“Fidel” necə Heydərin cangüdəni oldu?

Elmir Mirzəyev

Komandante Fidel getdi, getməyilə də aləmi qatdı bir-birinə

Komandante haqda təzə seçilmiş ABŞ prezidenti Trump dedi ki, “a brutal dictator” (demə, brutal diktaroruymuş canıyanmış), Kanadanın baş naziri Justin Trudeau əksinə, adamı “remarkable leader”(koroçi, əjdaha lider) adlandırdı, söhbətin möhürünü də imperator əlahəzrətləri Putin “dövrün rəmzi”ibarəsi ilə vurdu.

Solçularımız ağladı, dərdə-qəmə düşdü, sağçılarımız sevindi, camaata da mövzu oldu ki, bir də desin: “yaxşı kişi idi, Brejnevin dövründə kef eləmişdux”.

Hazırda Kubada necə bir rejimin olduğu başqa mövzudur, zatən indiyə kimi ərzağın kartoçka sistemi ilə alındığı ölkə haqda nə demək olar ki? Xatirimdədir, hardasa 2004-də TV-də orada ilk kompüter dükanının açılışını göstərmişdilər, camaat gözünü bərəldib vitrinlərə mat-mat baxırdı. 2013-də İsveçrədə bəstəkar kimi bir yaradıcılıq evində çalışarkən oradakı kubalı rəssamla tanışdıq, adam bizə danışırdı ki, e-maili açmaq üçün orada nazirliyə gedib ərizə yazmalısan ki, hansı məqsədlərlə o sənə lazımdır.

Oradakı konslager şəbəkəsi, repressiya maşını, dahi liderin 60 il ərzində necə bir ustalıqla yaratdığı hərbi-polis rejimi haqda lütfən internetdən oxuyun, çox maraqlı olar bilməyənlər üçün.

İndi isə dahi lider haqda Azərbaycanda baş vermiş, özünün də heç zaman xəbəri olmayan bir əhvalatı nəql etmək istəyirəm, çünki bunu yazmaq üçün belə fürsət bir daha olmayacaq.

Deməli, əhvalat vaqe olur 25 il öncə, 1991-ci ilin baharında. O dövr Azərbaycanda çoxu üçün böyük ümidlər zamanı idi, bircə məndən başqa. Gənc olmağıma rəğmən baş verənlərdən yaxşı nəsə gözləmirdim. Azərbaycanda Mütəllibov hakimiyyəti özünü gücləndirmişdi, apreldə OMON tərəfindən yerinə yetirildiyi deyilən məlum „Çaykənd əməliyyatı” da baş tutmuşdu, camaat xeyli ürəklənmişdi ki, Qarabağ məsələsi bəlkə tezliklə həll edilə. Amma bu işdə OMON-dan başqa, bizə başda o illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinini ikinci katibi Viktor Polyaniçko olmaqla, mərkəzin qüvvələri də yardım edirdi.

Çox maraqlıdır ki, o zaman Moskvada qəribə bir balans vardı, ermənilər islahatçı-demokratların yanında özlərinə yer almışdı. Yeltsin və onun komandası başdan-ayağa onların adamları ilə dolu idi, qısası adamlar zamanın istiqamətini duymuş, gələcəyi hədəfləmişdilər.

Mütəllibov da bu arada keçmişdi başında o zamankı SSRİ müdafiə naziri, 20 yanvar faciəsinin baş memarlarından biri olan, bədheybət Dmirtri Yazovun durduğu mühafizəkar hərbi-sənaye blokunun tərəfinə. O dəstə sonradan uğursuz ГКЧП putçunu həyata keçirməyə cəhd edən keçmişin bütün zırıltı sovetozavrları ilə dolu idi – SSRİ vitse-prezidenti Yanayev, politbüro üzvü Yeqor Liqaçov, daxili işlər naziri Boris Puqo, KGB naziri Kryuçkov və başqaları. O zamankı SSRİ Baş naziri Pavlov və Rusiya kommunistlərinin yeni karikatur başçısı İvan Polozkov da altdan-altdan onlara dəstək verirdi.

Mütəllibov onlara SSRİ-nin bütövlüyü məsələsində Azərbaycanın loyallığını söz verib, Qarabağ məsələsində dəstək almaqda ümidli idi. SSRİ-də ittifaqın saxlanılması məsələsi ilə bağlı Azərbaycanda 17 mart 1991-ci il referendumu da məhz bu səbəbdən keçirildi. Faizləri xatirimdə deyil, amma inanın ki, çox-çox yüksək idi.

Doğrudan da, bu siyasət öz nəticəsini gözlətmədi – „Çaykənd əməliyyatı” baş tutdu və ardınca da bir çox işlə davam etdi. O zamanlar Azərbaycanın Müdafiə Nazirliyi olmadığı üçün bu əməliyyatlara yarım idən sonra helikopter qəzasında həlak olmuş daxili işlər naziri Məhəmməd Əsədov və baş prokuror İsmət Qayıbov rəhbərlik edirdilər.

Lakin bu işlərdə bircə əmma vardı. Bu siyasət taktiki xarakter daşıyırdı, əsla strategiya deyildi. Konservatorlar SSRİ-də ölümə məhkum idilər, gələcək onlara məxsus deyildi. O zamanın atmosferindən bunu əminliklə demək olar. Cəmiyyətdə tələbat və zərurət onlara deyil, islahatçılara idi. Odur ki, bizim bu istiqamətdəki bütün müvəffəqiyyətlər muvəqqəti idi.

O zaman erməni təbliğatı da məhz buna köklənmişdi. İşi çox ağıllı aparırdılar. Yerli (yəni Ermənistanın) və mərkəzi mətbuatda Mütəllibov qaniçən kommunist diktator adlandırılırdı, deyirdilər ki, o, həm Qarabağ ermənilərini əzir, həm də yerli müxalifləri. O, həm də Qorbaçov başda olmaqla SSRİ-də bütün islahatçı və tərəqqipərvər qüvvələrə qarşıdır və s. Bu təbliğatın sayəsində Mütəllibov sovetlərdə keçmişə yönəlik əsas konservativ liderlərdən hesab olunurdu.

O günlərdə Bakıda tanınmış simaların bənzərlərinin müsabiqəsi keçirilirdi, müxtəlif insanların bənzərləri vardı orada – Lenin, Hitler, Səddam, daha kimlər, xatirimdə deyil, bircə Fidel Kastronun bənzəri xatirimdə qalıb. Bu insan Naxçıvandan gəlmişdi, orada da adına Fidel deyib çağırırmışlar. Adam onun tam bir surətinə çevrilmiş, yalnız hərbi paltarda gəzirmiş, saqqalını isə lap komandante kimi uzatmışdı. AzTV-dəki verilişdə “mən sosializm-zad haqqında heç nə deyə bilməyəcəyəm, amma o adam öz xalqını sevir, bunu ondan öyrənmək lazımdır” – demişdi.

Bu əhvalatı sonralar eşitdim, demək “Bizim Fidel” Naxçıvanda olarkən daha hərbi paltarını çıxarmayıb, eləcə gedib bizim səngərlərə, vuruşanlara dəstək olmağa. Erməni tərəfdən də kimsə binoklla bizim mövqeləri izlərkən bunu görüb mat qalıb.

Söhbətə bir bax – Azərbaycanlılara davada Fidel Kastronun özü yardım edir!

O zaman məsələ gedib erməni mətbuatına çıxmışdı, orada yazmışdılar ki, gör Mütəllibov necə bir əcaib-qəraib diktatordu, Azərbaycan da kommunizmin son dayaqlarından biridir ki, Fidel Kastro da gəlib bunların səngərlərinə. Ermənistan isə demokratiya uğrunda mübarizə aparır, bu, bəşəriyyət uğrunda aparılan mücadilədir.

Qonşularımızda da şükür, məsələləri necə böyütmək bacarığı bəlli. Qısası, çox-çox məzəli söhbət alınmışdı. Fidel məllimin Mütəllibov yoldaşa dəstək verməsindən heç xəbəri yox.

O zamanlar Moskvanın dəstəyindən məhrum olduğundan həqiqi Fidel avara qalmışdı. “Socialismo o muerte!” (Sosializm və ya ölüm!) şüarının müəllifi Azadlıq Adası üçün yeni sponsorlar axtarışı üçün nəzərlərini Çinə yönəltmişdi. Tiananmen meydanında yığılmış insanları iki il əvvəl rahatca güllələmiş çinli yoldaşlar o zaman bunu anlayışla qarşıladılar, əziz komandante parasız qalmadı.

Elə o arada Mütəllibov yoldaş yıxılandan sonra bizim Fidel də avara qalır, görür işlər fırıqdır, düşünür versin özünü Heydər yoldaşın yanına, amma bunu necə etmək olar? Deyilənlərə görə, “bizim komandante” ağıllı plan qurur – bir dəstə yığır, dəstədən bir adamı öyrədir ki, Heydərin çıxışı zamanı ona qumbara atsın. Həmin adam da çıxışda qumbaranı çıxaranda özünü atır onun üstünə – beləcə Heydəri “xilas edir” və bir müddət onun cangüdəninə çevrilir.

Tibetdə monaxların ruhdan yaratdığı oxşar substansiyalar Tulpa adlanırmış. Tulpa həmin monaxların illüziyası (və ya əksinə) sayılırmış.

Kubada keçən son 60 ili də illüziya saymaq olar, vəziyyət sanki diktator Batistaya qarşı heç bir inqilab olmayıbmış kimi görünür. Fidelin tulpasının – “bizim Fidelin”, cangüdəni olduğu Heydərin Azərbaycanda hakimiyyəti ələ almasından sonra keçən 23 ili rahatca bizim illüziyamız saymaq olar. Çünki bu illərdə gözlərimiz önündə baş verənlər ən güclü fantastların təxəyyülündən çox-çox ötedir.

Mənbə Meydan TV

 

Bastainfo.com



This post has been seen 169366 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: