Hökumət 36-50 faiz bahalaşmanı necə gizlədir?

Dövlət Statistika Komitəsi rəqəmlərlə manipulyasiya edib «sabitlik» görüntüsü yaratmağa çalışır

Ölkəni bahalaşma dalğası bürüyüb. Bizimyol.info yazır ki, marketlərdə, mağazalarda, bazarlarda bütün ərzaq məhsullarının qiyməti günbəgün dolların məzənnəsinə uyğun artır. Həm də bahalaşmanı yaradanda yerli və ya idxal məhsulu olub-olmadığına fikir vermirlər. Süni bahalaşmaya səbəb olanları cəzalandıracaqlarını deyənlərin isə artıq səsi də çıxmır. 

Dollar 1 qəpik qalxanda sahibkar malı 2 qəpik baha satır

Əslində bahalaşmanın idxal qiymətləri ilə bir əlaqəsi yoxdur, bazarda dollar 1 qəpik bahalaşırsa, sahibkar vitrindəki məhsulun qiymətini 2 qəpik baha qoyur. Hər gün marketə gəldiyinizdə bir əvvəlki gündən fərqli qiymətlərlə qarşıalşırsız. Artıq qiymət müqayisəsi üçün köhnə çekləri saxlamağa da ehtiyac qalmır qiymətlər qaçır, biz də onunla ayaqlaşmağa çalışırıq. Qalxan qiymətlərin isə bird daha geri dönüşü olmur, hətta dollar ucuzlaşsa belə əvvəlki qiymətlər qüvvəsində qalır. Marketinqlə məşğul olanlar da bunu etiraf edirlər.

Yepyeni qiymətlərə hazır olaq

Market və mağazalar qiymət artımını topdansatış yerlərində məhsulların qiymətinin bahalaşması ilə izah edirlər. Bildirirlər ki, dolların bir müddətdir manata qarşı bahalaşması ərzaq məhsullarının qiymətinə də təsir göstərir. Amerika valyutasının ilin sonuna kimi bahalaşacağı proqnozları deməyə əsas verir ki, ərzaq məhsullarının qiymətində artım ilin sonunadək davam edəcək. Çox güman ki, gələn ilin əvvəlindən yepyeni qiymətlər bizi gözləyir. 

Yağlar 50 faizə qədər bahalaşıb

Marketlərdə əsasən ət və ət məhsulları, xüsusilə kolbasalar, sosislər, yağların qiymətində əhəmiyyətli artım var. Kolbasa məhsulları çeşidlərindən asılı olaraq 0,60-1 manat arasında bahalaşıb. Mal ətində də qiymət artımı var. Sümüksüz mal ətinin 1 kq-ı hazırda 10 manatdır. Anchor kərə yağı 9,90 manat idi, hazırda 10.90 manatdır. Sentyabr ayında həmkarlarımız bu yağın 1 ay içərisində 8 manatdan 10 manata qalxdığını yazıblar. Belə çıxır ki, üç ayda bu məhsula 2.90 manat əlavə olunub. Bu isə qısa zamanda 36 faizlik bir bahalaşma deməkdir.

Картинки по запросу ət məhsulları

200 qramlıq qablaşdırmalarda olan Anchor yağları da 2,85 manatdan 3,10 manata yüksəlib. Yeni Zelandiya Yağı 10 manatdan 10,60 manata qalxıb. 2 ay əvvəl bu yağın qiyməti 7 manatdan 8,40 manata yüksəlib. Burada da artım 3.60 manatdır. Burada da artım 51 faizdir. Westgold yağı 9,90 manatdan 10,90 manata qədər bahalaşıb. Yenə həmkarlarımızın yazdığına görə sentyabrda bu yağ da 8 manatdan 9.80 manata qalxıb. Aradakı fərq 2.90 manat və ya 36 faizdir. Fransa yağı da 1 manat bahalaşaraq 14,20 manatdan 15,20 manat olub. Yumurta 0,15-0,18 manat arasındadır. Sümüksüz mal əti 9 manatdan 10 manata, qalxıb. Göründüyü kimi, 2-3 ayda əsas ərzaq məhsullarında qiymət artımı 36-50 faiz arasındadır. Qiymətlərin nə qədər sürətlə artdığını əvvəlki aylara nəzər salmaqla görmək çətin deyil. 

İkirəqəmli inflyasiya aylıq “rekordla” hər dəfə “təzələnir”  

Amma nəyə görəsə hökumətin verdiyi rəqəmlərlə real qiymətlər üst-üstə düşmür. Rəsmi statistikaya görə, 2016-cı ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri keçən ilin eyni dövrünə nisbətən 11,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 12,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,9 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,2 faiz bahalaşıb. Yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri keçən ilin eyni dövrünə nisbətən 11,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 13,4 faiz, qeyri-ərzaq məhsullarınınkı 16,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 5,4 faiz bahalaşıb. Göründüyü kimi, inflyasiya ikirəqəmlidir. Halbuki, keçən ilə qədər hökumətdə inflyasiyanı birrəqəmliyə endirmək və ya birrəqəmlidə saxlamaq uğrunda mübarizə gedirdi. Hər halda bu cür bəyanatlar verirdilər. Həm də nəzərə alaq ki, ikirəqəmli inflyasiya təkcə il ərzində deyil, hər ay yeni “rekordla” təzələnir.  

Hər şey bahalaşıb

Ay ərzində düyü, un, makaron məmulatları, qarabaşaq, yulaf və arpa yarması, mal, qoyun və toyuq əti, balıq məhsulları, kolbasa məmulatları, süd məhsulları, yumurta, kərə və bitki yağları, şəkər və şəkər tozu, şokolad və konfetlər, qəhvə, çay və kakao, armud, üzüm, göyərti, pomidor, xiyar, kartof, kök, çuğundur, sarımsağın qiymətlərində bahalaşma, alma, limon, naringi, heyva, nar, xurma, soğan, kələm, balqabağın qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Oktyabr ayında sentyabr ayı ilə müqayisədə qeyri-ərzaq məhsullarından parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, xalça və digər döşəmə örtükləri, ev üçün toxuculuq məmulatları, zərgərlik məmulatları, şüşə məmulatları, yemək qabları və əşyaları, məişət cihazları, telefon və fotoaparatlar, dəftərxana ləvazimatları, minik avtomobilləri üçün ehtiyat hissələrinin qiymətlərində də bahalaşma müşahidə olunub. 

İki ayda ərzaq məhsullarında qiymət artımı rəsmi 6,3 faizdir

Son iki ayın göstəricilərini müqayisə etsək görərik ki, aradakı fərq əvvəlki aylara nisbətən də dayanmadan böyüyüb. Belə ki, bu ilin sentyabr ayında avqust ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 2,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 4 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 1,6 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,6 faiz bahalaşıb. Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 1,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,3 faiz, qeyri-ərzaq məhsullarınınkı 1,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,2 faiz artıb. İki ayda ərzaq məhsullarında qiymət artımı 6,3 faizdir. Iyul ayının sonlarından başlayan dollar bahalaşmasından bəri qiymətlər daha intensiv yüksəlib. İl boyu bahalaşma ilə dəfələrlə üzləşdiyimizi nəzərə alsaq, inflyasiya rəsmi heç olmasa 50 faizdən yuxarı olmalıydı. Çünki, dollar 100 faizdən artıq bahalaşdığına və sahibkarlar da qiyməti dollara uyğun artırdıqlarını etiraf etdiklərinə görə ölkədə qiymət artımı 100 faizdən çoxdur. Bununla belə Statistika Komitəsi əhaliyə yalan məlumat verir. Əksər ərzaq məhsullarının qiyməti iki dəfədən çox bahalanıb. Amma Komitə, tutaq ki, tonlarla yararsız, hətta 4 kilosu 1 manata qədər ucuzlaşan almanı da ərzaq məhsulu adı ilə ilə ümumi statistikaya qatıb, qiymət artımını 15-16 faizə qədər endirməyi bacarır. 

8 min manatlıq mala 4 min manat “hədiyyə kampaniyası” 

Başqa bir misal çəkək. Bu gün bir sıra şirkətlər məişət əşyalarını ikiqat bahalandırıb. Milli valyutanın devalvasiyasından əvvəl 1000 manat civarında olan soyuducular, indi 2-3 min manatdır. Qaz sobaları 5-6 yüz manatdan 1200-1700 manata qalxıb. Paltaryuyanlar, televizorlar, digər məişət əşyaları da onun kimi. Amma Komitə qeyri-ərzaq məhsullarında 16,3 faizlik bir artım “yaradıb”. Rəqəmi haradan çıxartdıqları bəlli deyil. Əlbəttə, siz gedib keyfiyyət baxımından rəqabətə davamlı olmayan 5-6 yüz manatlıq məişət əşyalarının qiymətini götürüb 16 faizlik artım olduğunu deyə bilərsiz. Biz hələ mağazaların “endirim”, “bonus” hiyləsindən yazmırıq. Soyuducunun qiymətini 8 min manata qoyub üzərində 4 min manatlıq “hədiyyə” sırıyan və yüksək “endirim” vəd edən mağazalarda istehlakçılar aldadılır. Dünyaca məşhur brendlərin qiymətlərində iki dəfədən də artıq dəyişiklik heç bir statistikada əksini tapmır. Çünki, ölkədə keyfiyyətsiz mal bolluğudur, nisbətən keyfiyyətli məhsullar da nə qədər bahalanır-bahalansın, onların içində o qədər də nəzərə çarpmır. Ya da nəzərə çarpır, sadəcə dövlət qurumlarında “hörmət” qarşılığında bunu cidd-cəhdlə gizlədirlər.         

Bizimyol.info

One thought on “Hökumət 36-50 faiz bahalaşmanı necə gizlədir?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: