Nazir kimdir ki, xalqın sərvəti barədə sərəncam verir?

RƏHİMOV RƏHİMOVA İNANIR (nazir dövlət vəsaitinə dədə malı kimi baxır: korrupsiyanın təməli məmurlarımızın şüurundadır)

Gənclər və idman naziri Azad Rəhimov deyir ki, dopinqə görə 2008-ci il Pekin Olimpiadasında qazandığı gümüş medalı əlindən alınan Vitali Rəhimova və məşqçisinə dövlətimiz tərəfindən ödənilmiş 450 000 manat (ödəniləndə 562 000 dollardan çox təşkil edirdi) geri alınmayacaq.

Nazir Rəhimov idmançı Rəhimova belə haqq qazandırr: “Çünki mən Vitalinin bu medalı böyük zəhməti hesabına qazandığına inanıram “.

Çox maraqlı məntiqdir! Nazirin nəyə, kimə və necə inanmağı bizi maraqlandırmır. Ortada fakt var. Faktla razı deyilsə, mübahisələndirsin, medalın qaytarılmaması üçün şikayət edilsin. Amma yekunda medalı bizdən alsalar, idmançı pul mükafatını da qaytarmalıdır. Çünki mükafatı medala görə alıb. Nazirin ona inanması əhəmiyyətli deyil. Ümumiyyətlə, nazir kimdir ki, xalqın sərvəti barədə sərəncam verir? Mükafat dövlətin, xalqın hesabına verilib, nazirin bu məsələ üzrə qərar vermək səlahiyyəti yoxdur!

Təəssüf ki, məmurlarımız, nazirlərimiz dövlət vəsaitinə dədə malı kimi baxır.

Eyni məntiqlə istənilən korrupsiya faktına da münasibət bildirilə bilər: “nə qədər istəyirsiz filankəsin korrupsioner olduğu barədə ortaya fakt qoyun, əsas odur ki, mən ona inanıram”. Milli korrupsiya sistemimiz də elə məhz bunun üzərində qurulub: nə edirsən et, əsas odur ki, lazım olan adam sənə inanır, sən onun adamısan, soyadın da eynidir və s. və i.a.

Görəsən, bu hadisənin digər idmançılarımız üçün ibrəti nə olacaq? Nə qələt edirsən et, əsas odur ki, medalı istənilən yolla qazan! Millətə dəyən mənəvi (beynəlxalq nüfuz) və maddi zərər isə əhəmiyyətli deyil…

 

Yazı hüquqşünas Əkrəm Həsənovun facebook səhifəsindən götürülüb

 

Bastainfo.com

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: