Mənlik deyil!

Vətəndaş maşın sürür. Yol hərəkəti qaydasını azca pozur. Heç kəsi basmır, heç nəyi əzmir, sadəcə ikixətli zolağı təkəri ilə iki saniyə sola keçib yenə öz sağdakı yoluna qayıdır. Paho-o! “DYP, müfəttişi İsmayılov” qırğı kimi şığıyır üstünə, başlayır qanunun aliliyindən moizə oxumağa. Xülasə, demirəm ki, rüşvət alıb qəmişini çəkir, yox, bunu demirəm, hamı bilir ki, DYP müfəttişləri rüşvət almır. Xeyr, müfəttiş İsmayılov sürücüyə əlli manatlıq cərimə yazır. Neft ucuzlaçıb, hakimiyyət öz qarət məzənnəsini aşağı sala bilməz, ona görə bütün dövlət qurumlarına tapşırıq verilib ki, vətəndaşın cibinə girsinlər. Vergi girir, gömrük girir, prokuror girir, polis hay-hay girər.

Əslində düz də edirlər. Vətəndaşı tərbiyə etmək lazımdır. Nə üçün ikixətli zolağı keçirsən? Keçməsən, ölərsən? Keçmə, cərimələnmə. Belə getsə, vətəndaşımız tədricən (yüz ildən sonra) tərbiyələnib indiki bişüur məxluqdan dönüb olacaq (yüz ildən sonra) şüurlu məxluq. Tədricən anlayacaq ki, dünyada “mən ölüm-sən öl”lə yanaşı qanun da var, ciblərə dürtülən rüşvətlə yanaşı büdcəyə ödənilən cərimə də var, hər bir insanın daşımalı olduğu məsuliyyət məfhumu var.

Vətəndaşın cəza və zor ilə tərbiyələndirilməsinin müsbət nəticəsini külli-aləm həm uzaq Sinqapurda, həm də yaxın Gürcüstanda görüb. Korrupsiya və yekəxanalıq sahəsində tək Cənubi Qafqazın deyil, bütün SSRİ-nin şəksiz çempionu olmuş gürcülər Saakaşvilinin zor və cərimələrinin müalicəvi təsiri altında əhliləşib xeyli şüur və məsuliyyət dərsini öyrənmişdilər. İndi cəmi-əhli-sovet onlara həsədlə baxıb gözləyir ki, onların da ölkəsində siyasət meydanına Mişa kimi bir hünərmənd məxluq gəlsin və çomağı əlinə götürüb döyə-döyə millətini təlim-tədris prosesinə cəlb etsin. Zira heç bir millətin özünə hörmət edən nümayəndəsi zopa və cərimə olmasa, könüllü və öz xoşu ilə şüurlu vətəndaş olmağa qadir deyil.

Gürcülər bu zorakı tərbiyəyə qarşı az qala üsyan edirdilər. Batumidən Kobuletiyə taksi ilə gedirəm. Sürücü yaşıdımdır, onunla söhbət edirəm, daha doğrusu, sürücü ürəyini boşaldır, mən dinləyib hərdən sual verirəm.

Soruşur ki, belə də biabırçılıq olar, ona yol hərəkəti qaydasını pozduğuna görə polis cərimə yazıb, o da vaxtında ödəməyib, cərimə dərhal ikiqat artıb, yenə ödəməyəndə tutub salıblar məhbəsə, ta cəriməni tam odəyənə kimi orada saxlayıblar.

“Sizin Azərbaycanda dövlətin gəliri neftdən gəlir. Bizim Gürcüstanda dövlətin gəliri cərimədən gəlir. Neftin əvəzinə cərimə. Adama nə qədər cərimə kəsərlər? Addımını atırsan, cərimə yazırlar”. Ehtiyatla soruşuram:

“Cəriməni nahaq yazırlar? Sən heç bir qanunu pozmursan?” Sürücü çaşır. “Necə yəni pozmuram? Pozmadan yaşamaqmı olar? Əlbəttə, pozuram. Özün de, qaydanı pozmadan maşın sürməkmi olar”? Deyirəm: “Olar. Çətin də olsa, olar. İlla ki, hamı pozanda , sənin pozmadan sürməyin çox çətindir. Amma, istəsən, olar”. Sürücü əsəbiləşir: “Əşşi, sən nə deyirsən? Qaydaları elə qoyublar ki, pozmadan sürmək mümkün deyil”. Dillənmirəm.

Mənə hər şey aydındır. Bu gürcü tipik sovet məhsuludur. Cənubi qafqazlıdır. Qaydanı pozmadan yaşamağın, maşın sürməyin mümkünlüyünə əsla inanmır. Hələlik inanmır. Amma yüz ildən sonra inanacaq.

Bu, aşağıların qənaəti və davranışıdır. Bəs yuxarılar? Lap yuxarını, prezidenti deyirəm. O, qanuna hörmət edirmi, məsuliyyət daşımağa hazırdırmı? Əsla yox. Prezident ya sürücü, hər ikisi eyni milli siyasi mədəniyyət sahibidir.

Uzağa getməyək. Dövlət başçısı Konstitusiyanın icrasına məsuliyyət daşıyır. Kağızda. Bəs gerçəklikdə? Qanunun üstündən, məhəl qoymadan, tank kimi keçir. Konstitusiyanın Azərbaycanda hansı maddəsi işləyir? Prezident hansı maddənin icrasına təminat verir? Vətəndaş nəyi soruşursa, dövlətin yumruğu gəlir ağzının üstünə.

Vurmayanda, sadəcə heç veclərinə almırlar, elə bil milçək vızıldayır. Soruşursa, heç nə eşitmir, eşidəndə deyir ki, “mənlik deyil”.

Mən Qarabağ məsələsini demirəm, hərçənd ki, demək yerinə düşərdi. Götürək ki, Qarabağ həqiqətən “onluq deyil”. Putinlikdir. Bəs iqtisadi siyasət? Neçə müstəqil iqtisadçı haray saldı, fəryad çəkdi ki, neft pullarını yağmalamayın, sənayeyə, ziraətə yönəldin, sabah pis olacaq.

Kimə deyirsən? Pul sel kimi gələndə başlarını itirdilər, pula elə girişdilər, guya xalqın yox, düşmənin malıdır. Yedilər, dağıtdılar, iş gəlib çatdı müstəqil iqtisadçıların xəbərdar etdikləri məqama… Nə etməli? Qaldı yeganə çıxış yolu: xalqın cibinə girmək. Manatı məzənnədən salmaq, vətəndaşların yığdıqları pulu qiymətdən salmaq. Vətəndaşın yığdığı pul yarıbayarı öldü, kimisi 40%, kimisi 50% itirdi.

Prezident nə dedi? Dedi ki, bütün dünya Azərbaycandan dövlət idarəçiliyini öyrənir. Xalqın itirdiyi pul heç yada düşmədi. Oğurlanmış, tar-mar edilmiş milyardlar xatırlanmadı.

Kiçiklər böyüklərdən öyrənir. İlla ki, çiyinlərdə paqon olanda. Paqonlu adamlar canavar sürüyə daraşan kimi daraşıblar sıravi insanların canına. Ye, yırt, parçala. Heç kim soruşmayacaq. Əl əli yuyar, əl də üzü. Bütün hökumət dəhlizlərində vətəndaş bir nidanı eşidir: “Get, kimə istəyirsən, şikayət et!!!”

Doğrudan da, kimə şikayət edəsən? Şikayət ediləsi qurumlar özləri cinayət yuvasıdır. Paqonludan paqonluya şikayət səfehliyin zirvəsi deyilmi? Hansı ağıllı adam sıravi canavardan canavar sürüsünün başçısına şikayət edər?

Həmin andaca əlbir olub parçalayarlar. Parçalayırlar da.

İndi bəzi canavarlar guya məhkəmə qarşısında guya cavab verirlər. Nə baş verir? “Qoy ədalət zəfər çalsın”-02? Onlar yuxarının cızdığı xətti pozublar. İkixətli ayırıcı zolağı keçiblər. Canavar sürüsünün özünün də daxili hərəkət qaydaları var. Bu qaydalar pozulub. Paqon sahibi öz paqonundakı ulduzların sayına düşən paydan artığa tamah salıb. İndi məhkəmədə ona öz yerini, qoyulduğu yerin pay həcmini göstərirlər.

Guya məhkəmədə guya zərərdidələr guya ifadə verirlər. “Filan MTN zabiti məndən 200 000 (500 000, 1 milyon) dolları çığırda-çığırda aldı, qopartdı”. Ə, bu bir milyon dollar sənə haradandı? Xalqdan oğurlamısan! Başqa mənbə yoxdur! Sən bu bir milyon dollardan nə qədər vergi ödəmisən? Haram milyondur? Vergi ödəməmisən? Oğrudan oğruya halaldır! Bu oğru dövlətdə oğru məmura oğru vətəndaşın oğurladığı haram pullar halaldır!

Azərbaycan Respublikası adlı dövlətin əsl faciəsi ondadır ki, bu dövlətdə aşağıdan lap yuxarıya kimi heç bir səviyyədə məsuliyyət məfhumu yoxdur. Dərindən düşünəndə bəlli olur ki, bu məkanda Respublika yoxdur, zira vətəndaş yoxdur. Olmayan Respublikanın olmayan ərazi bütövlüyü də elə belə, yarımçıq və şikəst olar.

Zərdüşt Əlizadə

Meydan TV

%d bloqqer bunu bəyənir: