İsgəndərdən utanmışlığım

Könül Alı

Ağlım kəsəndən görmüşəm ki, cəmiyyətimizin mədəni gеriliyinə, dini хürаfаtа, mövhumata, cəhalətə, avamlığa qarşı ədiblərimizin mübarizə aparmasını bəziləri islamafobiya kimi qiymətləndirib, mürtəce rejimlərin siyasətinə qarşı mübarizəni də vətən xainliyi kimi xarakterizə edib əks hücuma keçiblər. Görünən odur ki, xalqın və vətənin xöşbəxtliyi yolunda can qoyanların əməyi hədər gedib. Yoxsa bu gün də, eyni bəlalarla çarpışmazdıq…

Mindiyimiz taksi qəbristanlığın girişinə çatanda qəbirlərin arasından axın edən molları görürük.

Nədənsə uşaq vaxtımdan qorxuram bu mollalardan. Bunlar mənə kiçik yaşlarımda kəndimizə gələn Sofu İsmayılı xatırladır. 

Nənəm kimiləri daim gözləyirdi Sofu İsmayılın yolunu.

Ama mən Sofunu görəndə qara günümü qavlayırdım.

Nənəm “Ay aman, uşağı tutun, Sofu İsmayıl boynuna ilan dolasın” deyəndə yerimdən götürülür, yel olub uçurdum. Nənəm də, elə-belə arvadlardan deyildi. Nə yolnan olur-olsun məni tapıb geri gətirər, Sofuyla birləşib o zəhrimara qalmış,  şoqərib ilanı boynuma dolayardı. 

Sofu İsmayılın tütək çalıb torbadan çıxartdığı ilan mənim qorxumu, bəd nəzərimi götürəcəkmiş. Bu sehirbaz kişi sakitcə işini görür, əvvəl ofsun oxuyaraq torbaya üfürür, sonra da tütəyini əlinə alıb çalmağa başlayırdı. Torbanın ağzı yavaş yavaş açılır, ilan qıvrılaraq başını qaldırırdı. Ovsunlayıb torbadan çıxartdığı ilanı uşaqların boynuna dolayan Sofu İsmayıl özünü mükəmməl peşə sahibi kimi aparır, ədayla növbəti “xəstə”sini qəbul edirdi. Ha eləyib növbə mənə çatana qədər ödümü udur, qorxudan  sitildəyirdim.  Elə qorxurdum ki, indi də, yadıma düşəndə vahimələnirəm. Ağlamaqdan göyərmiş başımı zorla tutur, ilanı boynuma dolayırdılar. Mən bu əzabdan tez qurtarmaq üçün sızıldadıqca, ilan daha bərk-bərk boynuma dolanırdı. Ta məni boğmaq həddinə çatanda Sofu ilanı ustufca tutub, boynumdan qopardırdı.

Sonralar bu travma 9-10 yaşlı uşağın bütün həyatına təsir edəcəkdi…

Bax qəbristanlıqda gəzən mollalar mənə həmin o Sofu İsmayılı xatırladır. O əfsunçu qoca nətər ki, nənəm kimiləri aldadıb şou yaradır, pullarını əllərindən alırdı, bu “molla”lar da  eynilə ov qovalayır, cənglərinə keçən ilk ölü sahibini aldadaraq mənəvi, həm də, maddi zərər vurmağa çalışırlar. Ondan heç fərqləri yoxdu vallah, billah. Hələ Sofunun sehirbazlığı vardı. Tütək çalanda, onun ilanı torbadan silkələnib çıxır, aməlli-başlı rəqs eləyirdi… Bu mənzərəni bir az qorxu, bir az da həyacanla izləyərdim.

Bəs bu “molla” ların əlindən nə gəlir?

Mübarək Fatihə surəsini biri 3 cümləylə, biri 5 cümləylə, o biri də  6 cümləylə bitirir. İndi mən binəva bunların hansına inanım. Mən güman edirəm ki, bu yalançı dinçilər bizi aldadır. Ona görə də, kölgə kimi izləyən “molla” ları görməzdən gəlirəm. Deyirəm qoy dədəm-nənəm məndən inciməsin. Mən də başqaları kimi bu yalançı dinçilərin xalqı dini fanatizmə sürüklənməsinə  alət olummu? Yalan – doğru oxuduqları duanın qaydasında oxunduğuna inanımmı? Vallah mən belə zadları bilmərəm. Mənim dədəm elə adam olub ki, yüz il yüz ilə qala bu mollalara dəri diddirməzdi. Anam elə xanım olub ki, mollasifət, falçı, caduçu, büyücü, oxucu, əməlbaz, cindar adı gələndə daş atıb başını tutardı…

Arxayınam ki, qəti inciməzlər məndən. Yəqin başa düşərlər ki, həm cibim boşdu, həm də pulum olsa belə bu “molla”lara yem edən deyiləm.

Qəbrüstünə  gedəndə valideynlərimə xeyirim məzarlarını ot-ələfdən təmizləmək, məzarın kənarında atamın özünün əkdiyi, anamın sevdiyi qızılgülləri sulamaq, bir də diblərini belləmək olar. Yol xeyli uzaqdı deyə tez-tez gedə bilmirəm. Taksi sürücüsü də, qıvrıla-qıvrıla qaldığından ziyarətim də, burnumdan tökülür. Tələm-tələsik çıxıb gəlirəm.

Taksi pulum olsa da, daha tez-tez getsəm, o da yoxdur.

Ehh…keşkə evim məzarlığa yaxın olardı, ürəyim qövr edəndə ora  qaçaydım… Az-maz dərdləşəydim…

…belə dalıb getməyim var – özümü məzarlğda tapıram çox vaxt. Ruh kimi, xəyal kimi.

Deyirəm ki, siz gedəli yaxşılığa doğru heç nə dəyişməyib bu məmləkətdə, yenə işsizik sağlığınızdakı kimi, yenə çaylar tərsinə axır – bulanıqdır. Hələ Qarabağı almamışıq – cəbhədə sakitlik də deyil. Gündə  bir əsgər şəhid olur, ölkəni böhran ağzına alıb aparır… Ədalət desən, ondan əsər əlamət qalmayıb…

Batırıq ee, vallah, batırıq xəbəriniz yoxdur.

Siz gedəli yaman xarabdı buralar – hökümət insanların qanına yerikləyib, adamlar borc-xərc ucbatından intihar edir, uşaqlar evdən qaçır, əmi qardaşı qızını özünə arvad edir, ata balasına təcavüz edir…

Adamlarla birgə yaman yoxsullaşıb mənəviyyat, ucuz olub yalan-dolan. Ona görə bəlkə də şanslısınız – görmədiniz bu günləri, ikrah doğuran çirkinlikləri.

Məzhəb ovçularının, mövqe hərislərinin yalanlarında boğulmamış getdiniz bu dünyadan…

Yaman çətindi yaşamaq, insan övladının dərd yükü çəkilməz olub.

Ən çətini – yaşamaq zorundasan, rüşvətxorlar dərini didsə də, oğrular talan etsə də, quldurlar azadlığını çalsa da…

Bilirdiniz ki, ən tolerant həmsöhbət ölülərdi?

Heç olmasa dinləyirlər adamı, yoxsa bu dünyadakı insanlar kimi həqiqəti eşidəndə şıllaq atıb qaçmırlar.

İstədim özümü Kefli İsgəndər kimi aparım. Deyim ki, ey ölülər! Ölülər…ölülər. Səsim içimdə qırıldı. Öl-ü-l-ə-r-r-r-r…

Yaman utandım İsgəndərdən. Ruhu buralarda dolaşar deyib, səsimi uddum.

… bir əsr öncə İsgəndərin xitab etdiyi ölülərdən də ölü idi dirilərimiz. Sağkən düşünə bilməyən, diriykən ölü olan dirilərimiz. İsgəndərin sələflərindən də, ölü idi dirilərimiz. Yarısı din pərdəsi altında mövhumat yayanların qurbanı oldu, yarısı tiranlığın zülmündən qorxub, şərə boyun əydi…Bunları qanaraq susmaq bilirsiniz nə çətindi? – deyərdim. Savunardım özümü. Ama susdum. Yüz ildə dəyişdirə bilmədiyimiz dirilərimizin ayıbından utanıb, susdum…

…çətin olsa da, susmaq!

İçində fırtınalar qopanda susmaq!

Susmaq!

Susmaqqqqq.

 

%d bloqqer bunu bəyənir: