Çörəyin qiyməti, yoxsa çəkisi dəyişəcək?

Çörəyin qiymətini artırmasaq heç cürə mümkün olmayacaq, paytaxt Bakıda çörək sexi işlədən sahibkarlardan biri işıq və qazın differensiallaşdırılmış ödəmə sisteminə keçməsiylə bağlı yaranacaq əlavə xərcləri kompensasiya etməyin yeganə yolu olduğunu deyir.

Bəzi iri çörək zavodları isə çörəyin çəkisini 10-15 qram azaltmaqla xərclərini balanslaşdıra biləcəklərini düşünür.

İqtisadçı ekspertlər qaz və işığın qiymətinin artırılmasının gözlənilən olduğunu deyir və artım prosesi “bununla yekunlaşmayacaq” deyərək kommunal xidmətlərin qiymətinin artırılacağını da proqnozlaşdırırlar.

Milli Məclisin Sosial Siyasət komitəsinin üzvləri olan millət vəkillərindən sabah komitədə müzakirəyə çıxaracaqları yaşayış minimumu ilə bağlı hazırlanacaq təklifdə yeni tarifin nəzərə alınıb-alınmaması ilə bağlı BBC Azərbaycancaya fikir söyləməkdən yayınıb.

Tarif Şurasının qərarı ilə təbii qaz və elektrik enerjisi ödənişləri üçün Azərbaycanda ilk dəfə olaraq differensiallaşmış tarifə keçirlər.

Tarifə əsasən, il ərzində 1500 kub metr qazdan çox istifadə olunarsa sərf edilən əlavə təbii qaz üçün 100 faiz daha çox ödəniş nəzərdə tutulub.

Elektrik enerjisinin aylıq istehlak həcmi 250 kilovatt/saatı keçdiyi halda əlavə elektrik enerjisindən istifadəyə görə istehlakçılar hər kilovat üçün 0,11 manat ödəyəcək.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün, yəni müəssisə və ya şirkət tipli gəlir əldə edən qurumlara isə sabahdan tətbiq olunacaq.

Qiymət, yoxsa çəki?

Nəsimi rayonunda uzun illərdir fəaliyyət göstərən sexlərdən birinin sahibi deyir ki, artım “1-2 qəpik olsaydı onu çəki ilə kompensasiya etmək olardı”. İndiki halda isə qiymət artımı “qaçılmazdır”.

“İndi fikirləşin ki, birdən-birə qazın 100 faiz qiyməti artır. 10-20 qram aşağı salandan sonra çörək olacaq bulka boyda. Ona kim pul verib alacaq? camaat narazılıq edəcək axı”, sahibkar yeni qiymətlər qüvvəyə minəndən 15 gün və ya 1 ay sonra da olsa çörəklərin qiymətinin artacağını istisna etmir.

Lakin yeni qiymətlərlə çörəyin nə zaman satışa çıxarılacağını da “dəqiq bilmir”

Hər ay qaza 350-400 manat, işığa isə 700-1000 manat ödədiyini deyən sahibkar təklif edir ki, “çörək bişirmə sexlərinə dövlət dotasiya versin”:

“Qazın qiymətini heç olmasa çörək bişirmə sexlərinə əvvəlki səviyyədə saxlasın.”

Bakıxanov çörək zavodu yeni tarifin onların xərcinə təsir etdiyini etiraf etsə də “biz bunu daha şişirtməyəcəyik, böyütməyəcəyik” deyir və əlavə edir ki, bu onların çörəklərinin qiymətinə təsir etməyəcək.

“Bir balaca çəkisinə təsir edə bilər, 10-15 qram azala bilər. Ayın birindən sonra biz hələ hesablayacayıq. Bunu məsləhətləşib edəcəyik”, zavod nümayəndəsi hazırda zavodda təmiz çəkisi 700 qram olan çörəklərin 50 qəpiyə, 580 qramlıq çörəklərin isə 40 qəpiyə satıldığını deyir.

Zaman məsələsi

İqtisadçı ekspert Samir Əliyev deyir ki, kommunal xidmətlərin düzgün idarə edilməməsi səbəbindən maya dəyərinin daim şişməsinin nəticəsi olaraq kommunal xidmətlərin də qiyməti artacaq.

“Bu qurumların fəaliyyətində şəffaflıq yoxdur və vəsaitlər səmərəsiz xərclənib. Dövlət büdcəsinin dəstəyi azaldıqca qiymətlər artacaq. Bir müddətdən sonra artım olmuş qurumlar maya dəyərinin yüksək olmasının və buna görə də satış qiymətinin artmasının vacibliyini bildirəcəklər”, ekspert çıxış yolu kimi kommunal sahəyə özəl sektorun cəlbini təklif edir.

Onun fikrincə qiymət artımı məsləsində “növbə nəqliyyat sektorunundur” və “bu zaman məsələsidir”.

çörək

İqtisadçı Qubad İbadoğlu isə düşünür ki, qərarın həm psixoloji, həm də iqtisadi təsirləri olacaq.

“Psixoloji təsirlər qısa, iqtisadi təsirlər isə uzun müddətli və davamlıdır” deyən təhlilçi güman edir ki, su, benzin və digər qiymətləri tənzimlənən yanacaq məhsullarının bahalaşmasına dair növbəti qərarlar veriləcək.

Metro

Ekspertin fikrinə görə, metroda gediş haqqı bahalaşması ilə bağlı gözləntilərə “2017-ci ilin büdcə layihəsi son qoya bilər”.

“2017-ci il üçün büdcə layihəsinə görə, metropolitenə 30 milyon manat subsidiya ayrılacaq.

Bu isə o deməkdir ki, “Bakı Metropoliteni” QSC-yə sərnişin daşımadan yaranacaq zərərin ödənilməsi üçün gələn il üçün büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 22 faiz az proqnozlaşdırılıb.

Beləliklə də yaranacaq ən azı 8 milyon manatlıq kəsir metroda gediş haqlarının artırılması yolu ilə ödənilə bilər”, ekspert qiymətlərin gələn ilin yanvarın 1-dən reallaşacağını düşünür.

Cənab İbadoğlu metroda gediş haqqının artırılacağı halda avtobus və taksi xidmətində də gediş haqlarının bahalaşmasına gətirib çıxaracağına diqqət çəkir.

Metroda qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməmişik və gələcəkdə Şuranın nə qərar qəbul edəcəyini deyə bilmərik, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev yerli mediaya açıqlamasında deyib.

Aztəminatlı təbəqə

Tarif Şurasının qəbul etdiyi yeni tarif hesabına 2017-ci il dövlət büdcəsinin Milli Məclisə təqdim olunmuş layihəsində nəzərdə tutulmuş gəlirlər üzrə daxilolmaların artacağı proqnozlaşdırılır, APA xəbər agentliyi maliyyə naziri Samir Şərifovdan sitat gətirir.

Onun sözlərinə görə, həmin artımın əhəmiyyətli hissəsi əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinə yönəldiləcək.

“Bununla əlaqədar ünvanlı sosial yardımın tətbiq edilməsi məqsədilə 2017-ci il üçün ehtiyac meyarının həddinin 10,5% artırılaraq 105 manatdan 116 manata çatdırılması nəzərdə tutulur”, nazir vurğulayıb.

 

Bastainfo.com



This post has been seen 2 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: