Çeçenistanlı hüquq müdafiəçisi homoseksualların qətlinə haqq qazandırdı

Çeçenistan başçısı yanında vətəndaş cəmiyyətinin inkişafı və insan haqları Şurasının üzvü Xeda Saratova “Qovarit Moskva” radiosuna “Novaya qazeta”nın Çeçenistanda qeyri-ənənəvi oriyentasiyası olanların kütləvi saxlanılması ilə bağlı məqaləsinə şərhində deyib: “Bütün hüquq mühafizə sistemi bu ailə ilə bağlı baş verənləri anlaşma ilə qarşılayır”.

“Homoseksualizm Çeçenistan əhalisinin ənənələri və dəyərlərinə ziddir”, – Saratova vurğulayıb, – “Mən çeçen qadınıyam, bu cəmiyyətdə yaşayıram, sizin dediyiniz  hətta müharibədən də dəhşətlidir. Əgər bu gün biz buna göz yumsaq, mən əminəm ki, cəmiyyətimiz dağılar, buna isə heç vəchlə yol vermək olmaz. Mən sizi əmin edirəm ki, özünə hörmət edən hər bir çeçen heç bir dövlət qurumunu gözləmədən hər şey edər ki, bizim cəmiyyətdə belə insanlar olmasın”.

“Yalnız onu deyə bilərəm ki, bizim yaşadığımız cəmiyyətdə belə insanlar barəsində görülən ən ifrat tədbirlər belə, hətta müzakirə edilmir, – Xeda Saratova davam edir, – Mən düşünürəm ki, belə bir insanı  onun öz qohumları öldürəcək ki, bu biabırçılıq aşkar olmasın. Və bütün hüquq mühafizə sistemi, digər orqanlar da bu ailədə baş verənləri anlaşma ilə qarşılayacaq. Bu insanın müdafiəsinə cəhd belə etməyəcək. Bu barədə mənə heç bir müraciət daxil olmayıb. Olsaydı belə, mən belə bir müraciətə baxmazdım”.

“İnterfaks” Çeçenistan başçısı Kadırovun mətbuat katibi Alvi Karimovun məsələyə münasibətini öyrənib. O, Çeçenistanda seksual azlıqların nümayəndələrinin kütləvi saxlanılması ilə bağlı məlumatları təkzib edib. Bəyan edib ki, respublikada qeyri-ənənəvi cinsi oriyentasiyalı şəxslər yoxdur. “Olmayan insanları saxlamaq və məhv etmək olmaz”, – Karimov deyib.

Müsahibəsi KİV-də səs küy yaratmış hüquq müdafiəçisi Xeda Saratova “Business FM” jurnalistinə bildirib ki, cinsi azl;qlara qarşı çağırış etmək fikrində olmayıb. Saratovanın sözlərinə görə, doğma torpağında qeyri-ənənəvi cinsi oriyentasiyalı insanların mövcudluğu xəbəri onu o qədər şoka salıb ki, “Danışır Moskva” radiosuna verdiyi müsahibəsində  ozündə olmayıb. Ona görə də “bəzi ifadələr” səsləndirdiyinə görə təəssüflənir.

Heybət Əmrah

Bastainfo.com

 

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: