“Polis özbaşınalığından şikayət etdiyimə görə qardaşımı tutdular”

“Polis özbaşınalığından şikayət etdiyimə görə qardaşımı tutdular”. Bunu qanunsuz həbsdən sonra bəraət alaraq azadlığa çıxmış Ağdaş sakini Qorxmaz Abbasov deyib. 

Xatırladaq ki, Qorxmaz Abbasov “Basta”ya  açıqlamasında özünün şərlənərək həbs olunduğunu, 13 məhkəmə prosesindən sonra nəhayət bəraət alaraq azadlığa çıxdığını bildirmişdi. Qorxmaz Abbasov onun hüquqlarını pozan polis əməkdaşlarının və müstəntiqlərin cəzalanmasını tələb etmişdi. Lakin keçmis məhbus bu məsələni mətbuata çıxartdıqdan sonra onun qardaşı da həbs olunub.

“Qardaşım Turalı dünən Ağdaşda polisə aparıblar. Məhkəmə qərarı ilə ona 10 sutka həbs verilib. Qardaşımı qanunsuz küçə ticarəti ilə məşğul olmaqda ittiham ediblər. Amma əminəm ki, onu mənə təzyiq etmək üçün tutublar”, – Qorxmaz Abbasov deyib.

“Qardaşım mandarin satıb ailəsini dolandırırdı. Küçə ticarətinə görə uzaqbaşı cərimə edə bilərdilər. İndi hər yerdə küçədə meyvə satan adamlar olur, kimi tuturlar ki?! Bu, ancaq bəhanədi. Qardaşımı tutmaqla mənə təzyiq etməyə çalışırlar”, – Qorxmaz Abbasov deyir. 

Qorxmaz Abbasov qardaşına polis şöbəsində işgəncə verilə biləcəyindən də narahatdır. “Turalı Ağdaş polis şöbəsində saxlayırlar. Ailə üzvləri ilə görüşməsinə imkan vermirlər, ona görə də narahatım ki, onu şöbədə incidirlər”, – Qorxmaz Abbasov deyir. 

Ağdaş rayon polis şöbəsi Tural Abbasovun noyabrın 11-də həbs olunduğunu və ona məhkəmə qərarı ilə 5 sutka inzibati həbs kəsildiyini təsdiqləyib. Lakin bu həbsin Qorxmaz Abbasovun şikayətçi olması ilə bağlılığını inkar ediblər. 

Qorxmaz Abbasov qardaşının qanunsuz həbsi ilə bağlı apelyasiya şikayəti veriləcəyini bildirib.

Bastainfo.com



This post has been seen 4 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: