Sumqayıt prokurorunun maşınına basqınla bağlı ilginc təfərrüatlar – YENİLƏNİB

Baş Prokurorluq məlumatı nə təsdiq, nə təkzib edir

Sumqayıt şəhər prokurorunun maşınına basqınla bağlı bəzi təfərrüatlar üzə çıxıb. Etibarlı mənbədən aldığımız məlumata görə, şəhər prokuroru Sərdar İmanovun əzilmiş maşını prokurorluğun həyətindədir.

“Maşının şüşələri sındırılıb, kapotu əzilib. Nömrəsi 10 AZ 101-dir. Maşını birbaşa prokurorluğun həyətində təmir etdirirlər, kənara çıxarmırlar. Prokuror bu gün işə “Niva” avtomobilində gəlib. Amma hadisəni törədənlər barədə hər hansı tədbir görülməyib”, – mənbə bildirib.  

Mənbə iddia edir ki, münaqişə sələmçiliklə məşğul olan şəxslərin ifşası ilə əlaqədar aparılan istintaqla əlaqədardır.

“Dünən Eldar Məhərrəmov adlı şəxsin qardaşı və anası hamının gözü qarşısında prokurorun köməkçisinə hücum etdilər. O qaçıb otağa girdi, bundan sonra prokurorun maşının əzdilər. Deyilənə görə, Eldar Məhərrəmov sələmçiliklə məşğuldur, imkanlı adamların pulunu fırladır. Kimlərəsə atıb, amma onun polisdə himayədarları var. Sələmçiliklə bağlı qaldırılan cinayət işində Eldar aldığı pulu qaytarmamaq üçün bir neçə nəfəri şərləyib.  Amma şahidlər dindirilib üzləşdirmə keçirildikdən sonra məlum oldu ki, yalan danışıb. İş xitam olunub, görünür, o da məsuliyətə alınacağından qorxduğu üçün o hərəkəti edib”. – mənbə deyir.

“Eldarın əmisinin də səs yazısı var ki, o, fırıldaqçıdır. Eldar 2000 pul verib ki, başqa bir şəxsi şərləsinlər. Əmisinə də polisdə təklif ediblər ki, yalan ifadə versin, o, da verməyib, Türkiyəyə qaçıb”, – mənbə deyir.

Mənbənin iddiasına görə, bu ifşadan sonra polislə prokurorluq arasında qərginlik yaranıb. 
“Məncə prokurora qarşı bu hücumu polis qızışdırır, çünki müstəntiqlərin məsuliyyət məsələsi qalxacaq”, – mənbə iddia edir. 
.
Məlumatı dəqiqləşdirmək və hadisə ilə əlaqədar niyə heç kimin həbs edilmədiyini öyrənmək məqsədilə Respublika Prokurorluğu ilə əlaqə saxladıq.
Prokurorluğun mətbuat xidmətinin əməkdaşı məlumatı nə təkzib, nə də təsdiq etdi, mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxlamağı məsləhət gördü. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sorğumuza cavab verəcəyini bildirsə də, sonradan onunla əlaqə saxlamaq mümkün olmadı.  
***

4 aprel

Bu gün Sumqayıt Şəhər prokuroru Sərdar İmanovun maşınına basqın olub.

Hadisənin şahidi olanların “Basta” ya verdiyi məlumata görə prokurorun maşınına basqın edənlər maşının şüşələrini sındırıblar.

Hadisə Sumqayıt Şəhər Prokurorluğunun qarşısında baş verib.

Prokurora hücum edənin vaxtilə məcburi köçkünü döyüb burnunu sındırsa da, hüquq mühafizə orqanları tərəfindən himayə olunduğu, həbs olunmadığı bildirilir.

Aldığımız məlumata  görə hücum edən şəxs saxlanılsa da, sonradan sərbəst buraxılıb.

Bastainfo.com

%d bloqqer bunu bəyənir: