırıb və intizama dəvət edib.

“Elə bil Zevsin heykəlini yazmışam, kahinlərin əlinə düşmüşəm”, – kinayə ilə hakimə etirazını bildirib.

B.Məmmədov sərbəst çıxşının narkotik maddə ilə bağlı hissəsində deyib ki, onu Sabunçu rayonunda 7-8 nəfər mülki  geyimli şəxs saxlayıb.

“Məni ağ rəngli cipə oturtdular və başladılar döyməyə. 1 saat yarımdan çox Sabunçu Rayon Polis İdarəsində, sonra Bakı Baş Polis İdarəsində döydülər, daha sonra isə  Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində  “MTNşiklər” döydülər. Əllərimi stola bağlayıb döyürdülər. Valideynlərim burada olduğundan işgəncələrlə  bağlı detallı danışmıram. Elə işgəncə halları tətbiq edirdilər ki, nəinki narkotik maddə, terrorçu, adam öldürmə ittihamlarını da qəbul etmək mümkün idi. Məsələn, elektrik, ikinci mərtəbədən atmaq istəyi, dubinka və s… Şükürlər ki, sağam, dözdüm. Valideynlərim burada olduğundan işgəncələri detallı demirəm”, – o qeyd edib.

B.Məmmədov işgəncə altında verdiyi ifadələri qəbul etmədiyini deyib. “Yalnız öz istədiyim vəkil vasitəsi ilə verdiyim ifadələri qəbul edirəm”, – o deyib.

NİDA fəalı narkotik maddəni Bakı Şəhər Baş Polis İdarəsində cibinə qoyduqlarını deyib.

“Əllərimi arxadan stula bağlamışdırlar. Saatlarla döymüşdülər. Burnumdan qan axırdı, paltarım cırıq-cırıq idi. Onların bəzisi deyirdi, biz nə edək? Narkotik maddəni Bakı Baş Polis İdarəsində cibimə qoydular. Əvvəlcə malı (narkotiki) tapa bilmirdilər. Biri dedi ki, onun Pirşağıda tanışı var. Oradan gətirdilər. Sonra evimizə apardılar və əllərindəki sellofandakı narkotik maddəni komputerimin arxasında götürdüklərini dedilər”,- B.Məmmədov qeyd edib.

Dövlət ittihamında deyilir ki, Bayram Məmmədov narkotik maddəni  saxlamazdan 5-6 ay əvvəl tanımadığı  bir İran vətəndaşından satış məqsədi ilə alıb. Amma məhkəmədə elan edilmiş ittiham aktında B. Məmmədovdan götürülmüş 1 kiloqram 152 qramdan çox heroinin  haradan gətirildiyi, sərhəddən necə keçirildiyi, B.Məmmədovun narkotik maddəni  kimlərə satacağı ilə bağlı  nüansların cavabı yoxdur.

Dövlət ittihamçısı Ramin Nağdəliyev istintaq zamanı işgəncə faktlarının olmasının təsdiq edilmədiyini bildirib. 

Bu zaman B. Məmmədov qolunu açaraq qançır izlərini məhkəmə heyətinə nümayiş etdirib. “Ombudsman aparatının əməkdaşları gəlib işgəncə izləri olan sifətimin fotosunu çəkir, sonra isə işgəncə olmadığını deyir. Bundan sonra BMT-nin nümayəndələri gəlib məni görür, işgəncə faktını təsdiq edir”, – o qeyd edib.

Vəkil Elçin Sadıqov məhkəməyə bildirib ki, B. Məmmədov gündüz saat 15:00 radələrində  saxlanılıb, lakin tutulma protokolu saat 23.30-da tərtib edilib.

“Bu səkkiz saat yarım ərzində mənin əllərimi stola bağlayıb döyürdülər”,- NİDA fəalı deyib.

Şahidlər Bakı Şəhər Baş Polis İdarəsinin narkotiklərə qarşı mübarizə şöbəsinin əməkdaşları B.Məmmədova qarşı hər hansı işgəncə halının olmadığını bildiriblər.

“Bayram Məmmədov əməliyyat məlumatları əsasında saxlanılıb. O, özü şalvarının cibindən narkotikə oxşar maddə çıxarıb polisə  təqdim edib və narkotik maddənin bir hissəsinin isə  evdə olduğunu deyib. Evə baxış zamanı özü komputerinin arxasından narkotikə oxşayan maddəni təqdim edib”, – şahid qismində  məhkməyə ifadə  verən Bakı Baş Polis İdarəsinin baş əməliyyat müvəkkili Şirəli Babayev bildirib.

Hal şahidləri isə B. Məmmədovun tutulması zamanı olmadıqlarını, yalnız Bakı Baş Polis İdarəsində hal şahidliyi etdiklərini bildiriblər. Vəkil hal şahidlərindən birinin 2014-cü ildə  də  eyni ittiham üzrə  Nərimanov Rayon Məhkəməsində hal şahidliyi etdiyini deyib.

Məhkəmə iclasında hakim dəfələrlə B. Məmmədova xəbərdarlıq edib və  onun iştirakı olmadan məhkəmənin keçirilə biləcəyini deyib.

B. Məmmədov isə hakimin şahidlərin tərəfini tutduğunu onun diqqətinə çatdırıb.

Hakim şahidlərə və hal şahidlərinə tez-tez, -“ə… nə gözləyirsən, yadındadır “hə” de, yadında deyil “yox” de” deyərək müraciət edirdi.

Məhkəmə prosesi 24 noyabr saat 14.30-dək təxirə salınıb.

B.Məmmədov və Qiyas İbrahimov mayın 10-da saxlanılıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bayram Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanılan Qiyas İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapılıb.

Mayın 12-də Xətai Rayon Məhkəməsi onların barəsində həbs qətimkan tədbiri seçib.

Qiyas İbrahimov Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədr hakim Ənvər Seyidov) hökmü ilə 10 il azadlıqdan məhrum edilib.

Bastainfo.com 



This post has been seen 3 times.

One thought on “Bayram Məmmədov: “Həbsimin səbəbi “Qul bayramınız mübarək!” yazmağımdır”

  • 02.12.2016 at 16:45
    Permalink

    Highly energetic blog, I loved that a lot. Will there be a part 2?|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: