25 beynəlxalq təşkilat Mehman Hüseynovun müdafiəsinə qalxdı

25 beynəlxalq hüquq-müdafiə təşkilatı bloqqer Mehman Hüseynovun saxlanması və ona işgəncələr verilməsi ilə bağlı deyilənlərdən narahatlığını ifadə edib. Onlar bunu kəskin pisləyib, ölkə hakimiyyətini şikayəti dərhal araşdırmağa və günahkarları məsuliyyətə cəlb etməyə səsləyib.

 

 

Beynəlxalq hüquq-müdafiə təşkilatları hesab edirlər ki, M.Hüseynovun 200 manat cərimə olunması barədə məhkəmə hökmü ləğv edilməli və onun ölkədən çıxışına qoyulan qadağa götürülməlidir, – AzadlıqRadiosu məlumat verir.

«Bundan əlavə, biz Azərbaycan hakimiyyətini ifadə azadlığı hüququnu gerçəkləşdirdiklərinə görə həbsdə olan bütün jurnalistlərin, bloqqer və fəalların azad olunmasına çağırırıq», – bəyanatda yazılır.

Beynəlxalq PEN Klubun rəhbəri Salil Tripaxti deyib: «Biz bilirik ki, Azərbaycan hakimiyyəti jurnalistlərə və ictimai fəallara qarşı uydurma ittihamlardan istifadə edir. Odur ki, Mehmanın barəsində hökm dərhal ləğv edilməlidir».

«Sərhədsiz Reportyorlar» təşkilatının nümayəndəsi Yohan Bir isə bunları bildirib: «Bu, Azərbaycanda jurnalistlərə qarşı davam edən repressiyalara daha bir sübutdur və təsadüfü deyil ki, İlham Əliyev «mətbuat yırtıcıları» siyahısına daxil edilib. Beynəlxalq birlik Mehmanı və Azərbaycandakı digər tənqidi səsləri müdafiə etməlidir».

Sənədi «Article 19», Beynəlxalq İnsan Hüquqları Federasiyası, Helsinki İnsan Hüquqları Fondu, IFEX, Senzura İndeksi, KİV-ə Beynəlxalq Dəstək, Helsinki Komitəsi, Norveç İnsan Hüquqları Evi, Amerika və Böyük Britaniya PEN klubları imzalayıblar. Bundan başqa, bəyanatda «Sərhədsiz reportyorlar» təşkilatının, Ümumdünya İşgəncələr Əleyhinə Təşkilatın və başqa qurumların da imzası var.

XATIRLATMA

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında saxlanıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb.

M.Hüseynov azad edildikdən sonra jurnalistlərə deyib ki, saxlanılarkən və sonra polislər ona işgəncə verib.

Ancaq Daxili İşlər Nazirliyi (DİN) də Baş Prokurorluq qarşısında Mehman Hüseynovla bağlı vəsatət qaldırıb.

Nazirlik hesab edir ki, bloqqer ona işgəncə verildiyini söyləməklə polisi ağır cinayətdə ittiham etməklə böhtan atıb. Baş prokurorluq buna hüquqi qiymət verməlidir.

Nəsimi Rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

Yanvarın 11-də M.Hüseynovun vəkili onun bədənində xəsarət yerlərinin və paltarında qan ləkələrinin əks olunduğu fotoları yayıb. Bir gün sonra isə o, Bakı şəhər Prokurorluğunda işgəncəyə məruz qalması ilə bağlı ifadə verib.

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: