Gözəl Bayramlı: “Tutaq ki, bir səhv olub…”

AXCP sədrinin müavini Gözəl Bayramlı onun ölümlə təhdid olunmasına dair açıqlamalar verir. “Basta” onun mövqeyini dərc edir. Sonra Gözəl Bayramlının şikayəti əsasında əyalətdən paytaxta çağırılaraq həbs edilən Çingiz Tağızadə adlı bir vətəndaş bu hadisənin necə baş verməsi haqqında yazı göndərir. “Basta” həmin məqaləni də şərhsiz dərc edir. İndi burda “Basta”nın günahı nədən ibarətdir?

Bu sual iki müxtəlif açıqlama arasında yaranan ziddiyətdən sonra bunu ya aydınlaşdırmaq, ya əvvəlki mövqeyində israr etmək əvəzinə, mövzudan tam kənara çıxaraq, “Basta”nı hədəfə alan hörmətli AXCP səddrinin müavini Gözəl Bayramlıya aiddir. Axı biz nə sizin fikirlərinizi qəribçiliyə salan, nə də qarşı tərəfin yazdıqlarını təsdiqləyən hər hansı bir cümlə, yaxud söz yazmamışdıq?!

Günahımız həbsdən yeni çıxmış bir vətəndaşın – Çingiz Tağızadənin yazısına yer verməyimizdimi? Çingiz Tağızadənin feysbuk profilinə baxmaq kifayətdir ki, onun müxalifətə rəğbət bəsləyən şəxs olduğunu anlayasan. O, aylarla müxalifətin, o cümlədən AXCP sədri Əli Kərimlinin, bəzən Milli Şura sədri Cəmil Həsənlinin çıxışlarını, mövqelərini paylaşıb. “Basta”da dərc olunan məqaləsində də özünü, şəcərəsini təqdim edir, onu tanıyan müxalifətçilərin adlarını yazır. Biz də həmin müxalifətçilərdən, vəkildən, jurnalistən soruşuruq və təsdiq alırıq ki, Çingizin iqtidara heç bir aidiyyatı yoxdur. Bəlkə də Çingiz başqa bir səbəbdən tutulmuş olsaydı, bəzi dostlarımız onu “cəbhəçi” kimi qələmə verərdilər.

İkincisi, onun profilində dediklərini təsdiqləyən dəlillər var. O, hələ oktyabrın 28-də status yazıb və burada  Oktayın verdiyi nömrəyə zəng vurub qadına düşməsinin çaşqınlığı ifadə olunur. Sizin telefon nömrəniz həmin şəxsə gizlində yox, feysbukda açıq müzakirədə verilib və bunun “Basta”ya, Müsavata aidiyyatı olan və olmayan şahidləri var. Həmin adamlar ona açıq tövsiyyə də ediblər ki, bu təxribat ola bilər, zəng eləmə. Amma o, saxta profilin “kişiliyin çatır zəng vur” çağırışından doğan öfkəsini boğa bilmədiyini deyir, etdiklərinə heç özü də bəraət qazandırmır.

Amma ölümlə hədələmək söhbəti qəti olmayıb deyir. Hansı axmaq açıq nömrə ilə zəng edib adamı ölümlə təhdid edər? Hansı axmaq hakimiyyətin sifarişi əsasında kimisə ölümlə təhdid etməzdən əvvəl feysbukda bununla bağlı anons verər? Bu hakimiyyətin min bir cinayətini görmüşük. Amma hakimiyyət bu qədərmi səmimi işləyir? Məntiq hanı Gözəl xanım?

Yazmısız ki, “Mənim inboxuma həmin gün yazdığı mesajdan adamın necə “peşiman” olduğunu, necə “üzrxahlıq” etdiyini görün”. Əgər hakimiyyət ona sizi ölümlə hədələmək, bir müsahibədə dediyiniz kimi, bu yolla “cəmiyyəti qorxutmaq” tapşırığı vermişdisə, o, hansı məntiqlə sizdən üzr istəyirdi?

Sizə olan təzyiqləri bilirik, qınayırıq, “Bandotdel”ə çağırılmağınızı, orada sizin hədələnməyinizi pisləyirik. Lütfən, məsələləri qarışdırmayın. “Bandotdel”in nə olduğunu da bilirik. Sizi hədələyiblər, amma mənim evimə oradan 30 nəfər üzü maskalı, əli avtomatlı quldur gəlib zamanında, qapımı dağıltmışdılar, körpə uşaqlarımın yanında evimi alt-üst etmişdilər. Yazdığınız kimi, vəhabilər sizi saxta profildən hədələyirsə, buna görə də narahatıq. Şəxsən mənə qarşı nümayiş etdirdiyiniz tövrdən sonra da, Sizi düşərgə üçün çox önəmli şəxslərdən biri sayıram və dərin hörmətim var.

Amma bütün bunlar o demək deyil ki, feysbukda mübahisə zəminində kiminsə, səhv, lap elə, tərbiyəsiz davranışı “hakimiyyət ölümlə təhdid etdi” kimi qələmə verilə?!

Bir dəfə Natiq Ədilov həyacanla yazmışdı ki, Mirzə Sakit oğurlanıb. O vaxt Mirzə hələ AXCP-nin üzvü idi, amma “Azadlıq”ın senzurasından keçməyən bəzi yazılarını “Demokrat”da dərc etdirirdi deyə, məndə onun telefon nömrəsi vardı. Eləmədim tənbəllik, Natiq Ədilovun SOS siqnalından sonra Mirzəyə zəng vurdum. Telefonu özü açdı. Soruşdum hardasan, zarafatla dedi ki, yerin məlum, dostlarla oturub “ibadət edirik”, vaxtın varsa, sən də gəl…

Bir başqa vaxt isə Natiq Ədilov, bir xanımın (adını çəkməyəcəm) oğurlandığını yazmışdı. Həmin vaxt isə həmin xanım feysbukda onlayn rejimində idi. Xanımdan soruşdum, nə baş verib, cavab verdi ki, hakimiyyət məni oğurlamaq istəyirdi, amma 102-yə zəng vurdum qorxub qaçdılar.

O vaxt demişdim ki, hakimiyyətin repressiya maşını onsuz da iti dişləri ilə hərəkətdədir, bir də əlavə “iztirablar” uydurmağa ehtiyac yoxdur, məncə. Yalançının evi yandı məsəli var bir də…

Bu dəfə olan başqa olaydır, məncə, bu, bir provakasiyadır. Çingiz Tağızadə yazır ki, bu mübahisə Gülnar Rzayeva adlı profilin səhifəsində başlayıb. Yazır ki, Gülnar Rzayeva Natiq Ədilovun 5 gün əvvəlki statusunu paylaşmışdı. Oktay Saqixov adlı profilin adını çəkir. Yazır ki, telefon nömrəsinin sizə məxsus olduğunu bildikdən sonra dostluğunda olan cəbhəçi Bəhruz Həsənli vasitəsilə problemi çözməyə çalışıb. Siz bütün bunlardan xəbərsiz ola bilərdiz, amma elədirsə, məntiqlə bunların araşdırılmasında ən çox marağı olan şəxs siz olmalısız. Siz nədənsə hər vəchlə 12 sutka həbs alan şəxsin adını demək istəmədiniz, 3 dəfə soruşdum, yayındınız. Bu işin bitdiyini dediniz.

Gözəl xanımın bizə ünvanladığı suallarına və hiddət dolu fikirlərinə də cavab verim:

“Tutaq ki, mənim telefonla hədələnməyim bir texniki səhv idi, bəs bunu DİN haradan bilirdi? Niyə edilən müraciətlərə reaksiya vermirdilər?”, – Gözəl Bayramlı yazıb.

Tam haqlsınız. DİN dərhal sizə mühafizə ayırmalı idi, normal ölkədə məhz belə olardı. Amma biz hamımız bilirik ki, anormal ölkədəyik. “Yeni Müsavat”da işlədiyim dövrdə məni gizli nömrədən zəng vurub ölümlə hədələmişdilər. Xüsusi hay-küy salmasam da, polisə müraciət etmişdim. Bir neçə gün sonra DİN-ə çağırıb izahat aldılar. Telefonumdan qeydlər götürdülər, zəngin vaxtını dəqiqləşdirdilər, Azercelə sorğu göndərdilər. Bir ay sonra isə yenə çağırıb cavab verdilər ki, zəng Rusiyadan vurulub, bizim isə Rusiya ilə bu sahədə əməkdaşlıq haqqında müqaviləmiz olmadığı üçün sizi hədələyəni tapa bilmərik. Vəssəlam.

Bununla müqayisədə, Sizin şikayətinizə daha həssas yanaşıblar – bir neçə gün sonra zəng vuran şəxsi Bakıya çağırıb həbs ediblər.

“Tutaq ki, telefon zəngi bir səhvin nəticəsi olub, bəs ondan əvvəl “bandotdeldə” hədələnməyim, bəlkə Müsavat funksionerləri bunun da bir texniki xəta olduğunu sübut etməyə girişsinlər?”, – Gözəl Bayramlı yazıb.

Əvvəla, heç nə sübut etməyə çalışmırdıq, Sizə mən yox, həbs etdirdiyiniz vətəndaş etiraz bildirib. Bizi topa tutmasanız, bu qeydləri də yazmayacaqdım. İkincisi, 6 ay əvəll Milli Məclis rəsmi məktubla Mustafa Hacıbəylinin və “Basta” saytının barəsində “ciddi ölçü götürülməsini” tələb etmişdi. Bu ərəfədə mən, tutalım, hansısa avtobus sürücüsü ilə dava etsəm, onun qəzəbinə gəlsəm, bunu Milli Məclisin məktubu ilə əlaqələndirməli deyiləm axı?!

Sizin işlətdiyiniz “Tutaq ki bir səhv olub” ifadəsi isə yazınızın açar nöqtəsidir məncə, səhv ehtimalının olduğunu özünüzün də qəbul etdiyinizdən xəbər verir.

“Utanmayın, onu da yaza bilərsiz ki, adamların əli dolaşıb, səhvən mənim şəklimi yükləyiblər profillərinə, sonra da barmaqları dolaşıb, mənim başımın kəsiləcəyini təsadüfən yazıblar… Yazın, çətin olmaz, çətini “ayının əmisioğlu” olmağı qəbul edincəndir, onu ki, qəbul etdin, sonra heç nə çətin olmaz. Çox təəssüflər…” – Gözəl Bayramlı yazıb.

Nə cavab verəsən? Açığı bu qədər hiddətlənmək üçün bir əsas olmamışdı…

“Telefonundan mənə zəng gələn adam İstintaqa ifadəsində mübahisənin hakimiyyəti müdafiə etdiyi zaman, basta.infoya məktubunda isə müxalifəti müdafiə etdiyi üçün baş verdiyini yazıb”, – Gözəl Bayramlı yazıb.

Adətən belə olur da, Gözəl xanım, hətta Nardaran məhbuslarının bir qismi də ilkin ifadələrini qorxu və təzyiq altında hakimiyyətin istədiyi tərzdə veriblər, sonradan ifadələrini dəyişiblər. Bu, əksinə, Çingiz Tağızadənin hakimiyyətin adamı olduğunu inkar edən dəlildi.
“Deyir həmin yazılar indi profilimdə durur, buyursun basta.info həmin yazıları təqdim etsin. basta.info-ya bir zəhmət, əliniz uzundur, Azercelldən zəngin mətnini, yaxud səs yazısını alın” – Gözəl Bayramlı yazıb.

Çingiz Tağızadənin profilini ilk dəfə dünən görmüşəm, yazılar həqiqətən durur. Azərseldən zəngin mətnini isə nömrənin sahibi olaraq ancaq siz əldə edə bilərsiz, təbii ki, marağınız olsa.

“Mənim nömrəmin yayıldığı iddia edilən profillər, eyni zamanda məni ölümlə hədələyən status, eyni zamanda inboxuma mesaj yazan adamın profili bu işlə bağlı istintaq başlayan kimi qapadılıb?” – Gözəl Bayramlı yazıb.

Çingiz Tağızadənin profili bağlanmayıb hər halda, heç zəng vuranda nömrəsini də gizlətməyib. Qapadılan profilin sahibi isə Çingiz Tağızadə ilə əks mövqedə olaraq, Natiq Ədilovun mövqeyini müdafiə edirmiş. Həmin profilin sahibi iş ciddiləşəndə, istintaq başlayanda narahat olub görünür, izləri itirməyə çalışıb. Onun kimliyi ilə bağlı mənim təxminlərim var, amma yazmayacam. Nə isə…

Sonda bir xahişim var Gözəl xanım. Dünənki yazınızın əvvəlində ümumiləşdirərək Müsavat Partiyası haqqında bir cümlə yazmısız. Siyasətçi gərək toplum haqqında, inanc haqqında belə ümumiləşdirilmiş ittihamlar yazmasın. Məni də, partiya rəhbərliyini də, üzvlərini də tənqid, ittiham edə bilərsiz, amma Müsavat haqqında belə danışmayın. Müsavat bir dəyərdir. Hər nə olur olsun, dəyərləri tapdalamaq olmaz. 

 

Mustafa Hacıbəyli

Bastainfo.com



This post has been seen 17 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: