Hacı Taledən acı talelərə

(Məhbus uşaqlarının “Ata, yolunu gözləyirik” sərgisi haqqında düşüncələr)

Nəcibə Bağırzadə


Dəmir barmaqlıqlar arasından boylanan atasına əlləri uzalı qalan qızcığaz…Həbsxanaya gedən yol… Təcridxana divarlıarı…Pəncərə qabağında  yol gözləyən cocuq…Siyasi məhbus uşaqlarının hər iki anlamda “çəkdikləri”di.  Bu, onların gözündən oxunan məsum kədərin kağıza köçmüş rəsmidi.  Məhbus ataların həsrətiylə rəsm çəkən bu cocuqların üzünə baxmaq  dünyanın ən kədərli tablolarından birinə tamaşa etmək kimidi.  Rəsmlərin üzərində “ata, yolunu gözləyirik”, “səninçün darıxırıq” kimi kiçik mesajlar var. Bütün rəsmlər adi kağız üzərindədi, bəzisi sadə şagird dəftərinin vərəqlərinə  çəkilib, təkcə “Ruhanilərə azadlıq”, “Həci Tale, Həci Abgülə azadlıq” yazılan “əsər” gerçək sənət nümunələri kimi  çərçivəyə salınıb.

haci tale

Əsərdəki adların yazılışındakı səhvlər, divarda Cənubi Azərbaycanın xəritəsində böyük hərflərlə yazılan Xorasan, Qum şəhərləri qədər tədbirə qatılan hicablı qızcığazlar da diqqətimi çəkir. Düşünürəm ki, bu qızcığazlar rəsm dərnəyinə demirəm, heç olmasa məktəbə gedirmi görən?  Uşaqların yazıda səhv eləməyi faciə deyil, amma böyüklərin elədiyi səhvlər çox vaxt faciələrə nədən ola bilir. Hicab birmənalı şəkildə onların şəxsi seçimi deyil. İslam fəlsəfəsini anlayıb qərar verə biləcək yaşda deyillər. Bu, böyüklərin, valideynlərin seçimidi. “Ruhanilərə azadlıq” şüarını yazdıran da elə uşaqların hüququnu pozan həmin “böyüklər”di.  Elə isə kimdi rəsmi qızılı çərçivəyə salınan bu “böyük”lər?

“Bu gün Azərbaycanda allaha görə, hicaba görə, başı bağlı qızların qeyrətinə görə İmam Hüseyn ardıcılları mübarizə aparır. Küfr bunun qarşısında dayana bilməz. Tövsiyəmiz budur, nə qədər  ki, o bataqlıqda boğulmamısınız, yalvarın, sizi çıxaraq o bataqlıqdan. Əks təqdirdə batıracağıq hamınızı!”mesajıyla hakimiyyətə hədə-qorxu gələn, “Dininiz yoxdu, bəs kişiliyiniz harda qaldı?” sualıyla həyat yoldaşı, anası, bacısı,  qızları örtünməyən minlərlə ləyaqətli, namuslu kişiləri aşağılayan Haci Tale.

“16 yaşlı qızı məktəbə hicablı göndərməyi siz başa düşə bilməzsiz. Hicablı qızların şəkli şərəf lövhəsindədi. Çünki hicablı qızların fikri özündədi. Açıq-saçıq qızların fikri özündə ola bilməz.. O qədər arvadları lütləyib buraxıblar küçəyə!” kimi ittihamlarla normal, sivil dünyanın bir parçası olan Azərbaycan xanımlarının namusunu şübhə altına alan Hacı Abgül.

Hə, bir çoxları kimi mən də 16 və daha az yaşlı qızları məktəbə hicablı göndərməyini başa düşə bilmirəm. 15-16 yaşlı qızın saçının görünməyimi, yoxsa hələ uşaqlığını axıra kimi yaşaya bilməmiş bu balacaları bir kişinin qucağına salmağınmı daha böyük ayıb olduğunu anlaya bilmədiyim kimi. Axı Azərbaycanın şəriət qaydalarının sərt şəkildə qorunduğu bölgələrdə bu faciə -qızların məktəbdən uzaqlaşdırılması, erkən yaşda imam nigahı ilə ərə verilməsi, nigahdan kənar körpələrin doğulması və bu üzdən yaranan saysız problemlər hələ də təkrar-təkrar yaşanmaqdadı…Bu hələ azmış kimi örtünməyən qadınları-Azərbaycanın savadlı, təhsilli, alim, yazıçı, bilim adamı olan xanımlarını təhqir eləməyə bu adama kim haqq verib?!

“Qarabağı ancaq axirət uşaqları xilas edə bilər. Dünya uşaqlarının orda nə işi var?” Sualın özü adamın ürəyini parçalayır. Qarabağ savaşında bu günə qədər şəhid olmuş cavanlarımızın ruhunu təhqir eləməyə necə cəsarət tapıb bu adam! Mən hələ bu vaxta kimi o döyüşlərədə şəhid olan qatı bir dindara, hacıya, nə də onların məzarı başında toplaşan “axirət uşaqları”na rast gəlməmişəm. Amma dindən, imandan danışıb haray salanlardan fərqli olaraq vətəni səssiz-səmirsiz sevən, uğrunda qurban gedən nə qədər “dünya uşaqları” var!.. Çıxışlarının birində dediyi “Küfrün bayrağı” övladlarımızın uğrunda şəhid olduğu üçrəngli bayrağımız olmasın ki? Bu adamların başımızın üstündə asmaq istədiyi, “küfrün rəngi” olmayan  bayrağın rəngi necədi görən? “Zalım rejim redd olsun, məhbuslar azad olsun!” deyən cocuqların atası Azərbaycana hansı rejimi gətirmək istəyir?..

Dünyəvi dövlət olmasilə qürur duyduğumuz Azərbaycanda özləri dediyi kimi “hicab davası, allah, din davası” aparan, həyat yoldaşlarını qara çarşaba, qızlarını hicaba bürünmüş bu adamların Xocalıda, bütün Qarabağda  qətliam törədən ermənilərlə dodaq-dodağa öpüşən mollaların fətvasına bu nə sədaqət, bu nə sevgidi belə?

Əgər söhbət imandan gedirsə, ”Paranın və imanın kimdə olduğu bəlli olmaz” misalını unutmayın,  çünki qəlblər yalnız Yaradana bəllidi. Hicab da, dini mərasimlər də sadəcə bir görüntüdü. Bu görüntünün arxasındakı gerçəkləri yenə də yalnız O bilər. Heç bir bəndənin bir başqasının imanına dəyər verməyə haqqı çatmaz. Öz ailəsində övladlarının haqqını tapdayan birilərinin cəmiyyətə hansı haqqı tanıdacağı isə “görünən kəndə nə bələdçi” məsəlini xatırladır. Qızları körpə vaxtından hicaba bürüməkdənsə, onlara mükəmməl təhsil və seçim azadlığı verin. İşləmək, karyera qurmaq kimi  örtünüb öz evində xanımlıq eləməksə onların öz seçimi olmalıdır, saqqallı ataların, qardaşların, ərlərin qorxusundan doğan məcburiyyət yox.

Dinin əslində coğrafi əraziyə, məkana bağlılığını da unutmayaq.  Bu gün hicab davası aparanlar Avropada, Almaniyada, İngiltərədə doğulmış olsaydılar, təbii ki, göz açıb ata-babalarını kilsə qanunları  ilə yaşayan görəcək, xristian dininin daşıyıcısı olacaqdılar. Sonradan islamı qəbul edən xristianlar və xristianlığı qəbul edən müsəlmanlar dini baxışlarına özü düzən vermiş insanlardı. Bu seçimlərə də hörmətlə yanaşılmalıdır. Dəyişməyən milli mənsubiyyətimizdir. Bütün türk dünyasının bu çətin məqamında türklüyümüz, keçmişimiz, tariximiz xəyanətə uğrayan əmanət… 

Bir həqiqəti də unutmayaq, islam ərəb qadınlarının dünyaya gətirdiyi qız uşaqlarının diri-diri torpağa gömülməsinin qarşısını alıb, ərəb qadınına öz hüququnu tanıdıb. Türk tarixində heç vaxt belə fakta rast gəlinməyib. Türk xatunları həmişə at belində, döyüş və siyasət meydanında, öz xanının, xaqanının yanında olub.  Bu mənada islamdan əvvəlki və sonrakı türk qadınların həyatını nəzərdən keçirib nə qazanıb nə itirdiyimizin də gerçək dəyərini vermək olar. Bunun üçün elə XX əsr ədəbiyyatına nəzər salmaq, cəhalətdən, mövhumatdan yazan Mirzə Cəlilin, vərəmləyib ölən Sabirin  hələ də müasir səslənən əsərlərini xatırlamaq yetər.          

Bütün bunlar hər kəsə gün kimi aydın ikən Azərbaycanı yüz il əvvəlki cəhalətə sürükləyənləri də, onların həbsini siyasiləşdirən insanları da anlamaq çətindi.  

Bu gün bütün dinlərə böyük hörmətlə yanaşılan, islami dəyərlərə isə məxsusi qiymət verilən, dindarların rahat toplaşıb ibadət edə biləcəyi məscidlərin tikidiyi, bərpa edildiyi, bütün dini bayramların yüksək səviyyədə keçirildiyi Azərbaycanda dindarlara daha hansı azadlığın tələb edildiyini, onları “siyasi məhbus”ların siyahısına salındığını düşünmək təəssüf və ürək ağrısı doğurur.

Hakimiyyətdən narazı olmaq olar. İndiki halda ölkədə olan işsizlikdən, maaş və təqaüdlərin azlığından, səhiyyə, təhsil sahəsindəki rüşvətxorluqdan, məmur özbaşınalığından tutmuş bütün çatışmazlıqlardan danışmaq və yazmaq partiya mənsubiyyətindən, kimliyindən asılı olmayaraq hər bir vicdanlı vətəndaşın borcudur. Özümüzü aldadıb, hakimiyyətə xoş görünmək üçün susmağımız əslində dövlətə xəyanətdi. Amma XXI-ci əsr Azərbaycanında kiçicik qızları hicab altında gizlədib “Ağa”sına sadiq nökərlərin hicab davasını dəstəkləmək, Azərbaycanda dindarların pozulan hüququ kimi qələmə verməksə Azərbaycana xəyanətdən başqa bir şey deyil! Hakimiyyətlə dövləti qarışıq salmaq olmaz. Hakimiyyətə qarşı olan narazılığı dövlətə qarşı yönəltmək, hakimiyyətdən dövlətçiliyi sarsıtmaq bahasına “qisas” almaq heç kəsə şərəf gətirməz! Bu dövlət nə qanlar, nə canlar, nə zülümlər bahasına qurulub. Bu gün mübarizə siyasi baxımdan daha azad, daha müasir, iqtisadi cəhətdən güclü, dünyəvi dəyərlər əsasında idarə edilən Azərbaycan uğrunda aparılmalıdı.

Mən yazdım.  Mirzə Cəlilin, Sabirin hələ də rahatlıq tapmayan ruhu, övladlarımzn gələcəyi qarşısında özümü borclu bildiyim üçün yazdım. İndi hərənin  əlinə bir daş alıb dinsiz, imansız, hakimiyyətə yarınan deyib sağdan-soldan mənə tuşlayacağını da gözləyirəm. Amma atılacaq daşların ürəyimdən asılan daşın yanında qum dənəsi kimi göründüyünü bir bilsəydiniz…

Yazı müəllifin fikirlərini əks etdirir və “Basta”nın mövqeyi ilə üst-üstə düşməyə bilər.

 

%d bloqqer bunu bəyənir: