Müsavat Mehman Hüseynovun həbsi ilə bağlı bəyanat verdi

Tanınmış blogger Mehman Hüseynovun həbs olunması ilə bağlı Müsavat Partiyasının Mətbuat Xidmətindən redaksiyamıza bəyanat daxıl olub.

Bəyanatda deyilir:

Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara görə ictimai fəal, məhşur blogger Mehman Hüseynov dünən axşam saatlarında Bakı şəhərinin mərkəzi küçələrindən birində nəmalum mülki geyimli şəxslər tərəfindən oğurlanıb. Bu barədə anası və yaxınları tərəfindən polisə rəsmi məlumat verilməsinə baxmayaraq 15 saat ərzində onlara Mehman Hüseynovun yeri, hansı səbəbdən saxlanması barədə məlumat verilməyib.

Vəkili Elçin Sadıqovun da bu istiqamətdə cəhdləri nəticə verməyib. Yalnız bu gün saat 12.00 radələrində – Mehman Hüseynovun həbsindən 16 saat sonra onun haqqında qərar qəbul edilməsi üçün Nəsimi rayon məhkəməsinə aparılması məlum olub. Hüquq-mühafizə orqanlarının bu davranışları insan hüquqlarına, Azərbaycanın Konstitusiyası və qanunlarına ziddir.

Hakimiyyət dairələrinin ölkənin ən populyar bloggerinə qarşı bu qanunsuz davranışları ölkədə mövcud olan siyasi qarşıdurmanı daha da dərinləşdirir. Hər kəsə aydındır ki, Mehman Hüseynovun həbsi onun hakimiyyəti tənqid edən yazıları, korrupsiya faktları ilə əlaqədar çəkərək sosial şəbəkədə paylaşdığı, 100 minlərlə vətəndaşın baxdığı videoları, yüksək dövlət vəzifəsi tutan şəxslərin qanunsuz əməlləri barədə ictimaiyyəti məlumatlandırması ilə bağlıdır.

Müsavat Partiyası Mehman Hüseynovun qanuni prosedurların kobud surətdə pozulması ilə həyata keçirilən qeyri-qanuni həbsini, ona qondarma ittihamlarla cəza verilməsini ölkədə söz və ifadə azadlığına qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirir. Hakimiyyətdən ölkədə baş alıb gedən korrupsiya, rüşvətxorluq, özbaşınalıq halları barədə yazan jurnalistləri susdurmaq məqsədi ilə həbs etmək yox, bu materiallarda qeyd olunan faktların araşdırılmasını, günahkarların cəzalandırılmasını, Mehman Hüseynovun dərhal azadlığa buraxılmasını tələb edir.

10 yanvar 2017-ci il

 

Bastainfo.com

%d bloqqer bunu bəyənir: