Rəşid Hacılı: ”Bu təkliflər yanlışdır, səmərəsizdir, mürtəcedir”

Osman Gündüz: ”Məhdudlaşdırma demokratik ənənələri zəif olan ölkələr üçün problem yaradar”

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Baş prokuror Zakir Qaralovun Cinayət Məcəlləsinə təklif etdiyi əlavələr mühüm əhəmiyyət daşıdığını hesab edib.

O, bu barədə APA-ya bildirib ki, hazırkı dəyişiklik əsasən sosial şəbəkələrdəki saxta profillərlə bağlıdır: “Bu da çox vacib məsələdir. Dinamikliyi nəticəsində sosial şəbəkələr daha geniş topluma xitab edir. Demək ki, xeyri kimi, ziyanı da əhəmiyyətli dərəcədə böyükdür. Bəzi saxta profillərdə radikal dini cərəyanlar, ekstremizm, separatçılıq və terrorizm təbliğ olunur. Bu məqam da mütləq qaydada nəzərə alınmalıdır. İndiki şəraitdə Avropanın bir çox səlahiyyətli qurumları internetdə, xüsusən də sosial şəbəkələrdə insanların alçaldılması ilə bağlı narahatlıq keçirirlər və vəziyyətin aradan qaldırılması üçün yollar axtarırlar. Britaniyada, Fransada, İtaliyada belə nümunələr var”.

MŞ sədrinin söylədiklərini Meydan TV-yə şərh edən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu kifayət qədər mürəkkəb məsələdir, asan olsaydı, çoxdan edərdilər: “Artıq Azərbaycan qanunvericiliyində internetdə təhqir və böhtanın tənzimlənməsiylə bağlı praktika var. Ötən il Cinayət Məcəlləsinə cinayət məsuliyyəti yaratmaqla bağlı maddə saldılar. Halbuki, indiki təşəbbüs də məhz cinayət məsuliyyətinin yaradılmasından ibarətdir. Sual oluna bilər ki, CM-də bu vardısa, təşəbbüs hardan çıxdı? Sadəcə, təşəbbüsün mahiyyətində o dayanır ki, sosial şəbəkələrdə anonim olanları məsuliyyətə cəlb etsinlər, yəni qanunvericilikdə anonimlik öz əksini tapsın. Ancaq bunun icrası elə də asan məsələ deyil, çünki internet qlobal şəbəkədir, adam bir ölkədə oturar, başqa ölkədə qeydiyyatdan keçər, üçüncü ölkədə isə status yazar. Güman ki, hökumət hipercinayətkarlıqla bağlı konvensiyanı əsas gətirib Azərbaycanın buna imza atdığını deyəcək və üzv olan ölkələrin bir-birinə yardım edəcəyini bəyan edəcək. İstənilən halda çətin mexanizmdir”.

Osman Gündüz foto sosial şəbəkə
Osman Gündüz foto sosial şəbəkə.

Osman Gündüzün fikrincə, bu, həm də kibercinayətkarlıqla məşğul olan qurumların faydalı iş əmsalını azalda bilər: “O qədər əhəmiyyətsiz işlərə başları qarışacaq ki, dövlət üçün əsl ciddi məsələlər kənarda qalacaq”.
O, məhdudlaşdırmanın demokratik ənənələri zəif olan ölkələr üçün problem yaradacağını bildirib: “Qanun elə məmurun əlinə keçər ki, daha ciddi fəsadlar yaradar, internet azadlığı üçün təhlükələr doğurar. Bəli, Azərbaycanda təhqir və böhtanla bağlı problemlər var, amma problemin həllinə yönəlik təşəbbüsü qəbul etmirəm. Daha çox internet, sosial media peşəkarlığının artırılması, maarifləndirici və çəkindirici məqamları işə salmaq vacibdir”.

O.Gündüz düşünmür ki, təkliflər əsasında internet televiziyalara hansısa təzyiqlər mümkündür:
“Onsuz da qanunvericilikdə bu barədə maddə var, 147.1. Əgər təhqir varsa, həmin maddə məsuliyyətə cəlb olunmağa imkan verir. Amma hökumət bu maddəni işlətmir. Güman ki, dövlət başçısı maddənin işə salınmasını istəmir. Çünki prezident zaman-zaman Azərbaycanda internetin azad olduğunu deyib. Əgər həmin maddə işə salınsa, həmin cümlə daha deyilə bilməyəcək. Bütün hallarda qanunvericilik qəbul olunsa, beynəlxalq qurumlar Azərbaycanda internet azadlığını şübhə altına alacaq, bax, bu, problem də var”.

Media Hüquq İnstitutunun rəhbəri Rəşid Hacılının qənaətincə, son çıxışlar İnternet üzərindən yayımlanan məzmunları cilovlamaq komandası verildiyini göstərir:

“Baş prokurorun qanunvericilik təşəbbüsü hüququ ilə Cinayət Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında qanun layihəsini parlamentə göndərməsi də, bir sıra deputatların onu bəh-bəh deyərək alqışlaması da bunun göstəricisidir. Baş Prokurora ya bu təkliflə çıxış etmək tapşırılıb, ya da təklif Prezident Administrasiyasıyla razılaşdırılandan sonra parlamentə göndərilib. Niyyət guya ki, adi şəxslərin və vəzifəli şəxslərin, eləcə də AR prezidentinin sosial şəbəkələrdə yayılan böhtan və təhqirlərdən qorunması və sosial şəbəkələrdə nifrət və qızışdırıcı çıxışların cəzalandırılması üçün hüquqi baza yaradılmasıdır. Niyyət yaxşıdır, necə deyərlər, oxunan “Quran” olsa. Bu təkliflər yanlışdır, səmərəsizdir, mürtəcedir, zərərlidir, qeyri-peşəkardır, elan olunan xoş məqsədlərə xidmət etmir. Əksinə, Azərbaycan vətəndaşlarının dövlət orqanlarının, məsələn, elə o həmin deputatların, həmin vəzifəli şəxslərin addımlarını, qərarlarını müzakirə etmək, çək-çevir etmək, tənqid etmək imkanlarını daraltmağa xidmət edir. Mürtəcedir, ona görə ki, bütün dünyada böhtan və təhqirə görə cinayət cəzaları müəyyən edən qanunlar ləğv olunur. Məsələn, həm Gürcüstanda, həm də Ermənistanda belə qanunlar silinib qanunvericilikdən. Rusiya da böhtan və təhqirə görə cinayət cəzalarından imtina edib. Azərbaycanda da bu təşəbbüs olub. Hökumət bunu dəfələrlə, ağızdolusu elan edib. AR Prezidentinin qeyri-rəsmi təşəbbüsü ilə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tətbiqinə moratorium qoyulub. Üstəlik, hökumət uzun illərdir Avropa Şurası və ATƏT strukturları ilə danışıqlar aparır bu qanunları ləğv etməklə bağlı”.

Rəşid Hacılı foto sosial şəbəkə
Rəşid Hacılı foto sosial şəbəkə.

O, eyni məsələlərin prezidentin şərəfini və ləyaqətini qorumağı nəzərdə tutan Cinayət Məcəlləsinin 323-cü maddəsinə də aid olduğunu vurğulayıb: “Bu qanun da uzun illərdir tətbiq edilmir. Bir neçə avtoritar ölkələri çıxmaqla bu qanun keçmişdən qalma xatirədir. Azadlıqların boğulduğu mürtəce zamanların xatirəsi. Hər kəsə də bəllidir ki, Avropa İnsan Haqları Məhkəməsi böhtan və təhqirə görə həbs cəzaları verilməsini ifadə azadlığına qeyri-mütənasib müdaxilə sayır. İndi bu qanunları tətbiq etməyəcəyinizi bəyan etmisinizsə, 2013-də onu İnternetlə, indi də saxta profillərlə bəzəməkdə niyyətiniz mürtəcü deyil, bəs nədir? Milli, irqi, dini, sosial nifrət və qızışdırıcılıq salan çağırışlar, müharibə təbliğatı kimi təhlükəli məzmuna görə ağır cinayət cəzaları verilməsi məqbul sayılır. Amma bütün hallarda bu qanunvericilik təklifi qeyri-peşəkardır, qanun yazılışı texnikası baxımından yanlışdır. Niyə? Məsələn, Cinayət Məcəlləsinə yeni 148-1 maddəsini əlavə etmək təklif olunur. Anonim ad altında böhtan və təhqir yaymağa görə cinayət cəzası müəyyən edən. Birincisi, Cinayət Məcəlləsinin həm 147-ci (böhtan), həm də 148-ci (təhqir) maddələri kütləvi yayılan istər yazılı, istərsə də şifahi çıxışları əhatə edir. Buraya həm kütləvi yayılan istənilən yazılı, şifahi, audio, video məzmunlar daxildir. Bu məzmunların müəllifinin anonim olub-olmamasından, hansı ad altında yayılmasından asılı olmayaraq. Yəni dəyişiklik təklif olunan maddələrin mövcud mətnləri zərərli sayılan məzmunların hamısına, o cümlədən anonim mənbədən yayılan məzmunlara tətbiq edilə bilər. Anonim müəlliflər üçün ayrıca maddə müəyyən etmək hansı gerçək qanunvericilik ehtiyacından irəli gəlmir. Dəyişiklik təklifləri bu baxımdan həm də səmərəsiz qanun yaradıcılığıdır. Cinayət qanunlarının mənasız ifadələrlə doldurulması və mürəkkəbləşdirilməsidir. Bu təkliflər həm də ona görə səmərəsizdir ki, hədəflədiyi məqsədlərə çatmaq üçün işə yaramayacaq. Əgər bu məqsəd gerçəkdən anonim mənbələrdən yayılan zərərli məzmunları önləməkdirsə, bu qanun heç nə verməyəcək”.

Rəşid Hacılı deyir ki, anonim profil və anonim hesabların sahibinin müəyyən edilməsi, xüsusilə o hansısa kənar ölkələrdən yayılırsa, çox hallarda mümkünsüzdür: “Sosial şəbəkələrin öz korporativ qaydaları var və zərərli məzmunların çıxarılması siyasəti var. Amma hesablar bütün hallarda konfidensial tutulur və hökumətlərin bu məlumatları tələb edən xahişlərinə çox nadir hallarda və xüsusi səbəblər olanda (terrorçuluq və s kimi ağır cinayətlərə bağlı) baxılır. Digər tərəfdən, belə lazımsız və səmərəsiz qanunvericilik təklifinə görə ölkəni beynəlxalq qurumların tənqid obyektinə çevirmək, insan haqları və ifadə azadlığı sahəsində onsuz da yerdə sürünən imicini daha da pisləşdirmək kimə və nəyə xidmət edir?”

 

 

Bastainfo.com



This post has been seen 2 times.

2 thoughts on “Rəşid Hacılı: ”Bu təkliflər yanlışdır, səmərəsizdir, mürtəcedir”

  • 30.11.2016 at 20:13
    Permalink

    807866 961194hello very good internet site i will definaely come back and see once again. 72267

    Reply
  • 01.12.2016 at 02:48
    Permalink

    778876 958112you got a very excellent website, Sword lily I found it through yahoo. 216842

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: