Rusiyadan Azərbaycana pul köçürmələri azalıb

Rusiyadan Azərbaycana pul köçürmələri 2016-cı ildə 739 mln. ABŞ dolları təşkil edib. “Report” Rusiya Bankının (Mərkəzi Bank) statistik hesabatına istinadən xəbər verir ki, bu, 2015-ci ilin yekunu ilə müqayisədə 87 mln. dollar və ya 10,5% azdır. Ötən il Azərbaycana həyata keçirilən hər bir köçürmənin orta məbləği 354 dollar təşkil edib. Bu isə əvvəlki ilin analoji göstəricisinə nisbətən 100 dollar və ya 22% azdır.

Qeyd edək ki, Azərbaycandan Rusiyaya köçürmələr illik müqayisədə 85 mln. dollar və ya 49,4% azalaraq 2016-cı ildə 172 mln. dollara düşüb.

Nəticədə, Rusiyadan Azərbaycana xalis pul köçürmələri 2016-cı ildə 566 mln. dollar təşkil edib ki, bu da 2015-ci ilin analoji göstəricisi ilə müqayisədə 3 mln. dollar və ya 0,53% azdır.

Ümumiyyətlə, Rusiyadan MDB ölkələrinə xalis pul köçürmələri 2016-cı ildə 7,282 mlrd. dollar təşkil edib. Bu da illik müqayisədə 97 mln. dollar və ya 1,35% çoxdur. Ən çox köçürmə 2015-ci ildə olduğu kimi Özbəkistana (2,442 mlrd. dollar) həyata keçirilib.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayında isə RF-dən MDB ölkələrinə xalis pul köçürmələri 227 mln. dollar təşkil edib.

%d bloqqer bunu bəyənir: