İnsan yaratmağın məsuliyyəti

Könül Alı

Planlaşdırılmamış hamiləlik faciəsi, yaxud yabanı insan emal etməyin fəsadları…

“Planlaşdırılmamış hamiləliyi  adını “Allah nə versə, qəbulumuzdur” deyib davam etdirmək faciədən də faciədir. Onun həyatını təmin edə bilməyəcəksənsə dünyaya gətirib əzablara düçar etmək günahdan da, günahdır…”

Hələ 2013 -cü ildə “Çoxuşaqlı ailələrə dövlət dəstəyi haqqında” qanun layihəsi hazırlanmışdı. Layihə Milli Məclisə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən daxil olub, sənədlə bağlı QHT-lər tərəfindən əlavə təkliflər də verilib.

Belə bir qanunun hazırlanmasına səbəb kimi ailələrdə uşaqların sayının azalmasını misal gətirən, bu layihəyə dəstək olan qrumlar uzun-uzadı bu layihəni işlədik dedilər, lakin hansısa nəticəni ortaya qoymadılar. Əlbəttəki qoyulmayacaqdı da, digər hay-küylü layihələr kimi sadəcə “layihə” olaraq cəmiyyətə sırındı. Xeyirini də, aidiyyatı qurumlar gördü. Bu haqda da, kiməsə nə sual olundu, nə də özxoşuna açıqlama verən oldu.

Əslində bu tip layihələrlə heç xalq da maraqlanmır, bu canfəşanlıqların kimlərinsə maraqlarına xidmət etdiyini yaxşı bildiyindən özününküləşdirmir. Dolayısı ilə desək camaatımız öz ailə planlamasını büdcəsinə uyğun qurur. Ailələr bir, iki uzağı üç övlad sahibi olmağın hazırkı imkanlarla necə baha başa gəldiyini yaxşı bilir. Buna baxmayaraq yaşayış səviyyəsi çox-çox aşağı olan ölkəmizdə maraqlı və əsla qəbuledilməz məqamlarla da, rastlaşırıq.

Səhv etmirəmsə 2013-cü il idi. Bərdədə 17 illik ailə həyatı olan ailənin 12-ci övladı dünyaya gəlmişdi. Ailənin kişisi gələcəkdə uşaqların sayının artırılması barədə düşündüyünü həvəslə deyirdi. İqtisadi çöküş yaşayan bir dövlətin vətəndaşının ailə sisteminə bu cür münasibəti təbii ki, alqışlanası hal deyil. Dünyaya insan gətirməyin sorumluluğunu düşünməyən “məhsuldar” valideynlərin fəaliyyətinin ancaq ailə daxilində qaldığından və sadəcə xəbər kimi ölkə gündəmindən keçdiyindən, mən də, hamı kimi unutdum getdi.

Bu yaxınlarda tamam fərqli bir mövzunu araşdırmaq üçün internetdə axtarış vermişdim. Yenidən heyrətə gəlməyimə səbəb olan, mənim diqqətimdən yayınmış həmin insanlar haqqında bu xəbərlə rastlaşdım…”Bərdəli Taleh və Tünzalənin 14-cü övladı dünyaya gəldi”. 7 oğul, 7 qız valideyni olan bu insanlar həyatlarından çox razıdırlar. Uşaqları yedirtməyə yeməkləri, geyindirməyə paltarları olduğu üçün çox xöşbəxtdirlər və fəaliyyətlərini davam etdirməyə qərarlıdırlar…

Lap yaxşı – xöşbəxtlik məvhumunu kiçik sevinclərlə cilalayıb, toxdaqlıq tapsınlar…

Övladına mal-mülk demirəm, kitab-dəftər almağa imkanları çatacaqmı, onların təlim-tərbiyəsi ilə məşğul olmağa böyük ailənin qayğılarından zamanları qalacaqmı? 
Nə az, nə çox 14 uşaq sahibi (bəlkə də, hələ çox, çünki onlar haqda xəbər ən son 2014 də gedib) olan valideylərdir onlar. Dövlət necə, hansısa ekstra xidmət (bu qədər böyük ailəyə mülk bağışlaması, həkim, psixoloq, yardımçı dəstəyi) demirəm, çoxuşaqlı ailələrə nəzərdə tutulan qayğını göstərdimi onlara? 

İki övlad böyüdüb onun çətinliklərini görən biri kimi deyirəm: axı 14 övladın yükünü çəkmək asan məsələ deyil. Bu ailə “Allahdan qorxuruq, nə pay versə alacağıq” – deyib, dayanmadan uşaq emal etməklə məşğuldur…  

Bəli mən inanıram ki, onlar övladlarına bolluca sevgi verəcəklər, işdən-gücdən, qayğlardan baş açsalar…  

Başqa nə verəcəklər onlara?

Əsas məsələ budur.

Məhz bu…. 

O uşaqların taleyi necə oldu, nə kimi dövlət dəstəyi aldılar bilmirəm. Onu bilirəm ki, əgər bu ailə hansısa Avropa ölkəsində olsaydı, sosial təminatları yüksək səviyyədə qurulacaqdı. Axı biz Azərbaycan vətəndaşıyıq, yükümüzü öz gücümüzə görə tutur, günümüzü sava-sava ömr edirik. Dövlət kasıbın varlığı ilə yoxluğunun fərqində deyil axı.

Qədim zamanlarda adətən padişahların, kralların bu qədər çox övladı olardı, bu da bir növ hakim ailənin nəslinin daha böyük olmasına, qohumluq bağlarının köməyi ilə hakimiyyətlərini saxlamağa xidmət edirdi. Azərbaycanda isə bu qədər uşağı dünyaya gətirib, sonra ona mal-qara saxlamaq imkanından başqa imkan verməyən valideyn birinci növbədə övladlarının, daha sonra cəmiyyətin qarşısında günahkar olduğunu bilməlidir.

Yetkin insan hər körpənin bir fərd olmaqdan başqa, ölkəsinə faydalı vətəndaş olmaq borcu olduğunu dərk etməlidir. Savadsız, sosial təminatsız vətəndaşı cəmiyyətə sırımağın böyük cinayət olduğunun fərqində olmalıdır.

Dünyaya insan gətirməyin məsuliyyətini dərk etməyib bunu bir yarış marafonuna çevirmək şüursuzca atılmış bir addımdır. 

Uşağın ac qarnını doyurmaq, geyimlə təmin etməklə valideyn borcundan çıxdım demək özü beyinsizliyin nümunəsidir. Planlaşdırılmamış hamiləliyi adını “Allah nə versə, qəbulumuzdur” deyib davam etdirmək faciədən də faciədir. Onun həyatını təmin edə bilməyəcəksənsə günahdan da, günahdır… İqtisadi böhranın, mənəviyyat kasadlığının tüğyan etdiyi ölkədə cəmiyyətə sağlam övlad əta eləmək isə peyğəmbərlik kimi bir şeydi. Övladın sayını çox edib cəmiyyətə “faydalı vətəndaşlıq kriteriyaları” nı aşağı salmaqdansa, 2- 3 övlad gətirin dünyaya, sağlam cismi və diri beyni olsun…

Düşünün. Düşünün ki, insan yaratmağın məsuliyyətini dərk edəsiniz….

Bastainfo.com 



This post has been seen 11 times.

2 thoughts on “İnsan yaratmağın məsuliyyəti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: