Qabriel Qarsiya Markes – Roman sənəti II HİSSƏ

Sim-sim.az  Qabriel Qarsiya Markesin  “the Paris Review” dərgisinə verdiyi müsahibənin ikinci hissəsini təqdim edir.

 

 Qabriel Qarsiya Markes – Roman sənəti I HİSSƏ

 

 

– Romanlarınızda gözlənilməz yerlərdə sürpriz hadisələr baş verirmi?

– Əvvəllər elə şeylər olurdu. İlk yazdığım hekayələrdə gedişatı müəyyənləşdirirdim, amma yenə də sürprizlərin məni yoldan çıxarmasına mane ola bilmirdim. Cavan vaxtı aldığım ən yaxşı nəsihətlərdən biri bu idi: dünya qədər ilham mənbəyim olduğu üçün, gənc olanda bu cür yazmağım qəbul ediləndir. Ancaq texnika öyrənməsəm, gələcək illərdə ilham mənbələri azalıb texnika ehtiyacı ilə əvəzləndikcə, çətinlik çəkəcəkdim. Əgər vaxtında öyrənməsəydim, indi hekayənin strukturunun əsas xətlərini əvvəlcədən müəyyənləşdirməyi bacarmazdım. Hörgü tamamilə texniki məsələdir və onu erkən yaşlarda öyrənməsəniz, əsla öyrənə bilməyəcəksiniz.

 

– Elə isə iş intizamı sizin üçün vacibdir?

– Son dərəcə intizamlı olmasanız, oxumağa dəyən bir kitab yaza biləcəyinizə inanmıram.

 

– Süni stimullaşdırıcılar barədə nə deyirsiniz?

– Heminquey yazırdı ki, yazmaq onun üçün boks kimidir. Bu sətirlərdən çox təsirlənmişdim. Sağlamlığına və daxili dincliyinə həmişə diqqət edərdi. Folkner əyyaş kimi ad qazansa da, verdiyi hər müsahibədə sərxoş olanda bir sətir belə yazmadığını deyərdi. Heminquey də eyni şeyi demişdi. Pis oxucular bəzi kitablarımı yazanda narkotikin təsirində olub-olmadığımı soruşurlar. Təbii ki, bu da onların ədəbiyyat və narkotik barədə məlumatlı olmadıqlarını göstərir. Yaxşı yazıçı olmaq üçün yazdığınız hər an zehniniz tamamilə açıq, sağlamlığınız isə yerində olmalıdır. Mən romantik ədəbiyyat anlayışına, yəni iqtisadi şərtləriniz və emosional vəziyyətiniz nə qədər pisdirsə, yazdıqlarınız bir o qədər yaxşı olur inancına qarşıyam. İnanıram ki, emosional və fiziki sağlamlığınız çox yaxşı olmalıdır. Ədəbi əsər ortaya çıxarmaq üçün sağlam olmaq lazımdır və “İtirilmiş Nəsil” bunu anlamışdı. Onlar həyatı sevən insanlar idi.

 

– Bles Sendrarsın fikrincə, başqa işlərlə müqayisə edildikdə, yazmaq imtiyazdır və yazıçılar dərdlərini şişirdirlər. Bu barədə nə düşünürsünüz?

– Yazmağın çox çətin olduğunu düşünürəm, amma bu hər iş üçün keçərlidir. Bununla belə, imtiyaz sevdiyiniz işlə məşğul olmaqdır. Mən özümə də, başqalarına da həddindən artıq məsuliyyət yükləyirəm, çünki xətaları qəbul etmirəm. Məncə, mükəmməl səviyyəli işlər görmək böyük imtiyazdır. Yazıçıların əksərən meqoloman olduqları həqiqətdir, özlərini kainatın mərkəzi və ictimai vicdanın səsi kimi görürlər. Lakin yaxşı yerinə yetirilmiş iş ən çox heyranlıq duyduğum şeydir. Səyahət edəndə təyyarə pilotunun öz işini mənim yazmağımdan daha yaxşı yerinə yetirdiyini görəndə həmişə sevinirəm.

 

– İndilərdə daha çox hansı vaxtlarda yaxşı işləyirsiniz? Bir iş planınız var?

– Professional olaraq yazmağa başlayanda, ən böyük problem iş proqramı oldu. Jurnalist olduğum üçün gecə işləməli olurdum. Bütün gün yazmağa başlayanda qırx yaşım var idi, iş proqramıma əsasən səhər saat doqquzdan günorta ikiyə, oğullarım məktəbdən gələnə qədər çalışırdım. Ağır iş şərtlərinə öyrəşdiyimə görə ancaq səhərlər işlədiyim üçün özümü günahkar hiss edirdim. Bu səbəbdən günortadan sonra işləməyə cəhd etdim, ancaq günortadan sonra yazdıqlarımı səhəri gün təzədən yazmalı olduğumu gördüm. Ona görə ancaq səhər doqquzdan ikinin yarısına qədər işləməyə və bu zaman başqa heç bir işlə məşğul olmamağa qərar verdim. Günortadan sonra görüşlər, müsahibələr və görməli olduğum başqa işlər olur. Kiçik bir problemim də var, yalnız tanış məkanlarda, işləməyə öyrəşdiyim yerlərdə işləyə bilirəm. Otel otaqlarında, müvəqqəti yerlərdə, bir də borca götürülmüş yazı maşınları ilə işləyə bilmirəm. Bu, problem yaradır, çünki səyahət edəndə işləyə bilmirəm. Təbii ki, insan həmişə daha az işləmək üçün bəhanələr axtarır. Ona görə də özünüzə qoyduğunuz şərtləri həmişə yerinə yetirmək çətin olur. Vəziyyət necə olursa olsun, ilhamın gələcəyinə ümid edirsiniz. Romantiklər bu sözü çox istismar ediblər. Mənim Marksist mübarizə dostlarım bu sözü qəbul etməkdə çətinlik çəkirlər. Adına nə deyirsiniz deyin, bilirəm ki, asanlıqla və axıcı yaza bildiyiniz çox xüsusi bir ruh halı var. Onda bütün bəhanələr – ancaq evdə yazan  kimi – yoxa çıxır. Sanki o an və o ruh halı doğru mövzunu və o mövzunu necə işləyəcəyinizi tapanda yetişir. Və işinizi sevməlisiniz,  çünki sevmədiyiniz işi görməkdən daha pis heç nə yoxdur. Ən çətin mərhələlərdən biri ilk paraqrafdır. İlk paraqrafı yazmağa aylar sərf edə bilərəm, onu yazandan sonra arxası rahat gəlir. Onsuz da kitabınızdakı bir çox problemi ilk paraqrafda həll edirsiniz. Mövzusu, üslubu, dili ortaya çıxır. Mənim üçün ilk paraqraf əsərin qalanının necə olacağını göstərən tanıtım videosu kimidir. Ona görə qısa hekayə kitabı yazmaq roman yazmaqdan daha çətindir. Hər qısa hekayə üçün yenidən başlamalısınız.

 

– Yuxuların mühüm ilham mənbəyi olduğunu düşünürsünüzmü?

– Təzə yazmağa başladığım vaxtlarda yuxulara xeyli diqqət edərdim. Amma sonradan həyatın ən böyük ilham mənbəyi olduğunu gördüm. Yuxular həyat adlanan nəhəng dənizin bir parçasıdır. Lakin yuxular və yozumları haqqındakı fərqli faktlarla maraqlanıram. Adətən yuxuları həyatın bir parçası kimi görürəm, həqiqət daha zəngin olur. Ya da bəlkə mənim yuxularım çox rəngsizdir.

 

– İlham və intuisiya arasındakı fərqlər nələrdir?

– İlham həqiqətən sevdiyiniz düzgün mövzunu tapanda işin asanlıqla irəliləməsini təmin edir. İntuisiya isə (o da roman yazanda vazkeçilməz olur) elmi araşdırmaya və ya xüsusi təhsilə ehtiyac duymadan həqiqəti anlamağa yarayan xüsusiyyətdir.

Məsələn, yerin cazibə qanunu intuisiya ilə daha asan başa düşülür. Bu, mübarizəyə ehtiyac duymadan təcrübə qazanmağın bir yoludur. İntellektual yanaşma həyatda ən sevmədiyim şeydir. İntuisiya ya var, ya yoxdur. Üstünlüyü kvadrat dəliyə yumru açar uydurmağa çalışmamağındadır.

 

– Nəzəriyyəçilərdən xoşunuz gəlmir?

– Qəti. Əvvəla təbii ki, onları başa düşmədiyim üçün. Buna görə bir çox şeyi lətifələrlə danışıram, abstraksiyanı bacarmıram. Beləliklə bir çox tənqidçi mədəni olmadığımı deyir: kitablarımda kifayət qədər sitat gətirmirəm.

 

– Sizcə, tənqidçilər sizi çox qatı meyarlarla kateqoriyalara ayırırlar?

– Məncə, tənqidçilər intellektuallığın ən uğurlu məhsullarıdır. Əvvəla yazıçının tərifini verən nəzəriyyələr irəli çəkirlər. Sonra da yazıçını bu modelə uyğunlaşdırmağa çalışırlar. Uyğun gəlməsə, modelin sərhədlərini zorlayırlar. Bu mövzuda ancaq sizin sualınızı cavablamaq üçün danışıram. Tənqidçilərin mənim haqqımda nə düşündükləri ilə maraqlanmıram, illərdir yazdıqlarını da oxumuram. Öz öhdələrinə oxucu ilə yazıçı arasında vasitəçi vəzifəsini götürüblər. Mən həmişə açıq və səliqəli işləyən yazıçı olmağa çalışmışam və tənqidçilərin vasitəçiliyinə ehtiyac duymadan oxucuya birbaşa toxunmağa cəhd etmişəm.

 

– Tərcüməçilər haqqında nə düşünürsünüz?

– Adətən qeyd istifadə edənlərdən savayı bütün tərcüməçiləri çox dəyərləndirirəm. Belələri yazıçının istəməsə də, bəzi şeyləri oxucuya açıqlamağa cəhd edirlər və oxucu da bunu qəbul etməyə məcbur olur. Tərcüməçilik haqqı tam verilməyən və az gəlir gətirən çətin işdir. Yaxşı tərcümə həmişə əsəri başqa dildə yenidən yaratmağa bərabərdir. Buna görə Qreqori Rabassaya böyük heyranlıq duyuram. Kitablarım iyirmi bir dilə tərcümə edildi və Rabassa heç vaxt qeydlə açıqlama verməyən yeganə tərcüməçidir. Kitablarımın ingilis dilində tam yenidən yazıldığını düşünürəm. Kitabdan bəzi hissələri başa düşmək çox çətindir. İnsan tərcüməçinin kitabı oxuyub ağlında qalanlardan təzə kitab yazdığını düşünür. Buna görə tərcüməçilərə pərəstiş edirəm. Onların intellektuallıqdan çox intuisiya gücünə malik olduqlarını demək olar. Naşirlərin bu  işə görə ödədikləri məbləğ kifayət deyil, onların ədəbi əsər yaratdıqlarını da görmürlər. İspan dilinə tərcümə etmək istədiyim bir neçə kitab var, ancaq onları tərcümə etmək öz kitablarımı yazmağa sərf etdiyim qədər iş gücü tələb edir. Üstəlik dolanışıq üçün kifayət qədər pul da qazana bilmərəm.

 

– Tərcümə etmək istədiyiniz kitablar hansılardır?

– Malronun bütün əsərləri. Konrad və Sent-Ekzüperinin kitablarını da tərcümə etmək istərdim. Bəzən bir kitabı oxuyanda dərhal tərcümə etmək istəyi yaranır. Böyük klassiklər istisna olmaqla, əsəri orijinal dilində oxumağa çabalamaq əvəzinə pis-yaxşı tərcüməsini oxumağa üstünlük verirəm. Başqa dildə oxuyanda rahat olmuram, çünki daxildən hiss etdiyim yeganə dil ispancadır. Digər tərəfdən italyanca və fransızca danışıram, ingiliscəni də iyirmi ildir özümü Times jurnalı ilə zəhərləyəcək qədər yaxşı bildiyimi deyə bilərəm.

 

– Artıq Meksikada özünüzü evinizdəki kimi hiss edirsiniz? Böyük yazıçı icmasının bir parçası olduğunuzu deyə bilərsiniz?

– Ümumiyyətlə yazıçılarla və ya sənətçilərlə ancaq peşələrinə görə dost olmuram. Fərqli işlərdə çalışan çoxlu dostum var, aralarında yazıçılar və sənətçilər də var. Ümumiyyətlə Latın Amerikasındakı istənilən ölkənin bir hissəsi ola biləcəyimi hiss edirəm. Latın amerikalılar düzgün rəftar gördükləri tək ölkənin İspaniya olduğunu düşünürlər, ancaq şəxsən mən özümü oralı kimi hiss etmirəm. Latın Amerikasında sərhəd hissi mənə yad olur. Bir ölkə ilə o biri arasındakı fərqləri görsəm də, ağlımda və qəlbimdə hamısının yeri eynidir. Ən çox Kariblərdə özümü evimdəki kimi hiss edirəm. Fransız, holland və ya ingilis adaları fərq etmir. Branqilada təyyarəyə minəndə mavi paltarlı bir xanım pasportumu möhürlədi, sonra Camaykada təyyarədən enəndə yenə mavi paltarlı qara dərili xanım pasportuma möhür vurdu, amma buradakı ingilis dilində danışırdı. Danışılan dilin böyük fərq yaratdığını düşünmürəm. Ancaq dünyada başqa yerdə özümü yad hiss edirəm və bu hiss inamımı kökündən sarsıdır. Bu, şəxsi duyğudur, səyahət edəndə üzərimdən ata bilmirəm. Azlıq vicdanı daşıyıram.

 

 

 

 

– Latın amerikalı yazıçıların bir müddətAvropada yaşamalarını vacib hesab edirsiniz?

– Kənardan həqiqi bir perspektiv inkişaf etdirmək üçün orada yaşamaq olar. Yazmağı düşündüyüm qısa hekayələr kitabı Avropaya gedən amerikalılar haqqındadır. Bu kitab barədə iyirmi ildir ki, düşünürəm. Latın amerikalıların, xüsusilə də meksikalıların arasında Avropaya heç getməyənlər ola bilər. Gedənlərin də qalmaq niyəti olmur. Avropada qarşılaşdığım bütün meksikalılar həmişə növbəti həftə qayıdırlar.

 

– Sizcə, Kuba inqilabı Latın Amerikası ədəbiyyatına necə təsir etdi?

– İndiyədək mənfi. Siyasi məsuliyyət daşıdıqlarını düşünən yazıçılar özlərini yazmaq istədiklərini yox, yazmalı olduqlarına inandıqları hekayələri yazmağa məcbur hiss edirlər. Bu da ortaya təcrübə, ya da intuisiya ilə heç bir əlaqəsi olmayan bir növ hesablanmış ədəbiyyat çıxarır. Bunun əsas səbəbi isə Kubanın Latın Amerikası üzərində mədəni təsirinə qarşı həmişə böyük müqavimətin olmasıdır. Kubada belə mədəni inkişaf yeni ədəbiyyat növü, ya da sənət sahəsi yaradacaq nöqtəyə çata bilməyib. Bu, vaxt aparan şeydir. Kubanın Latın Amerikasındakı böyük mədəni əhəmiyyəti Latın Amerikasında uzun illər var olan ədəbiyyatın hər  yerə yayılmasını təmin edəcək körpü vəzifəsi daşıması oldu. Bu mənada ABŞ-dakı Latın Amerikası ədəbiyyatı partlamasına Kuba inqilabı səbəb oldu. O nəsildəki bütün Latın amerikalı yazıçılar iyirmi ildir ki, kitab yazırdılar, amma avropalı və amerikalı naşirlərin diqqətini çəkməmişdilər. Kuba inqilabı başayanda birdən-birə Kuba və Latın Amerikası diqqət mərkəzinə çevrildi. İnqilab bir istehlak vasitəsinə çevrildi. Latın Amerikası dəbi başladı. Tərcüməyə layiq Latın Amerikası romanları kəşf edildi vəbeləcə böyük dünya ədəbiyyatına daxil oldular. Latın Amerikasındakı mədəni müstəmləkəçiliyin gəldiyi pis vəziyyət kədər doğurur. Kənardan kimsə onlara romanlarının yaxşı olduğunu deyənə qədər Latın amerikalıları bu həqiqətə inandırmaq mümkün deyildi.

 

– Sizin xüsusilə bəyəndiyiniz az tanınan latın amerikalı yazıçılar varmı?

– Ağlıma heç kim gəlmir. Latın ədəbiyyatı sıçrayışının gətirdiyi ən böyük dəyişiklik indilərdə naşirlərin Kortazarı əldən qaçırmamaq üçün daima pusquda olmaqlarıdır. Təəssüf ki, bir çox gənc yazıçı öz işlərini görmək əvəzinə məşhur olmaq arzusundadırlar. Tuluza Universitetində Latın Amerikası Ədəbiyyatı haqqında yazan fransız professor var. Bir çox cavan yazıçı ona yazıb deyirlər ki, məndən daha çox tanınmağa ehtiyacı olan gənc yazarlar var, mənim kitablarımdan yazmağı bir kənara qoyub onlar haqqında yazsa, yaxşı olar. Lakin yaddan çıxardıqları bir şey var, mən onların yaşında olanda tənqidçilər mənim haqqımda yox, Migel Anxel Asturias haqqında yazırdılar. Sizin yazdıqlarınız haqqınızda yazılanlardan daha mühümdür. İstəyirəm, ədəbi karyeramla bağlı əsas məqamı biləsiniz: qırx yaşınadək (o vaxta qədər beş kitabım çıxmışdı) bir qəpik belə müəllif haqqı almamışam.

 

– Sizcə, bir yazıçının karyerasının başlarında şöhrət qazanması pisdir?

– Şöhrət hər yaşda pisdir. Kitablarımın bir növ ticari məhsula çevrildiyi kapitalist ölkələrdə ölümümdən sonra tanınmaq istəyərdim.

 

– Bu günlərdə ən sevdiyiniz əsərlərdən başqa nələri oxuyursunuz?

– Çox qəribə şeylər oxuyuram. O gün Məhəmməd Əlinin xatirələrini oxuyurdum. Brem Stokerin “Drakula”sı əla kitabdır, ancaqbəlkə də illər əvvəl vaxt itkisi hesab edib oxumazdım. Etibar etdiyim bir adam məsləhət görməsə, heç bir kitabı oxumağa başlamıram. Artıq roman oxumuram. Xatirə və sənəd oxuyuram, sənədlər saxta olsalar da, fərqi yoxdur. Və ən sevdiyim kitabları yenidən oxuyuram. Təkrar oxumağın ən böyük üstünlüyü istədiyiniz səhifəni açıb çox bəyəndiyiniz hissəni yenidən oxuya bilməyinizdir. Yalnız ədəbi əsərlər oxumaq fikrindən imtina etmişəm. Nə olsa oxuyuram. Aktual hadisələri izləməyə çalışıram. Dünyanın hər yerindən demək olar ki, bütün ciddi və mühüm xəbərləri oxuyandan sonra yoldaşım gəlib heç eşitmədiyim xəbərləri verir. Harada oxuduğunu soruşanda isə gözəllik salonundakı bir jurnaldan oxuduğunu deyir. Onun üçün dəb jurnallarını, bütün qadın jurnallarını, hətta dedi-qodu jurnallarını belə oxuyuram. Və sadəcə onlardan öyrənə biləcəyim dünyalar qədər məlumat tapıram. Bunlar məni daima məşğul edir.

 

– Niyə şöhrətin yazıçıya zərər verdiyinə inanırsınız?

– Xüsusilə şəxsi həyatı işğal etdiyi üçün. Dostlarınızla keçirə biləcəyiniz və ya işləyə biləcəyiniz vaxtları əlinizdən aldığı üçün. Bir də insanı həqiqi dünyadan təcrid edir. Yazmağa davam etmək istəyən məşhur yazıçı özünü şöhrətin gətirdiklərindən və apardıqlarından qorumalıdır. Heç vaxt səmimiyyətimə inanılmayacağı üçün deməkdə çətinlik çəkirəm, amma həqiqətən kitablarımın ölümümdən sonra nəşr edilməsini istərdim. Beləcə, şöhrət deyilən şeylə və möhtəşəm yazıçı faktı ilə məşğul olmağa ehtiyac qalmazdı. Mənim vəziyyətimdə şöhrətin yeganə üstünlüyü siyasət sahəsində işə yaramasıdır. Digər tərəfdən çox narahat edir. Günün iyirmi dörd saatı məşhursunuz, bir düyməyə basıb filan yerdə, filan saatlarda məşhur yazıçı olmayacam demək mümkün deyil.

 

– “Yüz ilin tənhalığı”nın fövqəladə uğurunu əvvəlcədən hiss etmişdiniz?

– Dostlarımın digər yazılarımdan daha çox bəyənəcəyi bir kitab olacağını bilirdim. Ancaq ispan naşirim səkkiz min nüsxə çap edəcəyini deyəndə nitqim tutulmuşdu, çünki digər kitablarım əsla yeddi yüzdən çox satılmazdı. Mən naşirdən ehtiyatlı olmağını istədim, ancaq o kitabın uğurundan əmin olduğunu və səkkiz min nüsxənin mayla dekabr arasında bitəcəyini gözlədiyini dedi. Hamısı ilk həftə Buenos Ayresdə satıldı.

 

– Sizcə, niyə bu qədər uğurlu oldu?

– Heç bir fikrim yoxdur, çünki öz yazdıqlarımı yaxşı tənqid edə bilmirəm. Mənim qulağıma çatan açıqlamalardan ən çox təkrarlananı əsərin latın amerikalı insanların şəxsi həyatı barədə olmasıdır. Bu, məni çox təəccübləndirdi, çünki romanın ilk adı “The House” idi. Bütün hekayənin bir ev içində başa vurmaq istəyirdim. Çöldə baş verənlər də sadəcə evin içində əks olunacaqdı. Sonradan “The House” adından imtina etdim, kitab Makondo şəhərinə çatandan sonra orada qalır. Eşitdiyim başqa bir açıqlama isə deyilirdi ki, roman oxucular kitabdakı qəhrəmanları istədikləri kimi görüb tanış bir simaya çevirə bildikləri üçün uğur qazanmışdı. Bu kitabın filminin çəkilməyini istəmirəm, çünki tamaşaçı filmdə gördüyü simaları beynindəkilərə bənzətməyə bilər.

 

– Film çəkmək istəyənlər olub?

– Bəli, menecerim onları fikirlərindən yayındırmaq üçün bir milyon dollar qiymət qoydu və sonra bəzi təkliflər bu rəqəmə yaxınlaşanda qiyməti üç milyona qaldırdı. Film fikri heç maraq oyatmır, mane ola bildiyim müddətdə həyata keçməyəcək. Oxucu ilə kitab arasındakı şəxsi əlaqənin pozulmamağına üstünlük verirəm. Ağlıma yaxşı roman əsasında çəkilmiş heç bir yaxşı film gəlmir, ancaq pis romanlardan alınanxeyli yaxşı film saya bilərəm.

 

– Özünüz film çəkməyi düşünmüsünüzmü?

– Film rejissoru olmaq istədiyim dövr olub. Roma Rejissorluq məktəbinə getdim. Kinonu hər şeyi mümkün qılan ünsiyyət vasitəsi hesab etmişdim. Meksikaya gəldim, çünki film sahəsində rejissor yox, ssenarist kimi işləmək istəyirdim. Amma kinoda böyük bir əngəl var, kino sənaye sənətidir, özlüyündə bir sənayedir. Kinoda demək istədiyimi ifadə etmək çox çətin idi. Hələ də kino barədə düşünürəm, indi bu mənə dostlarımla birgə çalışmaq istədiyim və özümü ifadə etmək qayğısı daşımayacağım lüks kimi görünür. Ona görə kinodan getdikcə uzaqlaşdım. Kino ilə əlaqəmi “nə onunla, nə onsuz” deyərək təsvir edə bilərəm. Bir film şirkəti qurmaqla bir jurnal çıxarmaq arasında seçim etməli olsam, təbii ki, jurnal deyərdim.

 

– Hazırda üzərində işlədiyiniz Kuba kitabı barədə nələr deyəcəksiniz?

– Əslində kitab Kubadakıların gündəlik həyatda ev işlərinin, qıtlığın və yoxsulluğun öhdəsindən necə gəldiklərini nəql edən uzun bir qəzet məqaləsi kimidir. Son iki ildə çıxdığım Kuba səyahətlərində ən çox gözümə dəyən embarqonun orada bir növ “ehtiyac mədəniyyəti” yaratmasıdır. Bu, insanların bəzi şeylərlə yaşamağı öyrəndiyi sosial fenomendir. Mən bu embarqonun insanların düşüncə tərzinin dəyişməsində necə rol oynadığını anlamağa çalışıram. İstehlak əleyhdarı cəmiyyətlə istehlak istiqamətli cəmiyyətlərin konflikti ilə qarşı qarşıyayıq. Əsər indi elə mərhələdədir ki, olduqca qısa qəzet yazısı olacaq desəm də, uzun və qarışıq kitab olmağa doğru irəliləyir.

Ancaq bunun əhəmiyyəti yoxdur, çünki mənim bütün kitablarım belə yaranıb. Bununla yanaşı kitabı tarixi həqiqətlərə əsaslandıraraq Kariblərdəki əsl dünyanın “Yüz ilin tənhalığı”ndakı qədər fövqəladə olduğunu sübut edə biləcəm.

 

– Bir yazıçı kimi uzun müddətli hədəfləriniz və ya peşmanlıqlarınız varmı?

– Deyəsən, bu sualın cavabı şöhrətlə bağlı suala verdiyim cavabla eyni olacaq. Ötən gün biri sual verdi ki, Nobel mükafatını istəyərdinizmi? Bu, mənim üçün fəlakət olardı. Təbii ki, Nobel mükafatına layiq olmağı çox istərdim, amma Nobelin mənə verilməsi dəhşət olar, çünki şöhrətin gətirdiyi problemləri daha da artırar. Bir qızımın olmamağı həyatda peşman olduğum yeganə şeydir.

 

– Bizə bəhs edəcəyiniz başqa bir layihə üzərində işləyirsinizmi?

– Qəti şəkildə həyatımın ən mükəmməl romanını yazacağıma inanıram, amma hansı kitabda, nə vaxt mükəmməli tapacağımdan əmin deyiləm. Belə bir hissə qapılanda – bir müddətdir belə hiss edirəm – o anı qaçırmamaq üçün səssizcə pusquda gözləyirəm.

82-ci nömrə, 1981


 

Tərcümə etdi: İlahə Əkbər

%d bloqqer bunu bəyənir: