Müsavat İlqar Məmmədovla bağlı ictimaiyyətə çağırış etdi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumatda bildirilir ki, gündəliyin “görülən işlər” bölümündə partiya rəhbərliyinin REAL və D-18 təşkilatları ilə məsləhətləşmələr apardığı haqqında məlumat dinlənilib. Bildirildi ki, bu yöndə işlər davam etdiriləcək.

Vəkil Elton Quliyevin xatirəsinə həsr olunmuş futzal turnirində qalib gəlmiş MGT-nin komanda üzvlərinin partiya rəhbərliyi tərəfindən mükafatlandırılması haqda məlumat verilib.

Gündəliyin “partiyadaxili məsələlər” bölümündə Sumqayıt ŞT-nin hesabat-seçki konfransının keçirilməsi üçün Təşkilat Komitəsinin yaradıldığı qeyd edilib.

Müsavat Partiyasının üzvü olduğu ALDE-nin  (Avropa Liberal Demokratlar Alyansı)  dekabrın əvvəlində Varşavada keçiriləcək konfransında iştirak etmək üçün nümayəndə heyəti müəyyənləşdirilib.

Daha sonra Məclisin növbəti sessiyasının vaxtı və gündəlik layihəsi ilə bağlı müzakirələr aparılıb. Qərara alınıb ki, Məclisin növbəti sessiyası 19 noyabr 2016-cı il tarixdə, saat 11:00-da Müsavat Partiyasının qərargahında keçirilsin.

Eyni zamanda Divan adından Məclisin sessiyasına təqdim ediləcək gündəlik layihəsi təsdiq edilib.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə ABŞ-da keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Daha sonra ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib. Manatın sürətlə dəyərdən düşməsi, istehlak mallarının, xüsusilə də ərzağın qiymətinin və işsizliyin dayanmadan artması və bunun qarşısında hökumətin fəaliyyətsizliyi qeyd edilib.

Divan 18 noyabr tarixində Ali Məhkəmədə REAL-ın sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun keçiriləcək məhkəmə prosesi haqqında da müzakirə aparıb. Qətiyyətlə qeyd edilib ki, bu iki şəxsə qarşı qaldırılmış cinayət işi tamamilə uydurma və siyasi sifarişdir. Tofiq Yaqublu əfv sərəncamı ilə azadlığa çıxsa da, barəsində Avropa İnsan Haqları Məhkəməsinin qərarı və AŞ Nazirlər Komitəsinin çoxsaylı qərarı olan İlqar Məmmədov hələ də həbsdə saxlanmaqdadır.

Divan İlqar Məmmədovun qarşıdan gələn məhkəmə prosesində azad edilməsini tələb etməklə yanaşı, yerli və beynəlxalq ictimaiyyəti bu məsələni diqqətdə saxlamağa çağırıb.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: