Tofiq Yaqublu 500 min avro tələb edir

Müsavat başqanının müavini, 2013-cü ilin yanvarında İsmayıllıda baş verən hadisələrin təşkilində təqsirləndirilərək üç ildən artıq həbsdə saxlanılan Tofiq Yaqublu özünə bəraət istəməklə yanaşı, həm də Azərbaycan hökumətindən 500 min avro kompensasiya tələb edir. Tofiq Yaqublu məhkəmədə bu tələblə çıxış edib, – AzadlıqRadiosu məlumat verir.

Noyabrın 18-də Ali Məhkəmədə Tofiq Yaqublunun, eləcə də bu işdə onunla birlikdə mühakimə olunmuş REAL Hərəkatının sədri İlqar Məmmədovun kassasiya şikayətinə baxılıb.

Tofiq Yaqublu məhkəmədə çıxış edib və bu cinayət işinin başdan-ayağa yalan, kütləvi iğtişaşlar təşkil etdikləri haqda ittihamın da qondarma olduğunu deyib. İsmayıllıya jurnalist kimi reportaj hazırlamağa getdiyini deyən Tofiq Yaqublu qeyd edib ki, orada polislərə xidməti vəsiqəsini də təqdim edib: «Mən İsmayıllıda cəmi 50 dəqiqə olmuşam. Onun 10 dəqiqəsini camaatla, həmin vaxt orada olan jurnalistlərlə söhbət eləmişəm, 40 dəqiqəsini polis şöbəsində olmuşam. Şöbə rəisi də bunu təsdiqləyir. Mən harada camaatı iğtişaşa cəlb elədim, adamlara çağırış elədim, göstəriş verdim? Təbii ki, absurd ittihamlardır. Texnologiya əsridir. İttihamları sübut eləyən bircə kamera görüntüsü və ya başqa tutarlı fakt ortaya qoya bilmirlər. Bircə sübut ortaya qoysunlar, eybi yox, qalanını biz boynumuza götürərik».

Tofiq Yaqublu çıxışının sonunda bəraətlə yanaşı, heç bir günahı olmadan üç ildən artıq həbsdə saxlanmasına görə 500 min avro təzminat tələb edib.

Məhkəmə qısa müşavirədən sonra kassasiya şikayətlərinin təmin olunmadığını elan edib.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: