Mehman Hüseynovun şikayəti təmin olunmadı

Məhkəmə Mehman Hüseynovun işgəncələrlə bağlı şikayətini təmin etməyib.

Bu gün Səbayel Rayon Məhkəməsində bloger Mehman Hüseynovun polisdə ona işgəncə verilməsi ilə bağlı şikayətinə baxılması başa çatıb, bu barədə “Turan” məlumat yayıb.

Proses Aytən Əliyevanın sədrliyilə qapalı rejimdə keçirilib.

Bu il yanvarın 10-da M.Hüseynov onun saxlanması işi üzrə məhkəmədən sonra bildirib ki, Nəsimi rayon 22-ci polis bölməsində işgəncələrə məruz qalıb. Oraya onu mülki geyimli şəxslər yanvarın 9-da axşam Bakının mərkəzində oğurlayaraq aparıblar.

Bununla əlaqədar müdafiə tərəfi işgəncə faktının araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna müraciət edib. Lakin prokurorluq cinayət işi qaldırmaqdan imtina edib. Müdafiə tərəfi prokurorluğun bu qərarından məhkəməyə şikayət verib.

Vəkil Elçin Sadıqov Turan-a bildirib ki, məhkəmə şikayəti təmin etməyib və müdafiə tərəfi apellyasiya şikayəti vermək niyyətindədir.

İşgəncələr barədə M.Hüseynovun bəyanatı ona qarşı böhtan ittihamı ilə iddia qaldırılmasına səbəb olub. İddiaçı kimi Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev çıxış edib.

Kobud prosessual pozuntularla keçən məhkəmə zamanı M.Hüseynov 2 il azadlıqdan məhrum edilib. Müdafiə tərəfinə çıxışa hazırlaşmaq üçün vaxt verilməyib.

Bir çox beynəlxalq təşkilatlar M.Hüseynovun barəsində hökmü pisləyiblər və bunu onun bloger və hüquq-müdafiə fəaliyyətinə görə cəza kimi dəyərləndiriblər.

 

Bastainfo.com