“Siyəzən məhbusları”nın siyahısı “Basta”da

Siyəzəndə sosial tələblərlə 2016-cı ilin yanvar ayında keçirilən etiraz aksiyalarında iştirak etdiklərinə görə azadlıqdan məhrum edilən 11 məhbusun siyahısı “Basta”nın redaksiyasına təqdim edilib.

Xəbər verdiyimiz kimi, Siyəzən hadisələrinə görə həbs olunanlara martın 29-da hökm oxunub. Yarıqapalı şəraitdə keçən məhkəmədə 11 təqsirləndirilən şəxsin hər birinə 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzası verilib. 

Onların siyahısını təqdim edirik:

Kərimov Fariz Həsən oğlu – 4 il,

Əzimov Müslim Ağamalı oğlu – 6 il,

Ağamalıyev Talib Telman oğlu – 5 il,

Bəgişov Coşqun Müslim oğlu – 4 il,

Əliyev Elçin Sadiq oğlu – 5 il,

Şəkərov Zaur İlham oğlu – 6 il,

Abdullayev Kamran Səfdər oğlu – 5 il,

Səfərli Aydın Şahbala oğlu – 2 il,

Süleymanov Abasət Oqtay oğlu – 4 il,

Məstanov Namiq Əzizağa oğlu – 4 il,

Qəniyev Nizami Məhərrəm oğlu – 5 il.

Onlar ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və belə hərəkətlərdə fəal iştirak etmə, özgə əmlakını qəsdən zədələmə, hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərməkdə günahlandırılırdı və barələrində Cinayət Məcəlləsinin 186.2.2, 233 və 315.2-ci maddələri ilə cinayət işi başlanmışdı.

Qeyd edək ki, Siyəzən Rayon Məhkəməsində keçirilən məhkəmə prosesinə nəinki jurnalistlər, hətta məhbusların yaxın qohumları da buraxılmayıb. Yerli mənbələrdən əldə etdiyimiz məlumata görə, hakimiyyət Siyəzən məhbuslarına verilən işgəncə faktlarının cəmiyyətə açıqlanmasının qarşısını almaq üçün məhbus ailələrinə təzyiq yolu ilə, müstəqil vəkillərin bu prosesə qoşulmasına da imkan verməyib. Bu səbəbdən məhkəmədə kimə nə qədər cəza verildiyi haqda indiyədək məlumat yayılmayıb.

“Siyəzən məhbusları”nın yaxın vaxtlarda siyasi məhbuslar siyahısına daxil ediləcəyi gözlənilir. Bunu “Basta”ya açıqlamasında hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib.
 
“Biz hesab edirik ki, “Siyəsən məhbusları”nın həbsi siyasi motivlidir. AŞPA- nın siyasi məhbuslarla bağlı məlum kriteriyasına uyğun gəldiyinə görə onları “potensial siyasi məhbus” hesab edirik. Adları hazırda ona görə siyahıya salınmayıb ki, onlarla bağlı məlumatların toplanması davam edir”, – Oqtay Gülalıyev bildirib.
.
Xatırlatma
 .
Siyəzəndə etiraz aksiyalarına 2016-cı ilin  yanvarın 12-də sahibkarlar başlamışdı. Un emalı və çörək bişirməklə məşğul olan sahibkarlar təqribən 200 nəfərlik bir qrup toplayaraq, unun qiymətinin bahalaşmasına narazılığını bildirmək üçün icra hakimiyyətinə getmişdilər. Onlar icra başçısı və deputatla görüşüb öz dərdlərini demək istəyirdilər.  İcra başçısı sahibkarlara söz vermişdi ki, bir gün sonra deputat Tahir Süleymanov da gələcək və onların hamısı İcra Hakimiyyətinin akt zalında qəbul ediləcək. Lakin İcra Hakimiyyətinə gedənlərin hər biri həmin gecə zorakılıqla öz evində həbs olundu. Bundan sonra yanvarın 13-də yerli sakinlər həmin həbslərə etiraz bildirmək üçün küçələrə çıxmışdı. Etirazın qəddarlıqla yatırılması cəhdi isə əhali ilə polis arasında toqquşmalara səbəb olmuşdu.

Mustafa Hacıbəyli

Bastainfo.com

%d bloqqer bunu bəyənir: