Lənkəranda qalmaqal – icra başçısı öz müavinini niyə qurban verdi?

Bir neçə gün öncə Lənkəranda qalmaqallı hadisə baş verib. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşov “müxalifətçiləri yumurtaya basmaq üzrə mütəxxəsis” olan müavinini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimovu işdən qovub.

Həmişə qalmaqallarda adı hallanan İlkin Rəhimovun işdən qovulması isə Lənkəranda böyük rezonansa səbəb olub. Amma nə Rəhimov, nə də İcra Hakimiyyəti hadisənin səbəbləri barədə açıqlama verib. Əksinə, İcra Hakimiyyəti hadisənin əsl səbəbini gizlətməyə çalışır.

İlkin Rəhimova gəlincə isə mənbə bildirir ki, ona danışmaması barədə xəbərdarlıq edilib. Taleh Qaraşov hətta müavininə danışacağı təqdirdə həbs ediləcəyini də deyib.

Bəs hadisənin əsl təfərrüatı necə olub?

Bu barədə mənbə mətbuata ilginc məlumat verib.

Onun sözlərinə görə, “Ölkəmizi tanıyaq” qrant layihəsinin altıncı mərhələsi çərçivəsində Bakı şəhərinin Nəsimi, Yasamal və Binəqədi məktəbliləri və onların müəllimləri noyabrın 12-də axşam saatlarında Lənkərana gediblər.

Məlumata görə, aksiya iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Məktəblilər qarşısında çıxış edən şəhər İcra hakimiyyəti başçısının müavini Rasilə Əliyeva “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb.

Məktəblilər Lənkəran, Masallı və Astara rayonlarının tarix və mədəniyyət abidələri, muzeyləri, turizm infrastrukturu və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olublar və şəhərin müxtəlif yerlərində ağacəkmə aksiyasında iştirak ediblər.

Mənbə bildirir ki, əsl “mərəkə” də bundan sonra başlayıb. Belə ki, tur-aksiyasında iştirak edən məktəblilər axşam otellərdə yerləşdirilib. Amma icra başçısı Taleh Qaraşov otellərdən hər müştəriyə görə 10 manat pul tələb edib, o cümlədən “Palmalı” şirkətinə məxsus otelindən də.

Bundan sonra məsələ “Palmalı” Şirkətlər Qrupunun rəsmisi Tuyqun Nadirov vasitəsilə Prezident Adminstrasiyasna çatdırılıb.

Təzyiq və vəzifəsini itirmək qorxusu ilə üzləşən Qaraşov da müavinini – İlkin Rəhimovu qurban verib.

Qaraşov, “Mənim xəbərim yoxdur”, – deyə məsələni Rəhimovun üstünə atıb və onu işdən qovub.

Mənbə isə bildirir ki, əslində İlkin Rəhimova bu tapşırığı məhz Taleh Qaraşov verib.

Qeyd edək ki, İlkin Rəhimov müavin işlədiyi dövrlərdə bütün icra başçıların tapşırığını dinməzcə yerinə yetirib və rayondakı bütün eybəcərliklərdə adı hallanıb.

Mövzu ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, heç bir açıqlama verilmədi.

ANAXEBER.az



This post has been seen 21 times.

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: