Nardaran işi: Prosesdə dava düşdü

Təqsirləndirilən şəxslər zala qayıtmaqdan imtina etdilər

Noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin məhkəməsi keçirilib.

Şüşə qəfəsdə arakəsmə bərkidilib

Meydan TV-nin məlumatına görə, hakim Əlövsət Abbasovun sədrlik etdiyi iclasda təqsirləndirilən Cabbar Cabbarov çıxış edərək hakimə deyib ki, məhkumların salındığı şüşə qəfəsdə arakəsmələrin arasının genişləndirilməsi haqqında verdiyi sözə əməl etməyib: “Siz demişdiniz ki, arakəsmələr genişləndiriləcək, lakin bunu etmədiniz”. Hakim deyib ki, ustalar gəlib bacardıqları qədər şüşələri aralayıblar. C.Cabbarov isə bildirib ki, ustalar şüşələri sadəcə bərkidiblər: “Biz şüşələri özümüz aralamışdıq”. Hakim bundan başqa nəsə edə bilməyəcəyini deyib: “Başqa zallarda heç arakəsmələr yoxdur. Burada havasızlıq olduğu üçün arakəsmə qoyublar”.

Məhkəməyə gələni həbs edirlər

Abbas Hüseynov isə onların hüquqlarının pozulduğunu deyib. F. Qəhrəmanlı isə bildirib ki, iclasa gələn şəxslərin şəxsiyyət vəsiqələri yoxlanıldıqdan sonra sahiblərinə qaytarılmır, bu da problemlər yaradır: “Biz vəsatət də qaldırdıq ki, yoxlamadan sonra şəxsiyyət vəsiqələri qaytarılsın. Lakin buna əməl edilmədi. Tacəddin adlı şəxs Göyçaydan iclasa gəlmişdi. Ona 30 sutka həbs cəzası verilib. Bu prosesdən çıxandan sonra onun hədələmişdilər. Olmaz axı belə. Bəyəm bura agentura şəbəkəsidir? Şəxsiyyət vəsiqələrini yığıb məlumatları polislərə ötürürlər. Göstəriş verin, belə etməsinlər”.

Vəsatətlər təmin olunmadı

Daha sonra vəkil Yalçın İmanov 42-ci Polis Bölməsinin rəisi Tərxan Əhmədov, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqləri – İsmayıl Əliyev və Fikrət Quliyevin məhkəməyə çağırılmaları barədə yazılı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Taleh Bağırzadə isə iş üzrə olan 8 nəfər hal şahidinin dindirilməsini istəyib. Bildirib ki, əsas şahidlər hal şahidləri olub: “Mən 21 maddə ilə ittiham olunuram. Bu, mənim dördüncü mühakiməmdir. Onlar əlavə şahid kimi gəlib dindirilsinlər”.

Hakim bunu da təmin etməyib.

Vəkil Yalçın İmanov isə hadisələr zamanı ölən polis əməkdaşlarının hüquqi nümayəndələrinin məhkəmədə ifadə vermələrini istəyib. Hakim deyib ki, onlar məhkəməyə teleqram göndərərək iştirak etmək istəmədiklərini bildiriblər.

İclasda çıxış edən Abbas Hüseynov deyib ki, təcridxanada onların yalnız “ATV” kanalına baxmaq imkanları var. Bundan əlavə, “ATV+” qoşmaq üçün pul tələb olunur. Hakim isə bunun məhkəməyə adiyyatının olmadığını deyib.

Məhbuslar zaldan çıxarılıb

Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin əməliyyat müvəkkili Samir Həşimov şahid qismində ifadə verib. O, 2015-ci il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr haqqında danışıb. Bildirib ki, həmin vaxt idarədə olub və səs-küy eşidib bayıra çıxıb: “Toplaşanlara dedim ki, hay-küy salmasınlar. Onlar da daş atdılar. Polislərdən birinə dəydi”.

Daha sonra vəkillərin suallarına cavab verən şahid ancaq “xatırlamıram” deyib. Bu zaman Nemət Kərimli ondan yaddaş pozğunluğunun olub-olmamasını soruşub. Bu isə şahidlə vəkil arasında mübahisəyə səbəb olub. Bundan sonra mübahisəyə T. Bağırov, A. Hüseynov və C. Cabbarov da qoşularaq vəkillə kobud danışmamasını şahiddən tələb ediblər. Buna görə hakim hər üç təqsirləndirilən şəxsin müvəqqəti olaraq zaldan çıxarılmaları barədə qərar qəbul edib. T. Bağırzadə isə deyib ki, əgər zaldan çıxarılsalar, təcridxanaya gedəcəklər və yenidən zala qayıtmayacaqlar. Bundan sonra fasilə elan edilib.

Vəkilə xəbərdarlıq edilib

Fasilə zamanı bütün təqsirləndirilən şəxslər zaldan çıxarılıb. Fasilədən sonra isə hakim təqsirləndirilən şəxslərin heç birinin zalda olmadıqlarını görüb və üç nəfərdən başqa digər təqsirləndirilənlərin zala gətirilmələrini istəyib. Hakim Nemət Kərimliyə isə xəbərdarlıq edərək bildirib ki, şahidlə kobud danışıb, qalmaqal yaratmaq olmaz. N.Kərimli isə şahid “xatırlamıram” cavabı verdiyi üçün o cür sual verdiyini deyib.

Hakimə məlumat verilib ki, təqsirləndirilən şəxslərin heç biri isə zala gəlmək istəmirlər. Hakim isə onların iştirakı olmadan iclasın keçirilməsi haqqında qərar qəbul edib. Bu isə zalda olan şəxslərin narazılığına səbəb olub. Onlar zalı tərk ediblər. Hakim vəkillərdən şahidə suallar vermələrini istəyib. Vəkillər isə təqsirləndirilən şəxslərin iştirakı olmadan iclasın keçirilməsinə etiraz ediblər.

Proses dekabrın 2-də davam edəcək.

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilənlər bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: