İslam hara, oyunlar hara?

Bakıda İslam Oyunlarının keçirilməsinə cəmiyyətdən etiraz

2017-ci ildə Azərbaycanda 2017 İslam Həmrəyliyi Oyunları  (qeyri rəsmi adı Bakı 2017 İslam Oyunları) keçiriləcək. İslam oyunlarının üzümüzə gələn il 12-22 may tarixləri arasında baş tutması nəzərdə tutulub. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı bildirilir. İslam oyunlarının Bakıda keçirilməsi təşəbbüsü Azərbaycana məxsusdur, müvafiq qərarın imzalanması mərasimi 2015-ci ilin aprel ayında Bakıda baş tutub.

İslam Oyunları və Formula 1 yarışlarının keçirilməsi üçün büdcədən 317 milyon manat vəsait ayrılıb. Üstəlik yarışların infrastrukturunun təmin edilməsi üçün böyük məbləğdə xərclər çəkiləcək.

Xəbər verdiyimiz kimi, Müsavat Partiyası iqtisadi amilləri nəzərə alaraq, Azərbaycan hakimiyyətini İslam Oyunlarının keçirilməsindən imtina etməyə çağırıb.

“Avropa oyunları siyasi məhbusların azadlığa buraxılmaması, fundamental insan haqlarlnın pozulması fonunda keçirildiyindən Azərbaycana, hətta bu oyunları canfəşanlıqla keçirən hakimiyyətə də ciddi siyasi ziyan vurdu. Milyardlarla vəsaitin xərclənməsi ölkədə maliyyə qıtlığı yaratdı, Maliyyə – bank sisteminin çökməsinin səbəblərindən biri də budur”, – Müsavat başqanı Arif Hacılı bildirib.

“İndi məlum olur ki, həmin dövrdə ölkəyə turist axını da nəinki artmayıb, əksinə 15 faizədək azalıb. İndi deyirik:Siyasi partiyaların, vətəndaş cəmiyyətinin, iqtisadi ekspertlərin, xalqın çağırışlarını eşidin, siyasi və iqtisadi islahatlarla bağlı irəli sürülən çoxsaylı təkliflərin müzakirəsi üçün dərhal məsləhətləşmələrə başlayın. İlk olaraq isə İslam Oyunları və Formula 1 yarışlarını keçirməkdən imtina edin”, – Arif Hacılı bildirib.

Bakıda İslam Oyunlarının keçirilməsinin dini baxımdan da düzgün olmadığı haqda rəy formalaşıb. Sosial şəbəkədə bununla bağlı yayılan bəzi fikirləri təqdim edirik:

“İSLAM OYUNLARI. İslam hara, oyun hara?? Dostlar, İslamdada oyun olar?” – Bu sözləri feysbuk istifadəçisi Saday Hacılı yazıb.

“Yezid meymun oynadan olub, bu isə islam oynadır… yezidə rəhmət dedirdəcək axırda..” – dini kəsimin nümayəndəsi Elxan Zaman yazıb.

 

“Quranın hökmləri qalıb kənarda, İslam oyunlarından danışılır. Hakimiyyət öz təbliğat və reklamının pulunu belə camaata ödətdirir. Bu nə oyunlardı İslam adına çıxılır? İslamda oyun yoxdur. Bəlkə Şeytan oyunu demək istəyirsiz?” – Bunu isə feysbuk istifadəçisi Faiq Məhyəddinoğlu yazıb.

Sosial şəbəkədə İslam oyunları ilə bağlı ilginc karikatura da yayılıb:

Mustafa Hacıbəyli

Bastainfo.com

 



This post has been seen 11 times.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: