Əli Abbasov vurduğu ziyana görə 7 milyon manat ödəyib – VƏKİL

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib. Ötən iclas təqsirləndirilən şəxslərin cinayət işinin materialları ilə tanış ola bilməməsinə görə təxirə salınmışdı.

Məhkəmə qarşısına nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, Emin Məmmədov və digər şəxslər çıxarılacaqlar. Onlar külli miqdarda büdcə vəsaitinin mənimsənilməsi ittihamı ilə üz-üzə qalıblar, – dosye.org məlumat verir.

Prosesdə Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov vəsatətlərlə çıxış edib. Lent.az-ın məlumatına görə, o, çıxışında Vidadi Zeynalov barəsində olan həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz edilməsini istəyib.

Vidadi Zeynalovun digər vəkili Bəylər Məmişov isə vəsatətində sabiq nazir Əli Abbasov və onun müavini olmuş İltimas Məmmədovun şahid qismində dindirilməsini istəyib: “Onlar əlavə şahid kimi yox, birbaşa şahiddirlər. İstintaq dövründə şahid qismində dindirilsə də, iş məhkəməyə gələn zaman şahidlər siyahısına salınmayıb. Onların ifadəsi çox önəmlidir. Sizə siyahı təqdim edirəm, başda Əli Abbasov olmaqla həmin şəxslərin prosesdə şahid qismində dindirilməsini təmin etməyinizi xahiş edirəm. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, Əli Abbasov tərəfindən rəhbəri olduğu nazirlikdə törədilmiş qanunsuzluqlarla əlaqədar vurulmuş ziyan üzrə 3 milyon 800 min manat, 600 min avro, 1 milyon 200 min dollar olmaqla, 30.09.2016- cı ilin məzənnəsi ilə 6 milyon 836 min 540 min manat ödəniş aparılıb”.

“Əli Abbasov məlum cinayət işinə şahid qismində cəlb edilib. Əli Abbasov təqsirləndirilən şəxs deyil. Ondan hansısa ziyana görə necə pul tutula bilər?! Sabiq nazirdən bir qəpik də ziyan tutulmayıb”.

Bunu Lent.az-a açıqlamasında sabiq rabitə və yüksək texnologiya naziri Əli Abbasovun vəkili Kamandar Nəsibov deyib.

ƏLİ ABBASOVUN BARƏSİNDƏ AYRICA CİNAYƏT İŞİ

Ötən il noyabrın 13-də prezident İlham Əliyevin sərəncamı ilə işdən qovulan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov uzun müddət istintaqdan kənar qala bilib. Onun barəsində cinayət işi bu ilin oktyabrında başlanıb. Sabiq nazirlə bərabər nazirliklə əməkdaşlıq edən bir neçə şirkətin nümayəndələri barəsində ayrıca istintaq olunur, – dosye.org məlumat verir.

Ə.Abbasov və digərləri Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 29, 179.3.1-ci (mənimsəmə və ya israf etməyə cəhd, mütəşəkkil dəstə tərəfindən törətməyə cəhd), 29, 179.3.2-ci (mənimsəmə və ya israf etməyə cəhd, külli miqdarda törətməyə cəhd), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilirlər.

SABİQ NAZİRİN OGLU VƏ QAYNI İSTİNTAQA CƏLB EDİLİB

Bildirilir ki, müstəntiqlərin sorğu-sualları ilə üz-üzə qalanlar sırasında Əli Abbasovla yanaşı, onun qaynı Elçin İbrahimov da var. E.İbrahimov RYTN xətti ilə aparılan 250 milyon manatlıq tikinti işlərini gerçəkləşdirib. E.İbrahimovun sədri olduğu “Qafqaz-S” inşaat məhdud məsuliyyətli cəmiyyətinin tikintiləri gerçəkləşdirərkən külli miqdarda vəsaitlərin mənimsənilməsinə əsaslı şübhələr olduğu üçün sorğu-sual olunub. Əli Abbasovun qohumlarının, oğlunun və digər yaxınlarının da tikinti şirkətləri də var. Həmin şirkətlərə RYTN-yi xətti ilə tikinti aparmaq üçün külli miqdarda büdcə pulları köçürülüb. Belə şübhələr var ki, həmin vəsaitlərin də böyük hissəsi mənimsənilib, – dosye.org məlumat verir.

 Bastainfo.com



This post has been seen 5 times.

One thought on “Əli Abbasov vurduğu ziyana görə 7 milyon manat ödəyib – VƏKİL

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: