Borclusunuz…

Adətən ölkədə əhalinin sosial vəziyyətinin pisləşməsinə doğru hərəkətlənmə baş verəndə diqqət yayındırmaq üçün etmədikləri fırıldaq, törətmədikləri əməl qalmır.

Əvəllər gündəmi dəyişmək üçün Elzanın bir şeir yazması, Aqil Abbasın şou xarakterli açıqlaması bəs edirdisə, bu dəfə Milli Məclisin kompleks şəkildə səfərbər olması “hələ bu harasıdır, sizi nə surprizlər gözləyir” mesajını verir. Hətta insanları bu etaba hazırlamaq, Tarif Şurasının qərarından öncə  Hadı Rəcəblinin Şəhid ailələri, Qarabağ qaziləri barədə açıqlamaları onu deməyə imkan verir ki, doğrudan da ölkədə insan faktoru çox aşağı səviyyədə qiymətləndirlir. Millət vəkilləri belə ədalətsiz çıxışlar etməkdən çəkinmirlər…

Canını, sağlamlığını vətən yolunda qurban vermiş insanlara hansısa ekstra xidmət göstərməkdənsə verilən imtiyazları da, əllərindən almağı planlaşdırırlar.

Gözümüzün qarşısında intihar edən Qazilərə, yaşamaq uğrunda mücadilə verən bu qəhrəman insanlara laqeydliyin bu həddə çatması doğrudan da, sonun sonudur!

Bəs Qarabağ Əlilləri nə edir?

Onlar susurlar. İntihar həddinə çatana qədər susurlar…

Dövlət canını vətənin bütövlüyü uğrunda fəda etmiş Şəhidin balalarına, sağlamlığını bu yolda harcamış Qarabağ əlillərinə borcludur. Dövlət milli və təbii sərvətlərimizdən gələn gəlirləri  sadə vətəndaşdan əsirgəsə də, Qarabağ əlillərini və Şəhid ailələrini daima diqqətdə saxlamalıdır.

Qarabağ əlillərinin iqtisadi böhran ucbatından intihar xəbərlərini izləyən biri kimi nə üzlə soruşum?

–  Sağlamlığını vətənin azadlığı uğrunda mücadilədə qurban verən Qarabağ əlili hal -hazırda hansı çətinlikləri yaşayır, dövlət tərəfindən sosial təminatı necədir?

Fiziki sağlamlığını itirmiş insanların gərgin psixoloji hala gətirilməsi, yoxsulluqla, çörəklə imtahan edilməsi qədər ədalətsiz sınaq varmı?

Axı bu insanlar göz qırpmadan düşmən üstünə gedəndə balalarının və ailə üzvülərinin gələcək həyatlarında onlarsız olsa belə, dövlət tərəfindən təmin olunacağına inanırdılar. İnanmasaydılar, əmin olun, onlar bu gün “ƏLİL” deyildilər.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, əlil  Kərim Fikrətoğlu yazır: “Problem birdirmi-ikidimi?  Birinci növbədə büz kimi ev, İşıq pulu, sayğacda qaz sızması nəticəsində minusla yaranan borc, su pulu borcu, şəraitsiz yaşayış, bank kreditləri və yaranan digər borclar.  Üstəgəl hakimiyyətin etinasızlığı…

Dövlət tərəfindən sosial təminatım hamının bildiyi kimi yalnız pensiya və prezident təqaüdüdür. Başqa heç nə almıram bu dövlətdən.

Ümumiyyətlə 16 ildi əliləm bu hakimiyyətdən heç nə almamışam. Yalnız bu il müracət eləmişdim, onda da,  Abşeron rayon icra hakimiyyəti və Şəki şəhər icra hakimiyyəti tərəfindən dilənçi kimi bir “pay” verdilər.

Vəssalam.

Görəcəyim ancaq budur.

 Hal-hazırda işıq, qaz, su borcları, evdə şəraitsizlik, banka olan kredit borcları, dükanlara olan borclar məni depressiyaya salıb.

 Bir sözlə Azərbaycan cəmiyyəti hansı problemlərlə üzləşirsə o, problemləri mən də yaşayıram. Əlil olsam da, heç bir əlavə xidmət görmürəm.

 Aldığım pensiyanı ancaq kommunal xərclər və kreditlərə ödəyirəm. Başqa heç nə edə bilmirəm. Balaca qızım xəstədir. Müalicə etdirməyə güc yoxdur.

Əvvəllər bir əlimlə ev təmir edirdim. Alçıpan vurudum, işıq çəkirdim, şkatur vururdum, şpaklyovka vururdum, birtəhər özümü idarə edirdim. Bu devalvasiyadan sonra o da yoxdur. Çətin də olsa bir əlimlə bu işləri görüb ailəni birtəhər yola verirdim.

İnanın bu günnən düz 6 gündür evimdə qaz yanmır. Pilətənidə 1 saat taxıram. Qorxumdan tez çıxarıram ki, pulu sayğac çox yazmasın.” –bu bir Qarabağ əlilinin fəryadı idi.

Mən isə üzümü aidiyyatı orqanlara tuturam. 

Borclusunuz!

Sizlər isti yatağınızda yatanda, övladlarınızın bu günkü lüks yaşayışını təmin etmək üçün Qarabağ əlilinin haqqı olan sərvəti talayanda, onlar, Qarabağ əlilləri səngərdə can qoyurdu!

Vətənaşların sosial təminatı naminə bir fəaliyyət göstərmək fikriniz olmadığını hər kəs bilir, heç olmasa QARABAG ƏLİLLƏRİnə sahib çıxın!

 

Könül Alı, Bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: