İsrail rəhbəri Bakıya, İran prezidenti isə İrəvana gedir

Yaxın günlərdə İsrail baş nazirinin Azərbaycana səfəri planlaşdırılır, – Azərbaycan 24 xəbər verir.

Maraqlıdır ki, təxminən eyni vaxtda İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri nəzərdə tutulub. Noyabrın əvvəlində İranın Ermənistandakı səfiri Seyid Kazem Sacadi 1 in.am saytına açıqlamsında səfərin tezliklə reallaşacağını müjdələmişdi. “İranın Ermənistanla dostluq münasibətləri var və müəyyən edilmiş vaxtda səfər baş tutacaq. Həsən Ruhaninin Ermənistana ziyarəti ölkələrimiz arasında əməkdaşlığı daha da möhkəmləndirəcək və dərinləşdirəcək”, – deyə diplomat qeyd eləmişdi.

Bu yerdə onu da qeyd edək ki, təqribən ayyarım öncə – Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyanın Tehran səfəri çərçivəsində, yəni faktiki, Ruhaninin səfəri öncəsi İran və Ermənistan arasında viza rejimi götürülüb. Azərbaycanla İran arasında isə, bəlli olduğu kimi, belə bir rejim hələ qalır.

Bəzi siyasi müşahidəçilərə görə, İsrail baş nazirinin Bakı səfəri Ruhaninin İrəvan səfərinə Azərbaycan üçün müəyyən mənada cavab effekti daşısa da, hər halda rəsmi Tehranın bundan daha çox qıcıqlanacağı şəksizdir. Üstəlik, Natanyahunun Bakı danışıqlarının daha bir nəticəsi olaraq, Təl-Əvivdə Azərbaycan səfirliyi açılarsa, İranın rahatsızlığını təsəvvür eləmək çətin olmaz. O üzdən hesab edilir ki, Bakı səfirlik açılması ilə eyni vaxtda Tehranla viza rejimini nəhayət, aradan qaldırmaqla, cənub qonşumuzun qıcığını xeyli yumşaldıla bilər.

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: