Qızıl-brilyant ticarətçisi: ‘Eldar Mahmudov üçün də brilyant gətirmişəm’

MTN-nin Energetika və Təhlükəsizlik Baş İdarəsinin keçmiş rəhbəri Akif Çovdarov və tabeliyində işləmiş daha üç nəfərin məhkəməsində qızıl-brilyant ticarətçisi Şahmar Qurbanovun dindirməsi noyabrın 23-də davam etdirilib.

Azadlıq radiosu xəbər verir ki, dindirmə ötən iclasda başlamışdı. İttihama görə, Şahmar Qurbanov A.Çovdarova 500 min dollar nağd pul, 380 min dollarlıq qızıl-brilyant zinət əşyaları verib. Zərərçəkmiş qismində tanınmış Qurbanov istintaqa bu barədə dediklərini məhkəmədə də təsdiqləyib.

A. Çovdarov və tabeliyində işləmiş Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun işinə Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovdan, hakimlər Elbəy Allahverdiyev və Müslüm Əliyevdən ibarət tərkib baxır. Amma mühakimə prosesi Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

Prosesə, öncəki iclaslarda olduğu kimi, bu dəfə də media nümayəndələri buraxılmayıb. Bu səbəbdən, məhkəmə zalında olub-bitənlər haqda vəkillər, zərərçəkənlər bilgi verir.

Vəkillərin dediyinə görə, Akif Çovdarov yenə məhkəməyə həkim nəzarətində gətirilib. Prosesin gedişində onun səhhəti pisləşib, general nəfəs almaqda çətinlik çəkdiyini deyib. Onun durumuna görə məhkəmədə fasilə verilib.

QIZILI QANUNSUZ YOLLA GƏTİRDİYİNİ BOYNUNA ALIB

Bugünkü məhkəmə iclasında Akif Çovdarovun vəkili Şahin Rəfiyev MTN generalının barəsində cinayət işinə xitam verilməsi haqda vəsatət qaldırıb. Digər bir vəsatəti isə Çovdarovun saxlanıldığı təcridxanada vəkilləri ilə görüşünə şərait yaradılmaması ilə bağlı olub.

Hakimlər kollegiyası vəsatətlərin baxılmamış saxlanılmasına qərar verib.

Vəkil AzadlıqRadiosu-na deyib ki, bu gün zərərçəkmiş Şahmar Qurbanov dindirilərkən suallarının əksəriyyətinə “xatırlamıram” və “mənə aidiyyəti yoxdur” cavablarını verib. Ona görə də dindirmə zamanı zərərçəkmişlə Çovdarovun vəkilləri arasında gərginlik yaşanıb.

Zərərçəkmişin vəkillərin suallarına aqressiv reaksiya verdiyini deyən Ş.Rəfiyevin sözlərinə görə, Şahmar Qurbanov ölkəyə qanunsuz yolla qızıl gətirdiyini etiraf edib: “Şahmar Qurbanov Akif Çovdarova 500 min dollar və brilyant verdiyini deyir. Pulun məbləğini və brilyantın miqdarını xatırlasa da, nə zaman və harada verməsini xatırlamadığını söyləyir”.

“BİR AY ƏVVƏL YEDİYİN YADINDAN ÇIXIR”

Zərərçəkmiş Şahmar Qurbanov da fasilədə AzadlıqRadiosu-na açıqlama verib. Deyir ki, prosesdə Akif Çovdarovun vəkilləri ona iş üzrə aidiyyəti olmayan suallar verirdi.

O, Akif Çovdarova nağd şəkildə 500 min dollar verdiyini bir daha təsdiqləyib. MTN əməkdaşları tərəfindən saxlanıldıqdan sonra tanışlarından borc alıb bu məbləği topladığını deyən Şahmar Qurbanov əlavə olaraq, Çovdarov və sabiq nazir Eldar Mahmudov üçün brilyant gətirdiyini də qeyd edib: «Doqquz ədəd 1 karatlıq, bir ədəd isə 3 karatlıq brilyantı Çovdarovun özünə vermişəm. Eldar Mahmudov üçün isə 2 ədəd 4 karatlıq, 1 ədəd isə 5 karatlıq brilyant gətirmişəm. Çovdarov dedi ki, “Eldar Mahmudova çatacaq”».

Zərərçəkmiş pulu və brilyantı harada və nə vaxt verməsini xatırlamamasını isə hadisənin üstündən illər keçməsilə əsaslandırıb: “Adamın bir ay əvvəl yediyi yadından çıxır. Neçə il keçib bu işin üstündən”.

Məhkəmə prosesi davam edir.

XATIRLATMA

A. Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq 19 nəfər həbsdədir. Onlardan yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

A. Çovdarova və onunla birgə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma ) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-yə yaxın yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

 

Bastainfo.com



This post has been seen 1 times.

One thought on “Qızıl-brilyant ticarətçisi: ‘Eldar Mahmudov üçün də brilyant gətirmişəm’

  • 03.12.2016 at 18:05
    Permalink

    What’s up Dear, are you actually visiting this website on a regular basis, if so after that you will definitely obtain good knowledge.|

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: