Ev kimə verilməli? Vaqonda yaşayan 6 uşaqlı Qarabağ döyüşçüsünə? Yoxsa…

Mahir Rzayev Qarabağ döyüşçüsüdür. Onun ailə vəziyyəti ilə tanış olduqda adamda belə təəsurat yaranır: “Qarabağ dövlətin yadından çıxdığı kimi, iştirakçıları da unudulub”.

Mahir Rzayev 6 uşaq atasıdır. 8, 12, 14, 16, 18, 19 yaşlı övladları var. Sumqayıt yolunun üstündə, Ceyranbatan ərazisində dəmir vaqonda yaşayır. 

“Basta” əməkdaşının suallarını cavablayan Mahir Rzayev, “Döymədiyim qapı, getmədiyim idarə qalmayıb, prezidentə də, məktub yollamışam, baxan yoxdu” -deyir.

Mahir Rzayev 1992-1996-cı illərdə Qarabağda N-saylı hərbi hissədə xidmət etdiyini, kəşviyyatçı dəstəsində döyüşdüyünü bildirir. İşsiz olduğunu, dövlətin diqqətindən kənarda qaldığını deyir.

Mahir Rzayevin övladlarının heç birinin məktəbə getmədiyini biləndə istər-istəməz düşünürsən.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dünya dövlətlərinə inkişaf proqramlarımızı öyrənsinlər, bizdən nümunə götürsünlər deyərkən qulaqlarının dibində, ta ölkənin paytaxtının iki addımlığında 6 uşağın inkişaf proqramından kənarda qaldığını görmürmü?

Təhsil məsələləri ilə məşğul olan qurumlar hara baxır? Bu uşaqların hər-halda qeydiyyatı var. Onların təhsildən yayındığından aidiyyatı qurumların xəbəri yoxdurmu? 

Çoxuşaqlı ailələrə dəstək proqramınin qanun layihəsində də, öz əksini tapdığı bildirilir.

Hazırlanmış təkliflərdə qeyd olunur ki, çoxuşaqlı ailələrin uşaqları dövlət ali və orta ixtisas məktəblərinin ödənişli fakültələrində güzəştli əsaslarla təhsil almaq imkanı qazanacaqlar. Axı dövlət heç Qarabağ döyüşçüsünün uşaqlarının orta təhsil almasının təmin olunması barədə fikirləşmir, bunlar hansı ali təhsildən danışırlar?

Çoxuşaqlı ailələrə ssudaların, mənzil alınması üçün ipoteka kreditlərinin verilməsi, yaşayış sahələrinin həmin ailələrin mülkiyyətlərinə pulsuz verilməsi nəzərdə tutulur. Hələ bu qanunla sıradan aztəminatlı ailəyə verilən imtiyazdır. O ki, o aztəminatlı ailə Qarabağ döyüşçüsünün ailəsi ola. Bu imtiyazlardan kimlər istifadə edir? Vətəndaşları yoxsulluq həddində yaşayan dövlətin deputataları nə üzlə ev davası edir, bu insanların şikayət məktublarını əllərinə alanda heç vicdanları sızıldamırmı?

Bəlkə, Milli Məclisdə ev davası edən deputatlar başlarını qaldırıb ölkəyə tərəf baxsınlar. Xalqın sərvətini yağmalayarkən, Qarabağ Qazilərini, Şəhid balalarını da, nəzərə alsınlar. Axı onların atalarının Hadı Rəcəbli, Oktay Əsədov və digərləri kimi nəinki milyonluq mülkləri, heç bir komaları da, yoxdur.

Məmurları, dövlət başçısı efirlərdən inkişaf nağılları oxuyan bir ölkənin vətəndaşları bu “nağıllarda” boğulur axı.

Vətəndaşları dəmir vaqonda yaşayam Milli Məclisin vəkilləri sərvət hərisliklərinin ekranlara, qəzet manşetlərinə yansımasından utanmırlarmı? 

Hadı Rəcəbli və digərləri…

Bunlar şərəfli atanın şərəfli övladlarıdır. Siz isə onların atalarının sağlamlığını qoyduğu torpağın sərvətini talamaqla məşğulsunuz.

Dünya ölkələri əhalinin yaşayış səviyyəsini qaldırmaq üçün yeni proqramlar hazırlayır, deputatları təkliflər paketi təqdim edir. Fransada hələ 1921-ci ildən “Böyük ailə” adlı dövlət proqramı həyata keçirilir. Proqrama əsasən çoxuşaqlı ailələrə subsidiya və imtiyazlar verilir. Fransada 4 və daha çox uşağı olan ailələr vergidən azaddır. Amma bizdə çoxuşaqlı ailəbaşçısı olan Qarabağ döyüşçüsü nəinki iş yeri, heç yaşamağa yerdə tapmır.

İsveçdə çoxuşaqlı ailələrə müavinətlər verilir və hər yeni doğulan uşağa görə verilən müavinətin məbləği artırılır. Həmçinin bu ailələrə yaşayış yeri üçün haqq verilir, məktəbəqədər müəssisələrin xərci dövlət tərəfindən ödənilir, ərzaq üçün talonlar verilir. Bizim dövlətdə isə, Mahir Rzayevin 6 uşağına vur -tut 120 manat pul verilir. Elə şərtlər qoymusunuz ki, heç sosial yadım da bu ailəyə düşmür.

Əyri oturaq, düz danışaq Hadı Rəcəblinin və digər deputatların ev davası etməsi insaflıdı, ya 6 uşaqla dəmir vaqonda yaşayan Qarabağ döyüşçüsünün dövlətdən ev ummağı? 

Sumqayıta gedəndə şose yolun kənarında, tək-tənha bir dəmir vaqon var. Qarabağ döyüşçüsü 6 övladı ilə səfalət içində orda yaşayır.

Birdən hansısa deputat, ya məmur gedib baş çəkmək istəyər, not alsınlar deyə dedim.

 

Könül Alı,

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: