Britaniya mətbuatı: “Nikahdankənar Castro-nun nikahdankənar uşaqları”

“The Telegraph” yazır ki, rejimi minlərlə ailəni vətən və qürbət arasında parçalayan Fideil Castro-nun öz ailəsi də parçalanmışdı.

Diktatorun qardaşı Raul onun yaxın adamı və xələfi olsa da, ABŞ-da, Floridada sürgündə yaşayan bacısı onu “div” adlandırıb və deyib ki, son qırx ildə qardaşı ilə heç telefonla da danışmayıb.

Fidelin yeganə qanuni oğlu Fidelito Kubada nüvə alimi idi. Evli kübar məşuqəsindən olan qızı Alina Fernandez isə atasını Miamidəki müxalifət radiosundan rüsvay etməklə məşğul idi.

Genişlənən Castro klanı Fidelin erkən arvadbazlıqları nəticəsində genişlənir və elə buna görə də daxili ixtilaf və çəkişmələrin əlində qalırdı. Bu klanda bir-biri ilə kəlmə kəsməyən qardaş-bacıları, uşaqlıqdan “bicbala” adı ilə lağa qoyulanları görmək olar.

Castro-nun uzun xəstəliyi bu cidd-cəhdlə pərdələnən ailə gizlinlərini faş etmişdi. Son günlərində onu ən gənc oğlanları və onların anası Dalia Soto del Valle əhatələmişdi.

Mavi gözlü sarışın Soto del Valle keçmiş məktəb müəlliməsidir və Castro onunla 1960-cı illərdə savadsızlığın ləğvi kampaniyası zamanı tanış olmuşdu. Bu, Fidelin həyatında ən uzun çəkən münasibət idi. Bu qadını ictimaiyyət qarşısında çox nadir hallarda görmək olardı. Onu “maksimum liderin” yanında isə kimsə görməmişdi.

Fidel və mavigözlü müəllimə 40 il ərzində dünyaya beş uşaq gətirmişdilər və partizan ləqəbini Böyük İskəndərin adından götürmüş Fidel-Alejandro bu uşaqlara Aleksis, Alexandro, Angelito, Aleksander və Antonio adlarını vermişdi.

Onlardan heç biri siyasətlə məşğul olmamışdı. Aralarında ən yaxşı tanınanı Antonio və ya Toni, cərrah ortoped idi və adanın milli basketbol komandasının rəsmi həkimi sayılırdı.

Sonralar o hətta Kuba Milli Beysbol Federasiyasının və İsveçrədə mənzillənən Beynəlxalq Beysbol Federasiyasının prezidenti seçilmişdi.

Onilliklər ərzində bu nikahdankənar uşaqların və onlaın analarının kimliyi dövlət sirri statusunda idi və onları yalnız elitanın dar çevrəsi tanıyırdı.

Castro öz ailə həyatı barədə o qədər qapalı idi ki, onun Soto del Valle ilə münasibətləri, nikahsız evliliklərin rəsmi izdivaclar qədər geniş yayıldığı bir ölkədə sirr olaraq qalmışdı. Bəzi xəbərlərə görə onlar 1980-ci ildə özəl və qapalı bir kilsə mərasimi ilə rəsmən evlənmişdilər.

Adadakı jurnalistlər ara-sıra “la mujer del comandante” – “komandantenin qadını” haqqında pıç-pıçları eşidirdilər, lakin onun üzünü 2000-ci ildək görməmişdilər. Həmin vaxt komandantenin xanımı Cənubi Floridaya doldurulmuş təkər kameri ilə üzərkən batmaqdan amerikalılar tərəfindən xilas edilmiş kubalı oğlan Elian Gonzales-in qaytarılması üçün etiraz mitinqinə çıxanlara qoşulmuşdu. Soto del Valle bir il sonra Kubanin siqar festivalı zamanı Tropicana gecə barında görünmüşdü.

Fidel Castro

Lakin onu 2010-cu ilədək Castro-nun yanında görən olmamışdı. O vaxt xəstəliyi ilə əlaqədar dörd il qeybə çəkiləndən sonra Castro bir neçə alovlu çıxışlar etmişdi.

“The Telegraph” yazır ki, Castro birinci oğlunun onunla qalması üçün arvadı ilə məhkəmə çəkişməsinə girəndə hələ 1959-cu ildə Fulgencio Batistanı devirməmişdi.

Bu ailə çəkişmələri illərlə azalmaqdansa, daha da böyüyəcək və şaxələnəcəkdi.

Fidelin birinci arvadı – Mirta Diaz-Balart ondan 1950-ci illərin ortalarında boşanmış və 1949-cu il təvəllüdlü Fidelitonu özü ilə ABŞ-a aparmışdı.

O Castronun 9 övladından ən böyüyü idi. Castro 5 yaşlı Fidelitonun Mirtanın ailəsindən kənarda qalmasını istəyirdi. Çünki Castronun keçmiş qayını Rafael Diaz-Balart Kubanın inqilabaqədərki hökumətində yüksək vəzifə tutmuşdu.

Sonralar Castronun baldızının iki övladı Mario və Lincoln Diaz-Balartlar Floridadan konqresmen seçiləcəkdilər.

Castro 1956-cı ildə atabir bacısı Lidiaya yazırdı ki, oğlunun “bir gecə də olsun o mənfur evdə yaşamasını və onun günahsız yanaqlarına rəzil İudaların öpüşlərinin toxunmasını təsəvvürünə belə gətirmək istəmir”.

Castro Meksikada partizan müharibəsinə hazırlaşdığı vaxtlarda Mirtanı Fidelitonu iki həftəlik onun yanına göndərmək üçün dilə tuta bilmişdi və sonra uşağı qaytarmamışdı. Sonralar Castronun bacıları uşağı Mexikodakı parklardan birinə gəzməyə aparanda yanlarında qəfil maşın dayanmış və üç silahlı adam uşağı qaparaq anasına qaytarmışdlar.

“The Telegraph” yazır ki, Castro-nun öz uşaqlığı da rəvan keçməmişdi.

Onun atası Angel Castro İspaniyadakı Qalisiya rayonundan Kubaya gəlib ferma quranda və burada gələcək inqilab liderinin anası, evindəki qulluqçu Lina Ruzla evlənəndə hələ vətəndə qoyub gəldiyi arvadından boşanmamışdı.

Angel Lina ilə o artıq Fideldən sonra üçüncü uşağı doğanda rəsmən kilsədə evlənmişdilər.

Fidelin böyük qardaşı Ramon camaat arasında az-az görünərdi. Bacıları Angela və Emma da Kubada idilər. Ən kiçik bacı Agustina uzun illər Meksikada yaşamışdı.

Öz övladları arasında isə Castro yalnız mələküzlü sarışın Fidelitonun atası olduğu rəsmən elan etmişdi. Sifətdən atasına heyrətamiz şəkildə oxşayan Fidelito Kuba Atom Energetikası Komissiyasında yüksək dövlət vəzifəsində idi.

Atası onu 1990-cı illərdə açıqlanmayan səbəblərə görə vəzifəsindən kənarlaşdırmışdı.

Kiyev Krımın “qulağının dibində” raket atacaq

Krım Moskva Ukraynanın Krım yarımadasının yaxınlığında raket sınaqları keçirmək planlarına qəti etiraz edir

“The İndependent” yazır ki, Moskva Ukraynanın ilhaq olunmuş Krım yarımadasının yaxınlığında raket sınaqları keçirmək planlarına qəti etirazını bildirib.

Rusiyanın bu barədə rəsmi notası Ukraynanın Moskvadakı hərbi attaşesinə təqdim edilib.

Raket sınaqlarının dekabrın əvvəllərində keçirilməsi planlaşdırılır.

Moskva Krımı 2014-cü ildə rusiyayönlü Ukrayna prezidenti devrildikdən sonra anneksiya edib. Krım hazırda mübahisəli ərazi olaraq qalır.

Rusiyanın aviasiya idarəsi Rosaviatsiya bildirib ki, Ukrayna tərəfi “Rusiyanın hava məkanında” – Simferopol yaxınlığında, dekabrın 1-də və 2-də raket sınaqları keçirəcəyi barədə Moskvanı rəsmən xəbərdar edib.

Dövlət mediası bildirib ki, sınaq məkanı “Rusiyanın hava ərazisinə uzanır və mülki aviasiyanın uçuşları üçün təhlükə yarada bilər”.

Lakin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksandr Turçinov Moskvanın guya Kiyevin beynəlxalq razılaşmaları pozduğuna dair iddialarını rədd edib.

“Ukrayna raket sınaqlarını bütün beynəlxalq öhdəliklərinin və müqavilələrinin çərçivəsində keçirir – Turçinov şuranın internet saytında yazıb, – Elə buna görə də biz Rusiyadan rica etmişik ki, bu sınaqlara özünün qaraqışqırığı və təxribatları ilə mane olmasın”.

Turçinov həmçinin bildirib ki, Ukrayna müstəqil dövlət kimi özünün bütün hava məkanında, o cümlədən Krım üzərində hərbi sınaqlar keçirə bilər.

Lakin o əlavə edib ki, Ukrayna sınaq məkanının Kerç boğazını aşmasını planlaşdırmır. Məhz bu boğaz Rusiyanı Krımdan ayrır.

“The İndependent” yazır ki, Ukraynanın planlaşdırdığı raket sınaqları Moskvanın Krımda öz hərbi mövcudiyyətini gücləndirdiyi vaxta təsadüf edir.

Məqalədə deyilir ki, iki ölkə arasında yeni gərginlik Moskva Kiyevi onun iki hərbçisini Krımdan oğurlamaqda ittiham etdikdən sonra başlanıb.

Rusiya Müdafiə Nazirliyi onların “qanunsuz saxlandıqlarını” bildirib, Kiyev isə bəyan edib ki, burada söhbət Krımın ilhaqından sonra Ukrayna ordusundən Rusiya ordusuna fərarilik etmiş şəxslərdən gedir.

Rusiya bu hadisəni Ukraynanın “daha bir böyük təxribatı” adlandırıb və hərbçilərin dərhal qaytarılmasına çağırıb.

Noyabrın əvvəllərində BMT Rusiyanın Krımı ilhaq etməsini bir daha pisləyib.

 

Bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: