Gəncənin icra başçısı “Neftçi” rəhbərliyini VİP lojadan qovdurub – QALMAQAL

“Neftçi” PFK etiraz bəyanatı yaydı

Ötən gün Gəncədə keçirilən “Kəpəz” – “Neftçi” matçında görünməmiş qalmaqal yaşanıb. Gəncənin icra başçısı Elmar Vəliyev “Neftçi”nin rəhbərliyini VİP lojadan qovdurub. Neftçi  PFK insidentlə əlaqədar bəyanat yayıb. Sənəddə deyilir:

“Topaz Premyer Liqasının XIII turu çərçivəsində 27.11.2016-cı il tarixində Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Neftçi” matçında xoşagəlməz hal baş vermişdir. Oyunun ilk hissəsinin əvvəlində “Neftçi” PFK-nın rəsmiləri, eləcə də futbolçuları VİP lojadan kənarlaşdırılmışdır. Buna səbəb Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin “Neftçi” PFK nümayəndələrinin yerli komandanı alqışlaması barədə tələbi olub. Təbii olaraq “Neftçi” PFK nümayəndələri “Kəpəz” klubunu dəstəkləməkdən imtina ediblər. Belə olan halda, asayişi qorumalı olan polis əməkdaşlarına klubumuzun nümayəndələrini məcburi surətdə VİP-lojadan kənarlaşdırmaq göstərişi verilib. Bundan sonra “Neftçi” PFK nümayəndələri VİP-lojanı tərk edərək “Neftçi” PFK azarkeşləri üçün ayrılmış sektora yollanıblar. Müvafiq olaraq “Neftçi” PFK rəhbərliyi də məlum vəziyyətdə eyni addımı atıb.

Qeyd edək ki, 2016/17-ci il futbol mövsümündə Topaz Premyer Liqası və I Divizion klubları üçün Azərbaycan çempionatının və Azərbaycan Kuboku uğrunda yarışların əsasnaməsini (“Yarışların yeri” bəndi) rəhbər tutaraq bildiririk ki, meydan sahibi klub aşağıda sadalanan şərtləri təmin etməyə borcludur:

• Komandanın oyunçuları üçün kifayət qədər rahat mebel (stul, stol, massaj çarpayısı, asılqan, güzgü, tibb kuşetkası və s.), futbol meydançasının maketi, isti suyu olan duşlarla təchiz olunmuş paltardəyişmə otağı;
• Komandaların rəhbərləri və oyunçular üçün yerlər;

Bununla yanaşı, “Neftçi” PFK 24.11.2016-cı il tarixdə “Kəpəz” PFK-ya məktub ünvanlayaraq, klub rəhbərliyi üçün SKY BOX və VİP sektorlarda 25 yerin ayrılmasını istəmişdir. “Kəpəz” PFK tərəfindən 25.11.2016-cı il tarixində klubumuza cavab məktubu ünvanlanmış və “Neftçi” PFK üçün SKY BOX və VİP sektorlarda yerlərin ayrılacağı bildirilmişdir (hər iki məktub bəyanata əlavə edilib).

Göründüyü kimi, Gəncədə yaşanmış olayda çempionatın əsasnamə şərtləri və iki klub arasındakı rəsmi razılaşma sənədinin bəndləri kobud şəkildə pozulub.

“Neftçi” PFK olaraq gələcək oyunlarda oxşar halların yaşanmaması üçün zəruri addımların atılmasını tələb edirik”.

“Kəpəz” – “Neftçi” oyunu meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, “Neftçi”nin rəsmi sponsoru SOCAR, komandanın şefi isə Rövnəg Abdullayevdir. Müşahidəçilər hesab edir ki, Gəncə icra başçısının “Neftçi” rəhbərliyinə qarşı bu saymazlığı cavabsız qalmayacaq.

Bastainfo.com

 



This post has been seen 27 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: