Nils Muižnieks: insan haqları müdafiəçilərinin vəkillərinə təzyiqlər dayanmalıdır

Avropa Şurasının İnsan Haqları komissarı Nils Muižnieks vəkil Xalid Bağırovun vəkillik fəaliyyətindən uzaqlaşdırılması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) üçüncü tərəf kimi müdaxiləsinin əsasında müşahidələrini göndərib.

“Bakıda və Strasburqda dəfələrlə görüşdüyüm cənab Bağırovun məsələsi Azərbaycanda ədliyyənin funksiyası və ifadə azadlığı sahələrində davam edən çatışmazlıqların güclü göstəricisidir”.

Azərbaycanın Xarici İşlər Nazirliyi bu bəyanata şərh verərək, cənab Muižnieks-ın “qərəzli birtərəfli mövqeyə sahib olduğunu” bildirib.

Xalid Bağırov Şəki Apellyasiya Məhkəməsində çıxışından sonra, 2014-ci ilin dekabrında Vəkillər Kollegiyasından çıxarılıb.

Vəkillikdən uzaqlaşdırılmasının sırf fəaliyyəti ilə bağlı olduğunu deyən cənab Bağırov qeyd edib ki, səbəb “Azərbaycanda ədalətli məhkəmə yoxdu, olsaydı belə qərar verilməzdi” sözləri olub. Bu çıxışdan sonra o, həmin vaxt həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılovanın hüquqlarını müdafiə etmək üçün orden almağa hazırlaşırmış.

2015-ci ilin iyulunda AİHM onun vəkillik fəaliyyətindən uzaqlaşdırılması ilə bağlı şikayəti üzrə kommunikasiyaya başlayıb.

Xalid Bağırov hazırda həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədov, hüquq müdafiəçisi Leyla Yunus, bloqçu Əbdül Əbilov və N!DA Vətəndaş Hərəkatı üzvlərinin hüquqlarını müdafiə edirdi.

sənəd Komissar Nils Muižnieks “insan haqları müdafiəçilərinin vəkillərinə təzyiqlər dayanmalıdır” çağırışlı müşahidələrini AİHM-ə göndərib.

Komissar Nils Muižnieksin “insan haqları müdafiəçilərinin vəkillərinə təzyiqlər dayanmalıdır” çağırışlı bəyanatında deyilir ki, onun kollegiyadan uzaqlaşdırılması Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə açıq diqqətsizlik olmaqla, vəkillərin insan haqları müdafiəsi işinə mane olmaq və bu fəaliyyətə görə cəzalandırılmasının ümumi təcrübə olduğunu göstərən nümunədir.

“Hüquq müdafiəçiləri və onların vəkillərinə qarşı məhkəmə təqibi və əks-tədbirlər tənqidi fikirlər söyləyən və ölkədə insan haqlarının pozulmasını aşkara çıxarmaq üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edən şəxslərə Azərbaycan hakimiyyətinin cavabını səciyyələndirir.”

XİN-in sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya bildirib ki, Nils Muižnieks “həmişə qərəzli birtərəfli mövqeyi ilə fərqlənmiş bir şəxsdir.

Avropa Şurasında insan haqları sahəsində fəaliyyət göstərən şəxs hələ bir dəfə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ən ümdə hüquqlarından məhrum olmuş Azərbaycanın qaçqın və məcburi köçkünlərinin hüquqları məsələsini qaldırmağa cəsarət tapmayıb.”

Cənab Hacıyev ona tövsiyyə edib ki, o, ilk növbədə kütləvi şəkildə hüquqları pozulmuş Azərbaycanın qaçqın və məcburi köçkünlərinin hüquqları məsələsinə toxunsun.

“O ki qaldı digər məsələlərə Azərbaycan Respublikasında bütün fundamental hüquq və azadlıqlar tam şəkildə təmin olunmuşdur.”

 

Bastainfo.com



This post has been seen 4 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: