Bir qızcığazın taleyi

Azər İsmayıl

Ölkədə baş verən bütün qanunsuzluqları, siyasi özbaşınalığı, deputatların sərsəmləməsini, xalqı təhqir etməsini, işıq pulu müsibətini və daha nələri 11 dəqiqəlik bir videosüjet kölgədə qoydu. Məhkəmə zalında insanlığını çoxdan unutmuş bir neçə insan körpə qızcığazın iradəsini zorlamaqla məşğul idi. Maraqlıdır ki, heç kamerada onları narahat etmirdi. Gözlərini örtən nə idisə, canfəşanlıqlarından qalmırdılar.

Uşaq Hüquqları Konvensiyası (Convention on the Rights of the Child) — 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmişdir.

Maddə 19

1. İştirakçı dövlətlər uşağı valideynlər, qanuni qəyyumlar və ya uşağa qayğı göstərən hər hansı digər şəxs tərəfindən fiziki və ya psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın, o cümlədən seksual sui-istifadənin hər cür formalarından müdafiə etmək məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görürlər.

2. Lazım gələrsə, bu cür müdafiə tədbirlərinə uşağa və onun qayğısına qalan şəxslərə zəruri kömək göstərilməsi məqsədilə sosial proqramlar hazırlamaq üçün, habelə uşaqla yuxarıda sadalanmış kobud rəftar hallarının qarşısının alınmasının və aşkara çıxarılmasının, bu hallar barəsində mə- lumat verilməsinin, onların baxılmağa göndərilməsinin, təhqiq edilməsinin, uşağın müalicəsinin və sonrakı tədbirlərin digər formalarını həyata keçirmək, habelə, lazım gələrsə, məhkəmə prosesinə başlamaq üçün səmərəli prosedurlar daxil edilir.

BMT-yə üzv bütün ölkələr, həmçinin Azərbaycan tərəfindən, bu konvensiya qəbul olunur. Hamınız o kadrlara baxmısız. İndi də Konvensiyanın yuxarıda təqdim etdiyim 19-cu maddəsi ilə tanış olun və əlinizi ürəyinizə qoyaraq söyləyin: Azərbaycan məhkəməsi sayılan o məzhəkə zalında qeyd olunan maddənin bircəcik, cümləsinə demirəm, ifadəsinə əməl olunurmu? Cavabı özünüz verin. Bu ölkədə özbaşınalıq və qanunsuzluqlar yalnız siyasi sferada baş vermir. Cəmiyyətin biganəliyi bu özbaşınalığı artıq hər kəsin evinə daşıyıb. Hamı eyni dərddədir.

Qızcığaza zor tətbiq edilən o süjetdə ən əzəmətli kadr İlham Əliyevin portreti görüntülənən süjetdir. Heç bir rejissor film çəkərkən elə əzəmətli kadr əldə edə bilməzdi. Və bu hadisə onun portreti altında, dolayısı ilə rəhbərliyi altında baş verir.

Bu süjetin məzmunu siyasi xarakterli deyil, ictimaidir. Müxalifətçinin cibinə narkotik atılır, üzünə durulur, min bir fitnə ilə şərlənir. Neynək. Qoy olsun. Xalq üçün dözmüşük, dözürük də. Bu bizim Azərbaycan savaşımızdır. Amma, ay hakimi mütləqlər! Bu qızcığazın başına gətirilən müsibətə niyə susqunsunuz? Axı əlinizdə susmamaq üçün ən azı beynəlxalq konvensiya var. Niyə reytinq qazanmaq istəmirsiniz? Əlinizi tamammı üzmüsüz xalqdan?

Xalq da sizdən əlini üzüb. Çoxdan üzüb.

O qızcığaz isə əsl qəhrəmandır. Öz iradəsi uğrunda bığıburma, özünü kişi hesab edən kəslərə qarşı gözüyaşlı, amma mərdanə mübarizə aparan qəhrəman.

M. Şoloxov sağ olsaydı “İnsanın taleyi”ni tam başqa məzmunda qələmə alardı.

%d bloqqer bunu bəyənir: