Çovğun

Nəcibə Bağırzadə

Axşamdı. Qar yağır. Içimdəki sıxıntıları kiminləsə bölümək istəyirəm. Amma kiminlə? Şəhərdə kimsə yoxdu elə bil…Ürəyim dolu, əllərim boş ciblərimdə yeni il ərəfəsi bəzənib-süslənmiş mağazaların yanından keçirəm. Dənizdə batan neftçilərin bu il bayram eləyə bilməyəcək uşaqlarını düşünürəm. Bu məmləkətdə bəlkə barmaqla sayıla biləcək qədər az, şərə yenilmədiyindən, bütə əyilmədiyindən, çörəklə imtahana çəkilmiş ziyalıları düşünürəm…

Xəstəxanada yatan uşaqları düşünürəm. Komada olan şəkər xəstəsi uşağını qəbul eləmək üçün şirinlik tələb edən xəstəxananın önündəki nə qədər acılar yaşamış ananı düşünürəm. Bir parça çörəkdən ötrü öz iş yerini itirməkdən qorxub hər cür haqsızlığa dözüb susan insanları düşünürəm. İşsiz cavanları, işləsə belə hüququ qorunmayan, evsiz-eşiksiz, kirayələrdə yaşayan, aldığı məvacib yalnız çörəyə çatan cavanları düşünürəm.

Heykəl məhbuslarını düşünürəm. Əlbəttə ki, onları təqdir eləmirəm. İstənilən bir heykəl sənət əsəridi və onun nə qədər dəyərli olduğunu zaman göstərir. Amma etirazını bu cür bildirən cavanları anlamağa çalışıram. Düşünürəm ki, fərqli düşüncəyə maılikdilər, dünyanı yerindən oynatmağa hazır, qəhrəmanlıq yaşındadılar. Bizim də o yaşda rus tanklarının önünə çıxdığımızı xatırlayıram. Belələrinə yol açmaq, əllərindən tutub ölkənin gələcəyi üçün xeyirli işlərə cəlb eləmək lazımdı, həbsxana divarları arasında çürütmək yox…Yeri gəlmişkən, Gəncədə uzun zaman torba ilə örtülmüş bir büst də vardı, yadınızda deyil? Mənim yadımdadı, sizin inadkarcasına susduğunuzu xatırlayıram.

Azadlıq insanın düşüncəsindədi. Sizi kimi düşünməyən insanları həbxsanaya atmaqla düşüncəni boğa bilməzsiniz. O cavanlar da, bu ölkə də bizimdi. Bu həqiqəti dərk eləməyincə siz daha dərin uçuruma düşəcəksiz. Ən kədərlisi o uçuruma gedən yolda bizi də özünüzə yoldaş etməyinizdi.

Bu düşüncələr içində yolun sonuna çatdığımın fərqindəyəm. Qar dayanmadan yağır. Elə yağır ki, həqiqəti deyən birini qanına qəltan eləsələr, bir gecədə örtər… Mənsə içimdəki bu ağrıyla evə gedə bilmirəm. Çünki ürəyimi sıxanı bir evin deyil, bütün məmləkətin dərdidi. Hardasız, ay adamlar?…Səsimi eşidən kimsə yoxmu?! Yoxdu…

Get-gedə qaranlıq qatılaşır, üşüyürəm, sinoptiklər isə sabaha hələ çovğun da vəd eləyiblər…

 

%d bloqqer bunu bəyənir: