Qənaət nədir?

Biz və onlar

Bizim üçün qənaət səhər 11-də yuxudan durub 12-də nahar, 7-də şam etməkdi. Mətbəxdən çıxmamış mətbəxin işığını, hamamdan çıxmamış hamamın işığını söndürməkdi.

Kombidə minimal istilik rejimlərini seçməkdi. İsti su ola-ola, soyuq su ilə qabları yumaqdı. Üzümüzü qırxdığımız vaxt hamamda 7 dəfə suyu açıb-bağlamaqdı.

Bir toyuğu iki yerə bölüb sümüklü yerlərindən sup, ətli yerlərindən sous bişirməkdi. Qapımızın ağzında ərzak dükanları olduğu halda, kilometrlərlə yol basıb ərzaq yarmarkalarına getmək, hətta göyərti alanda belə satıcı ilə qiyməti bazarlaşmaqdı. Tox olduğumuz halda belə uşağımızın qabağından qalanı atmağa qıymayıb, onu yeməkdi.

Toylara getməmək üçün min bəhanə tapmaq, ehsan məclislərinin isə heç birini buraxmamaqdı.

Köhnə ayaqqabıları təmir etmək, bozarmış paltarları rənglətməkdi. Çarəsiz toya getdikdə, toy paltarı seçmək üçün dükana, dərziyə yox, qohuma, qonşuya ağız açmaqdı.

Qısa yol üçün avtobusa minməyib piyada getməkdi…

Böhran hamıya təsir edib, indi hakimiyyətdə olanlar, vəzifə tutanlar, vəzifədəkilərə rüşvət vermək və yaltaqlanmaq hesabına biznesdə mövqe tutanlar da qənaət rejiminə keçiblər. Amma onlar üçün qənaətin xüsusiyyətləri başqadı:

Onlar üçün qənaət, istifadədən sonra masada qalan kokaini kartla siyirib, yenidən paketə tökməkdi. Xarici ölkələrdə keçirilən tətillərin büdcəsini azaltmaqdı. 2-3 il əvvəl aldıqları maşınlarla kifayətlənməkdi. Qarderobu əvvəlki kimi hər ay yox, hər fəsildə yeniləməkdi.

Onlardan daha yüksək vəzifədə olanların ailə üzvlərinin ad günlərində verilən hədiyyələrin qiymətini, daş-qaşların sayını azaltmaqdı.

Evdəki aşpazların, xadimələrin bir hissəsini ixtisara salmaqdı. Qalan xadimələrin evdən gedərkən əlində nəsə aparıb-aparmadıqlarına nəzarət təşkil etməkdi. Villa tikən briqadanın pulunu kəsməkdir.

İndi onlar məşuqələrinin də sayını, büdcəsini azaldırlar. Bir lətifə var, deyir,  bir məmurun gizli məcarasından xəbər tutan xanımı, onu sədaqət baxımından yox, qənaət baxımından bu sevdadan vaz keçməyə vadar edə bilib. Deyib ki, yeni məşuqənin yükünü çəkə bilmərik, ondansa mən bir məşuq tapım, artıq qəpik-quruşun ailə büdcəmizə ziyanı olmaz…

Qənaət budur.

%d bloqqer bunu bəyənir: