Facebook’un zərəri, yoxsa icazəli mövzular?

Elmir Mirzəyev

İcazəli mövzular anlayışı yalnız geri qalmış cəmiyyətlərin aqibətidir, internetin və facebookun zəririni müzakirə etmək kimi.

Facebook’un zərəri haqda çox deyildi, çox eşidildi. ANS film də çəkdi, başa saldı camaatı, dedi a millət, aldanmayın, düşmən silahıdı bu. Qərb (masonlar-şansonlar, sionistlər-mionistlər, avangardistlər-narodniklər, liberallar- ermənilər, leyboristlər- meyboristlər) məxsusi bizi məhv etmək üçün ixtira edibdi bunu. Yazıq hakimiyyət də yemir, yatmır, gecə-gündüz millət üçün gizlində çalışır-vuruşur, için-için ağlayır-sızlayır, amma bütün bunları heç kimə də bildirmir, hamıdan gizlədir edilmiş möhtəşəm işləri – düşmən yatmayıb deyin. İndi ermənilər bütün bunları bilsə nə olar – heç təsəvvür edirsiniz?

Qısası bu facebook’un zərəri çoxdan çoxdur, hətta eşitmişəm ki, facebook’dan qotur, angina, quduzluq, cüzam, sifilis kimi xəstəliklərə də yoluxmaq olar, evet cənablar gülməyin, gözdən və beyindən keçir bunlar. Dünən də bir qəzet facebook’da ermənilərlə dostluq edən məşhur azərbaycanlıları tapıb çıxartdı – hamı gördü o xainləri. Utanmazlar ermənilərlə söhbət-zad da edirmiş hələ. Deyəcəksiz bəs İlham Əliyev niyə Sərkisyanla görüşür, o biri nazirlər də günaşırı bununla məşğuldur? Ə, siz neujennı anlamırsız ki, onlara olar, onlar oturub-durub millət üçün edir bunları, amma başqaları üçün olmaz, o saat xəyanət edər Vətənə hamısı. Tak çto hamısı doğrudu, vapşe bu facebook -zad nədi, abırrı adamın orda nə işi var, bağlamaq lazımdı, dədən-nənən facebook görmüşdü? Kimsiz e siz?!

Nəsə hakimiyyət doğrudan da bilmir nə etsin bu internetlə – bağlaya bilmir, qadağan etmək olmaz, söndürmək də mümkün deyil. Ən yaxşı halda burada icazəli mövzular bumu salmaq olar ki, bunun da ən əlası ermənidir.

Azərbaycandakı icazəli mövzular arasında erməni söymək ən aktualı, ən sərfəlisi, ən yağlısı, ən “patriotudur”. Ölkədəki heç bir problemdən bircə kəlmə belə ağzına almayan, gözünün qarısında nə baş versə belə cınqırını çıxarmayan, “ümummilli” və ya “cənab prezident” eşitdikdə beşqat əyilən “ziya(n)lılar” və ya elə “rəiyyət” bu erməni məsələsini görcək dönür “şiri-nərə”. Döşəyir ermənilərin cəmdəyinə o ki, var. Onların bütün xasiyyətini, bütün cinayətlərini “faş” edir, iyrənc hallardan, uşaqlara belə nüfrət aşılanmasından bəhs edib sonra da deyir ki, biz gərək mütləq onlara oxşayaq, onlardan öyrənək. Onları ittiham etdikləri xasiyyətləri özümüzdə görmək istəyir bu mütəfəkkirlər. Yəni ki, bu məntiqlə mütləq gərək bir növ erməni olaq.

Bunları düşünəndə xatirimə hələ sövet zamanı ABŞ prezidenti Ronald Reagan haqda eşitdiyim bir tərsməssəb meyxana gəlir: “Mən necə çatdırım özümü Reagan’a, deyim bir-bir ürək sözümü mən ona”. Bəli, bəli hörmətli oxucu, 80-ci illərdə belə bir meyxana var idi, ardı da gəlirdi ki: “deyim ona gəl sülh yolunda bizim kimi əzab çək” – yəni bu “ideoloji doğru” meyxana idi. Hələ o zaman uşaq fəhmi ilə hiss etmişdim ki, axı burda nəsə doğru deyil, axı o zamanlar meyxana bizim üçün tamam başqa, cazibəli görünən tam itaətsizlik dünyasını, mövcud quruluşa həqarəti əks etdirirdi. Burada isə televizorda, məktəbdə danışılan mövzudan bəhs edilirdi. Meyxananın necə debil bir janr olduğu hələ sonralar bilinəcək, nəsə…

İcazəli mövzular anlayışı isə yalnız geri qalmış cəmiyyətlərin aqibətidir, internetin və facebook’un zəririni müzakirə etmək kimi.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: