Arif Hacılı Ilham Əliyevin ittihamlarına tarixi faktlarla cavab verdi

Arif Hacılı: “İlham Əliyev 14 ildir hakimiyyətdədir, ancaq 1 rayon da azad etməyib”

Prezident İlham Əliyev ötən ilin aprelində Qarabağ cəbhəsində həyata keçirilmiş döyüş əməliyyatlarının nəticələrini Azərbaycan ordusunun “şanlı qələbəsi” adlandırıb.

İlham Əliyev deyir ki, döyüşlər zamanı işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında bu gün Azərbaycan bayrağı dalğalanır.

AZƏRTAC yazır ki, bu fikirləri prezident martın 31-i aprel döyüşlərinin ildönümü ilə əlaqədar hərbçilərlə görüşündə deyib:

“Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq. Ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək”.

Prezident aprel döyüşlərinin ordunun yüksək peşəkarlığını göstərdiyini də qeyd edib:

“Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Həmin strateji yüksəkliklər bizə təmas xəttindəki vəziyyətə nəzarət imkanı verir”.

Prezident vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır:

“Ermənistan uzun illər öz ordusu haqqında miflər yaradırdı. Onların güclü ordusu var və guya böyük qələbə qazanıb. Biz 1990-cı illərin əvvəllərində nələrin baş verdiyini yaxşı bilirik”.

İ.Əliyev deyib ki, o vaxt Azərbaycanda xaos, anarxiya hökm sürürdü, hakimiyyət uğrunda mübarizə gedirdi.

“O vaxt – 1992-ci ildə AXC-Müsavat cütlüyü hərbi çevriliş etmişdi və bundan sonra biz cəbhədə torpaqlarımızı itirməyə başladıq”, – deyən dövlət başçısı bildirib ki, Şuşa, Laçın 1992-ci ildə, Kəlbəcər 1993-cü ilin aprelində işğal altına düşəndən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaranıb.

“Biz strateji mövqelərimizi o vaxt itirdik. O dövlətə, xalqa qarşı bir xəyanət idi. Ermənistan, onların havadarları bu vəziyyətdən istifadə edərək xarici dəstək hesabına bizim torpaqlarımızı işğal edib. Bu, tarixdir, bilirik, gənc nəsil də bilməlidir. Ondan sonra Ermənistan rəhbərliyi uzun illər miflər yaradırdı. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bölgədəki güclü ordu Azərbaycanındır”.

Müsavat Partiyasının başqanı Arif Hacılı prezidentin bu çıxışına münasibət bildirib. O, tarixi təhrif etməyin mümkün, ancaq açıq yalanların tarixə yazılmasının mümkün olmadığını deyib. Çünki ərazilərin işğal olunması barədə tarixi faktlar var. Yeni Azərbaycan Partiyasının üzvləri iyunun 15-i şərəfinə həmin günü “Qurtuluş günü” elan ediblər. Yəni 1993-cü ilin 15 iyunundan sonra bütün hadisələri qələbə və uğur kimi dəyərləndiriblər:

“Azərbaycanın 6 rayonu isə 1993-cü ilin 15 iyunundan – hakim partiya üzvlərinin bayram etdikləri gündən sonra işğal edilib. Bəzi ərazilərimiz isə AXC hakimiyyətindən əvvəl işğal edilmişdi. AXC hakimiyyəti zamanı isə Goranboy rayonunun böyük hissəsi Ermənistan ordusunun işğalından azad olunub. O cümlədən, Ağdərə rayonu tamamilə təmizlənib. Yalnız Kəlbəcər işğal olunub və bu proses zamanı Elçibəy hakimiyyətinin devrilərək Əliyevin iqtidara gəlməsini təmin edən hərbçilərin bilavasitə iştirakıyla təsdiqlənib”.

Arif Hacılı bildirib ki, AXC bir təşkilat olaraq hakimiyyətə gəlməzdən öncə ərazilərin müdafiəsi yönündə böyük işlər görüb. AXC-nin yaratdığı könüllü batalyonlar olub. Hətta icra başçıları da bu fəaliyyətin içində yer alıb:

“Ona görə Əliyev hakimiyyəti nümayəndələrinin bu barədə danışmağa haqları çatmır. 33 özünümüdafiə batalyonu buraxıldıqdan sonra ərazilərimiz müdafiəsiz qaldı, Dağlıq Qarabağ ətrafındındakı rayonların işğalına şərait yarandı. Biz yalnız 1 il hakimiyyətdə olmuşuq, bu müddətdə 2 rayon işğaldan azad olunub. Heydər Əliyev 10 il, oğlu İlham Əliyev isə 14 il hakimiyyətdədir, ancaq 1 rayon da azad edə bilməyiblər. Hətta bu müddətdə Dağlıq Qarabağ ətrafındakı rayonlar da Ermənistan tərəfindən işğal olunub”.

Qeyd: Arif Hacılı 1992-1993-cü illərdə AXC hakimiyyətində dövlət müşaviri vəzifəsində çalışıb.

Prezident İlham Əliyev 1992-1993-cü il hadisələrindən danışarkən Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının işğalından danışmayıb.

Azərbaycan müxalifəti isə bildirir ki, həmin rayonlar işğal edilərkən Heydər Əliyev hakimiyyətdə olub.

2016-cı il aprelin 2-dən 5-nə kimi cəbhə xəttində Azərbaycan və Ermənistan silahlı bölmələri arasında ağır döyüşlər gedib. Hər iki tərəfin itkilər verdiyi bildirilir. Bu döyüşlərin gedişində Azərbaycan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyini işğaldan azad edib.

Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

 

Meydan TV

%d bloqqer bunu bəyənir: