Ərzaq bahalaşır, maaş və pensiyalar artmır

Regionların özlərini maliyyələşdirməsi, ərzaq mallarının qiymətlərinin bahalaşması, ölkədə işsizliyin həcmi, kommersiya banklarının dollar satışını dayandırmasının səbəbləri bu gün medianın aparıcı mövzusudur…

REGİONAL İNKİŞAF STRATEGİYASI

Azadlıq radisosu xəbər verir ki, «Azərbaycan» qəzetində «Regional inkişaf strategiyası uğurlu nəticələr verir» sərlövhəli məqalə dərc edilib. Məqalədə 2017-ci ildə ölkənin 34 şəhər və rayonunun dövlət büdcəsindən dotasiya almadan özünü maliyyələşdirəcəyi dəyərləndirilir.

Müəllif yazır ki, ölkədə qazanılan böyük uğurların kökündə iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən siyasət durur. Bu mənada ölkənin regionlarının inkişafı ön xəttə çıxıb: «Xüsusilə qeyd etməliyik ki, dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyaraq, regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırıb».

Məqalədə qeyd edilir ki, dünyada neftin kəskin ucuzlaşması bir sıra ölkələrin iqtisadiyyatında böhran yaradıb. Ancaq Azərbaycan qeyri-neft sektorunun inkişaf etdirməklə neft gəlirlərinin kəskin azalmasının fəsadlarını aradan qaldırır. Müəllif yazır ki, indi ölkənin bir qisim şəhər və rayonlarının dotasiya almadan özünü maliyyələşdirməsi məsələsi dövlət büdcəsi vəsaitlərindən daha qənaətlə istifadə edilməsi ilə bağlıdır. Məqalədə dövlət başçısı İlham Əliyevdən sitat da çəkilir: «Gələcəkdə bizim planlarımız ondan ibarətdir ki, hər bir rayon özünü təmin edə bilsin. Yəni bu gün rayonların bir çoxu dotasiya ilə yaşayır. İndi Azərbaycan dövlətinin gücü, maddi imkanları var, biz bunu edirik və edəcəyik. Ancaq hər bir rayon çalışmalıdır ki, öz hesabına yaşasın. Buna imkan var».

 

NÖVBƏTİ BAHALAŞMA…

Azadliq.info «Manatın çöküşü ərzaq məhsullarının qiymətinə necə təsir edəcək?» sualına iqtisadçı-ekspert Nemət Əliyevlə cavab axtarır.

N.Əliyev deyir ki, Mərkəzi Bank sonunu fikirləşmədən manatın sürətlə dəyərdən salınmasına qərarı verib: «Amma gərək bu qərar qəbul edilməmişdən öncə müəyyən qabaqlayıcı addımlar atılsın ki, qiymətlər sürətlə bahalaşmasın, əhalidə olan vəsait sürətlə dəyər itirməsin».

Ekspert vurğulayır ki, faktiki bu ilin əvvəlindən indiyə qədər qiymətlər kəskin artıb. Qiymətlərin artımı ilə müqayisədə əmək haqları, pensiyalar yüksəlməyib. Buna görə əhalinin vəziyyəti sürətlə pisləşir: «Mərkəzi Bank məsələnin bu tərəfini nəzərə almır. Hətta onu da nəzərə almır ki, milli valyutanın sürətlə dəyər itirməsi ölkə iqtisadiyyatının manatla kreditləşməsinin qarşısını alır».

Ekspert həm yerli, həm də xarici investisiyanın ölkədən sürətlə kənara çıxdığını bildirir.

N.Əliyevin fikrincə, manat o dərəcədə dəyərini itirib ki, ölkədə bizneslə məşğul olmaq mənasız peşəyə çevrilib. Yazıda qeyd edilir ki, qiymət artımı bundan sonra da davam edəcək.

Ağdamda əmək yarmarkası.

Ağdamda əmək yarmarkası.

ÖLKƏDƏ NƏ QƏDƏR İŞSİZ VAR?

«Exo» qəzetində isə «Azərbaycanda işsizlik durmadan artır» sərlövhəli məqalə oxumaq olar.

Ekspert Nəriman Ağayev mövzunu qəzetə belə dəyərləndirib: «Ölkədə işsizliyin həcmi rəsmi statistikadan 10 dəfə çoxdur. Təkcə tikinti sahəsində 100 mindən çox insan işsiz qalıb. Ümumi mənzərəni təsəvvürə gətirmək dəhşətdir».

Ekspert deyir ki, indi ölkədə işsizliyin dəqiq səviyyəsini müəyyən etmək olduqca çətindir: «Azərbaycanda ancaq hər 10 işsizdən 1-i məşğulluq mərkəzlərinə müraciət edir. Əksəriyyət müstəqil şəkildə iş axtarışındadır. Bunu demək olar ki, maliyyə sektorunda 30 min, ticarət sektorunda isə 20 min nəfər işsiz qalıb».

N.Ağayev vurğulayır ki, indiki ağır iqtisadi şəraitdə iş tapmaq çoxlarına qismət olmur.

Ekspertə görə, ölkədə ilkin olaraq tikinti sektoru canlandırılmalıdır. Onun fikrincə, hökumət bu sahəni stimullaşdırmalıdır.

Başqa bir iqtisadçı Azər Mehdiyev isə deyir ki, məşğulluq mərkəzlərinə müraciət edənlərin çoxu heç müavinət də ala bilmirlər. O, buna səbəb kimi bürokratik maneələri göstərir. Ekspert qeyd edir ki, hazırda bu müavinətin həcmi 250 manatdır. Amma o qədər sənəd tələb edilir ki, insanın bu müavinəti almasına marağı qalmır.

 

 

Bastainfo.com



This post has been seen 1 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: