Elçibəy hökuməti Füzulini işğaldan necə xilas etmişdi – Arif Hacılının yazısı

Xəbər verdiyimiz kimi, ölkə başçısı İlham Əliyev aprel döyüşlərinin ildönümü ilə əlaqədar hərbçilərlə keçirdiyi görüşdə itirilmiş torpaqlara görə AXC-Müsavat hökumətini günahlandırıb. “O vaxt – 1992-ci ildə AXC-Müsavat cütlüyü hərbi çevriliş etmişdi və bundan sonra biz cəbhədə torpaqlarımızı itirməyə başladıq”, – İlham Əliyev deyib.

Qeyd edək ki, mövcud iqtidarın hakimiyyəti dövründə yüksək vəzifə tutan şəxslərin nə özləri, nə də övladları cəbhə xəttinə getmir, döyüşlərdə bir qayda olaraq ən kasıb təbəqədən olan əsgərlərimiz şəhid olurlar. Heydər Əliyevin hakimiyyəti dövründə yalnız bir dəfə Dövlət katibi vəzifəsini tutan şəxs ağır döyüşlərin getdiyi əraziyə səfər edib, o da yalnız sərhəddin o tayında – İranda hadisələrə qiymət verməklə kifayətlənib. Heydər Əliyev iqtidara gəldikdən sonra mövcud hakimiyyətlə xalq arasında olan bu uçurum cəmiyyətdə qələbəyə inamın sarsılmasına və 6 rayonun işğalına səbəb olub.

İlham Əliyevin hədəfə aldığı AXC-Müsavat hakimiyyətinin təmsilçiləri isə həyatlarını riskə qoyaraq, cəbhə xəttinin ən ön sıralarında müqaviməti təşkil etməkdən çəkinməyiblər.

Qeyd edək ki, bu gün Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılacaq Məngələnata əməliyyatından, ermənilərin Füzuliyə ilk genişmiqyaslı hücumunun dəf edilməsindən 25 il ötür. Bunu və mövzunun aktuallığını nəzərə alaraq, Müsavat Partiyasının başqanı, keçmiş dövlət müşaviri Arif Hacılının həbsxanada yazdığı “Məngələnata əməliyyatı” adlı yazısını təqdim edirik:

Məngələnata əməliyyatı

1993-cü ilin aprel ayının əvvəllərində Füzuli rayonunun işğalı təhlükəsi yarandı. Erməni hərbi birləşmələri rayonun əhatəsində bir neçə hakim yüksəkliyi ələ keçirdi.

Füzuli rayonu Azərbaycan üçün xüsusi strateji əhəmiyyətə malikdir. Füzulinin işğalı faktiki olaraq həm də Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının da mühasirəyə düşməsi və işğalı demək idi. Bu rayonların ərazisi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindən böyükdür. Bu rayonlarda 300 mindən çox əhali yaşayırdı. Füzulinin işğalı həm də Dağlıq Qarabağın azad olunması imkanlarını xeyli zəiflədirdi. Füzuli rayon İcra Hakimiyyətinin başçısı, həm də Horadiz özünümüdafiə batalyonlarının komandiri olmuş Nofəl Qasımov aprelin 4-də səhər tezdən mənə zəng vuraraq Füzuli şəhərinin işğalı təhlükəsi yarandığını, erməni silahlı birləşmələrinin Qacar və bilavasitə Füzuli şəhərinin həndəvərində olan Məngələnata yüksəkliyini ələ keçirdiyini bildirdi. O, məlumat verdi ki, həmin ərazidə briqada komandiri olan polkovnik Həmidov silahlı birləşmələrinə Füzulidən geri çəkilərək Füzuli şəhərindən Horadizə doğru 10 km geridə mövqelər tutmaq tapşırığı verib. Hərbi qərargah da artıq Füzulidən daha uzaq məsafəyə, geriyə köçürülüb. Nofəl Qasımov dedi ki, Füzulini yerli özünümüdafiə qüvvələrinin köməyi ilə yalnız 4 saat qorumaq imkanına malikdir. Ona “Yerində ol, gəlirəm”, – dedim.

Sürətli avtomobillə Füzuli şəhərinə 4-5 saata çatmaq mümkün idi. Həmişə iş yerimdə olan hərbi paltarı geyinib 3-cü mərtəbəyə – o vaxtkı Dövlət katibi Pənah Hüseynin yanına düşdüm. Ona Füzuli şəhərində olan vəziyyətlə bağlı məlumat verdim. Əslində vəziyyətdən xəbəri var idi. Nofəl Qasımov ona da zəng vurmuşdu. Mən Füzuliyə yola düşdüyümü bildirdim. “Oraya çatan kimi əlaqə saxlayacağam. “Hərbi dəstəyi nəzərdə tutaraq” “qa” deyəndə su, “qu” deyəndə ət verməyi səndən xahiş edirəm”, – deyib otaqdan çıxdım. Mən artıq şəhərdə olanda parlamentin spikeri İsa Qəmbər maşınımdakı telefona zəng vurdu. Məni parlamentə dəvət etdi. Füzuliyə getməzdən əvvəl onunla görüşməyimi istədiyini bildirdi. Parlamentin binasında mən liftlə İsa Qəmbərin yanına qalxarkən orada Rəhim Qazıyevlə rastlaşdım. O, artıq müdafiə naziri deyildi, istefaya göndərilmişdi. O, “Füzuli də getdimi”, – deyə mənə sual verdi. “Getdi”, – dedim. O, çıxılmazlıq ifadə edərək əlini dizinə vurdu.

İsa Qəmbərlə görüşümüz bir neçə dəqiqə çəkdi. İsa bəy onun da Füzuliyə getmək istədiyini bildirdi. Mən buna etiraz etdim. Bildirdim ki, Füzulini qorumaq çox çətin görünür. Oraya ona görə gedirəm ki, Füzulinin işğal olacağı təqdirdə döyüş əməliyyatlarında birbaşa iştirak edim. Bəlkə onda Azərbaycan xalqı bu itkiyə görə bizi bağışlayar. “Elə mən də bu məqsədlə gedirəm”, – dedi. Ona bildirdim ki, əgər o həlak olsa, onsuz da hər şey məhv olacaq. Ona görə də Bakıda qalıb, buradan mənə kömək etsin. İsa bəy razı olmadı. O, Füzuliyə getmək barədə qəti qərar qəbul etmişdi.

Biz İsa bəyin zirehli “Mersedes”ində yola düşdük. Bu, əvvəlcə prezidentə məxsus olan xüsusi zirehli “Mersedes-500” idi. Prezident üçün yeni “Mersedes-600” alınanda bu maşın Milli Məclisin sədrinə verilmişdi.

Biz təqribən 3 saat sonra Füzuli rayonunun ərazisinə çatdıq. Yerli əhali yolboyu əks istiqamətdə hərəkət edirdi. Ev əşyaları ilə yüklənmiş yük maşınları, əllərində müxtəlif ev əşyaları, qucaqlarında, çiyinlərində körpə uşaqlar, kisələr olan minlərlə adam Bakı-Laçın şossesinə tərəf gedirdi. Füzuli şəhərinə çatmağımıza bir neçə kilometr qalmış, 20-dək yaxşı silahlanmış əsgərin də Füzuli şəhərindən əks istiqamətə gəldiyini görüb, avtomobili saxlatdım. Düşüb onlarla söhbət etdik. Deyirdilər ki, ermənilər Məngələnatanı tutub, bəlkə də artıq Füzuli şəhərinə girib. Tez-tez “Füzulini satıblar” ifadəsini təkrar edirdilər.

Mən “Kim satıb”, – deyə soruşdum. Onlar “Hökumət”, – deyə cavab verirdilər. Dedim ki, “Hökumət bizik, maşında Milli Məclisin sədri İsa Qəmbərdi, biz Füzuliyə gedirik, Füzulinin icra başçısı, digər vəzifəli şəxslər iş yerlərindədi, müdafiəni təşkil edir, bizi gözləyirlər. Siz isə yaxşı silahlarınız olduğu halda mövqeləri qoyub qaçır, hələ üstəlik kiminsə Füzulini satdığını iddia edirsiniz”.

Bu sözləri ünvanladığım çavuşun çiynində pulemyot var idi, güllə qatarını, kürəyinə, belinə sarımışdı. O, “Mən qorxaq deyiləm, mən qaçmıram”, – deyə qışqırır, yoldaşının əlindən silahı alaraq özünü güllələmək istəyirdi. İmkan versəydilər, bəlkə də həqiqətən özünü güllələyərdi. O, bundan qorxmurdu. Bunlar, sadəcə, demoralizə olunmuş əsgərlər idi. Onlar hətta ölməyə hazır idilər, ancaq döyüş mövqeyində qalıb müdafiəni qura bilmir, buna görə də günahı başqalarında axtarırdılar.

Mən Qarabağ müharibəsi zamanı belə hərbiçilərlə çox rastlaşmışam. Hərbi qaydalara görə, belə hərbi qulluqçular döyüş mövqeyindən çıxarılmalı, müəyyən müddət psixoloji bərpa prosesindən keçməli, yalnız bundan sonra yenidən ön cəbhəyə göndərilməlidir.

Nofəl Qasımov onu müşayiət edən hərbi qulluqçularla bizi yolda Füzuli şəhəri yaxınlığında qarşıladı. Biz birbaşa Füzuli İcra Hakimiyyətinin binasına getdik. Füzuli şəhəri bomboş idi. Ölü şəhəri xatırladırdı. Əhalisi olmayan şəhər çox kədərli və vahiməli görünür.

Mən əhalisiz Ağdamı, Laçını, Ağdərəni görmüşdüm, Füzulini də gördüm. Polis işçilərinin də bir qismi Füzulini tərk etmişdi.

İsa bəy Füzulidə qalan hərbi birləşmələrlə maraqlandı. Məlum oldu ki, şəhəri hələ tərk etməmiş, təqribən 200 silahlı adam var. Bunlar yerli batalyonların nümayəndələri, könüllülər və polis işçiləridir. 50-dək silahlını ermənilərin irəliləmək ehtimalı olan əraziyə müşahidəçi kimi qoyduq. Onların vəzifəsi nəzərə çarpmadan zəncirvari dayanaraq, ermənilərin irəliləyib şəhərə doğru irəliləyəcəkləri təqdirdə, bu barədə bizə məlumat vermək idi.

Bizim, İsa bəyin və mənim Füzuli şəhərində olduğumuz barədə məlumat açıq idi. İlk növbədə yerli əhalidə və hərbi qulluqçularda sakitlik yaratmaq, vahiməni aradan qaldırmaq məqsədi ilə bu məlumat bilərəkdən yayılmışdı. Eyni zamanda hesab edirdik ki, ermənilər bizim orada olduğumuz zaman, beynəlxalq skandaldan çəkinərək, Füzulini işğal etməkdən bəlkə də çəkinəcəklər. Bizim tapşırığımızla Füzuli şəhərinin müxtəlif istiqamətlərindən zaman-zaman və tez-tez yerdəyişmələrlə ermənilərin mövqelərinə müxtəlif silahlardan atəş açılırdı. Bununla da Füzulidə xeyli silahlı qüvvələrin olduğu görüntüsü yaradılırdı.

Füzulidəki qonaq evində İsa Qəmbərlə birlikdə hərbi müşavirə keçirildi. Polkovnik Həmidovun qarşısında Məngələnata yüksəkliyini ələ keçirmək tapşırığı qoyuldu. Ən təhlükəli olan birinci gecə idi. Elə bir vəziyyət yaranmışdı ki, bir neçə erməni batalyonu hərəkətə gəlsə, ciddi müqavimətlə üzləşmədən Füzuli şəhərini ala bilərdi.

Həmidovun dedikləri, əhval-ruhiyyəsi mənim xoşuma gəlmirdi. O, Məngələnata yüksəliyini həmlə yolu ilə alacağını desə də, buna hətta özünün də inanmadığı görünürdü. Bakıdan isə kömək gəlirdi. Xüsusilə parlamentin spikeri İsa Qəmbərin də Füzulidə olması hərtərəfli köməyin cəlb olunmasında ciddi rol oynayırdı. MTN-in birinci müavini Sülhəddin Əkbər bir qrup xüsusi xidmət orqanı əsgərləri ilə tezliklə Füzuliyə gələcəyini bildirirdi. Prezident Qvardiyasının bir bölüyü qvardiya rəisi Tahir Məmmədovun müavini Zahidağa Süleymanovun rəhbərliyi altında Füzuliyə gəlirdi. İnformasiya dəstəyi, təbliğat işi, diplomatik fəaliyyət də normal qurulmuşdu. Doğrudan da, bizə ““qa” deyəndə su, “qu” deyəndə ət verirdilər”.

Nofəl Qasımovun təklifi ilə gecədən xeyli keçmiş polkovnik Həmidovu və digər hərbi rəhbərləri yenidən topladıq. Ondan Məngələnata yüksəkliyini almaq üçün keçirəcəyi əməliyyatın detalları ilə bizi tanış etməyi tələb etdik. Məlum oldu ki, hazırlanmış əməliyyata görə gündüz, işıqlı havada döyüş hissələri, təpə yuxarı həmin mövqeyə hücum etməli, bəzi hərbi birləşmələr isə Qacar istiqamətindən ermənilərin nəzarət etdiyi yüksəkliyin altındakı dərə ilə irəliləyərək, onlara dəstək verməlidirlər. Yüzlərlə şəhidin olacağı prespektivsiz bir əməliyyatın hazırlandığını polkovnik özü də təsdiq edirdi. “Bəs onda nəyə görə belə əməliyyat keçirirsiniz”, – deyə soruşdum. O, sakitcə “Siz bizi məcbur edirsiniz”, – deyə cavab verdi.

– Biz sizə deməmişik ki, hərbi qulluqçuları nəticəsiz bir əməliyyata, labüd ölümə göndərəsiniz. Biz sizdən tələb edirik ki, Məngələnata yüksəkliyini ələ keçirin, – dedim.

Polkovnik Həmidovun son sözü “İndiki şəraitdə Məngələnata yüksəkliyinin alınması hərbi baxımdan mümkün deyil”, – oldu. Bu hərbçinin nəzərdə tutulan hərbi vəzifənin öhdəsindən gələ bilməyəcəyi aydın idi. Bu səmərəsiz “əməliyyatın” durdurulması barədə göstəriş verildi.

Səhər tezdən 200-dək silahlı əsgərin qaldığımız evin qarşısında toplandığı barədə məlumat aldıq. Buraya nə üçün gəldiklərini soruşduqda, Həmidovun onları Məngələnata yüksəkliyini almaq üçün bizim sərəncamımıza göndərdiyini bildirdilər. Nizami olmayan bu hərbi hissə vasitəsi ilə elə ciddi hərbi əməliyyat keçirmək mümkün deyildi.

Həmidov bu hərbi qulluqçuları buraya göndərməklə özünü məsuliyyətdən kənar qoymaq istəyir, gələcəkdə mümkün ola biləcək istintaqda özünə haqq qazandırmaq üçün sübutlar toplamaqla məşğul idi. Onu ərazilərimizin işğalı yox, bu hadisənin onun karyerasına və şəxsi həyatına nə cür təsir edəcəyi narahat edirdi.

Biz bu hərbi hissə üçün şəhərin lap yaxınlığında dislokasiya yeri seçdik. Məngələnata yüksəkliyinin alınması və sonrakı əməliyyatlarda bu hərbi hissə də iştirak etdi. Vəziyyətimiz bir qədər yaxşılaşdı. Sülhəddin Əkbər öz “spestnaz”ı ilə gəlib çıxdı. vətənpərvərliyi, şücaəti ilə seçilən Prezident Qvardiyası da artıq burada idi.

…Füzuli şəhərinə gəldiyimiz ilk saatlarda İcra Hakimiyyəti başçısının kabinetində olan yerli telefon zəng çaldı. Dəstəyi qaldıranda məlum oldu ki, bu Füzuli yerli ATS-də çalışan bir xanımdır. O, bilmək istəyirdi ki, İcra Hakimiyyətində kimsə qalıb, ya yox, ona bildirdim ki: “İcra Hakimiyyətinin başçısı Nofəl Qasımov da, rayon sovetinin sədri Tahir Hüseynov da, İcra Hakimiyyətinin işçiləri də buradadır. Milli Məclisin sədri İsa Qəmbər də buradadır. Mən də Dövlət müşaviri Arif Hacıyevəm. Gəlmişik ki, Füzulinin müdafiəsini təşkil edək”.

Xanım bildirdi ki, onlar ATS-də başqa bir xanımla ikilikdə qalıblar, qorxurlar. Mən onların mühafizəsini təşkil etməyə söz verdim. Mühafizəçilərimdən də biri daxil olmaqla oraya silahlı adamlar göndərdim. Ertəsi gün isə rabitə işi tam bərpa olundu. Bizim tələbimizlə bütün vəzifəli şəxslər bu və ya digər şəkildə silahlanaraq, öz iş yerlərini tutdular. Mən Füzuli rayon İcra Hakimiyyətinin akt zalında müşavirə keçirdim. Bu təhlükəli idi. Elə müşavirənin gedişi zamanı yaxınlıqda ermənilər tərəfindən atılan bir neçə qrad mərmisi partladı.

Həmin günlər Füzuli şəhəri qısa fasilələrlə artileriya atəşinə tutulurdu. Bir çox yaşayış və hökumət binaları dağılmışdı. Tez-tez yanğınlar baş verirdi. Aprelin 5-də Nofəl Qasımov, Cəbrayıl rayonu istiqamətində dislokasiya olunan yerli hərbi batalyonun komandiri Abış Abışovu mənimlə görüşdürdü. O bildirirdi ki, Məngələnata yüksəkliyini diqqəti cəlb etmədən, arxadan yaxınlaşaraq yığcam mobil qüvvə və az itki ilə almaq mümkündür. Onlar kəşfiyyat aparmış erməni postlarından birindən silah, ərzaq məhsulları və digər hərbi ləvazimat götürmüşdülər. Onlar deyirdilər ki, ermənilər yüksəkliyi alsa da, orada hələ möhkəmləndirilmiş ərazi – “ukreprayon”  düzəltməyiblər və arxadan qəfil həmlə ilə həmin yüksəkliyi almaq mümkündür.

Ona bu işi həyata keçirmək üçün cəsur və təcrübəli döyüşçülər lazım idi. Belə döyüşçülər isə Prezident Qvardiyasında var idi. Qvardiyaçıların rəhbəri Ə.Süleymanovu dəvət etdik. Biz – N.Qasımov, Ə.Süleymanov və digər hərbçilərlə keçiriləcək əməliyyatın reallığını bir daha dəqiqləşdirdikdən sonra bu barədə İ.Qəmbərə məlumat verdim. Məngələnata yüksəkliyinin azad edilməsi əməliyyatının planı MTN-in Füzuli rayon şöbəsinin binasında İsa Qəmbər, mən, Sülhəddin Əkbər, Nofəl Qasımov, Əzizağa Süleymanov və başqa hərbçilərin iştirakı ilə hazırlandı.

Əməliyyat ərəfəsində Məngələnata yüksəkliyinə güclü aviazərbə endirildi. Bu, bizim döyüşçülərimizi çox ruhlandırdı. Əhalinin bir hissəsi şəhərə qayıtmağa başlamışdı. Bakıdan da gələnlər çox idi. AXC-nin və Müsavat Partiyasının rəhbərliyinə daxil olan şəxslər, dövlət xadimləri, ziyalılar, jurnalistlər buraya gəlmişdi. Mirşahinin rəhbərliyi ilə televiziya çəkiliş qrupu da prosesi izləyir, çəkilişlər aparırdı.

Məngələnata yüksəkliyinin alınması əməliyyatı qısa müddətdə bir neçə saat ərzində baş verdi. Yüksəklik alınarkən yalnız bir döyüşçümüz şəhid oldu. Məngələnata mövqeyində olan erməni yaraqlıları isə tamamilə məhv edildi. Hərbi sursat və hərbi ləvazimat qənimət kimi ələ keçirildi.

Sonrakı günlərdə prezident Əbülfəz Elçibəy də Füzuli şəhərinə gəldi. Müdafiə əməliyyatları hücum əməliyyatları ilə əvəz olundu. Erməni silahlı birləşmələri xeyli geri oturduldu. Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının mühasirəyə düşmə təhlükəsi aradan qaldırıldı.

14.05.2012. Ramana həbsxanası.

%d bloqqer bunu bəyənir: