Mehman Hüseynov: “Məni uzandırmışdılar, biri də üstümdə oturmuşdu”

Bu gün Bakı Apellyasiya Məhkəməsində bloqqer Mehman Hüseynovun böhtan suçlaması ilə 2 il həbsə məhkum edilməsinə dair hökmdən verilmiş şikayətə baxılıb.

Bu iş Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyasının icraatındadır. Mehmanın vəkilləri işin hərtərəfli araşdırılmasından ötrü məhkəmədə bir neçə vəsatət qaldırsalar da, bu hakimlər onları təmin etməmişdi. Ona görə də vəkillər aprelin 10-da keçirilən məhkəmədə işə bu hakimlərin baxmasına yazılı şəkildə etiraz etmişdilər.

“QANUNSUZLUQ ELƏYƏN POLİSDİ”

Aprelin 11-də məlum olub ki, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyev etirazı əsassız sayıb və iş elə həmin hakimlər kollegiyasında qalıb.

Bugünkü məhkəmədə bloqqerin vəkilləri çıxış ediblər. Vəkillərin hamısı Mehman Hüseynovun günahsız olduğunu bildirib, ona bəraət verilməsini istəyiblər.

“Mehmana qarşı qanunsuzluq eləyən polisdi. Sonra da onu cəzalandırırlar ki, ona işgəncə verilməsini yayıb. İşgəncəni ictimailəşdirdiyinə görə Mehmanın haqqında çıxarılan hökm polis idarələrində işgəncə hallarının daha da artmasına rəvac verəcək”, – vəkil Elçin Sadıqovun sözləridir.

Elçin Sadıqov

Elçin Sadıqov

Müdafiəçi bildirib ki, bu işdə bir sıra prosessual hüquq normaları da pozulub. Məsələn, bu şikayətə Suraxanı Rayon Məhkəməsi baxa bilməzdi, çünki Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin böhtan hesab elədiyi müsahibə Nəsimi rayonu ərazisində (Nəsimi Rayon Məhkəməsinin önündə – red.) verilib. Polis rəisinin xüsusi ittiham qaydasında qaldırdığı iddianın surəti, Suraxanı Rayon Məhkəməsində hazırlıq iclasının qərarı onlara verilməyib.

Mehman Hüseynovun digər vəkili Şəhla Hümbətova onun tanınmış bloqqer olduğunu, ölkədəki qanun pozuntularını, məmur özbaşınalıqlarını çəkib yaydığını yada salıb.

“İSTƏYİRLƏR Kİ, İÇƏRİDƏ OTURSUN”

Hümbətovanın sözlərinə görə, hökumət dairələri Mehmanın bu fəaliyyətinin qarşısını almaq üçün 2012-ci ildən ona müxtəlif formalarda təzyiq göstərir.

Şəhla Hümbətova

Şəhla Hümbətova

“Mehman Hüseynov nəinki Musa Musayevin adını çəkməyib, bu adamı ümumiyyətlə, tanımır. Məhkəmə araşdırması aparılmayıb, Mehmanın əleyhinə ifadə verən adamları dindirməyə imkan yaradılmayıb. Məhkəmə hökm çıxarmaq üçün müşavirəyə gedəndə artıq Mehmana zaldan çıxmağa imkan verilməyib. Bu da o deməkdir ki, hökm – Mehmanın həbs olunacağı müşavirədən əvvəl bəlli olub. Mehman Hüseynovun həbsinin məqsədi onu jurnalist, bloqqer fəaliyyətinə görə cəzalandırmaq, cəmiyyətdən təcrid etməkdir. İstəyirlər ki, içəridə otursun, məlumat yaymasın”, – deyə Şəhla Hümbətova bildirib.

Ardınca Mehman Hüseynov özü çıxış edib. O, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasına diqqət çəkib. Deyib ki, əgər araşdırma aparılsaydı, qarşı tərəf özü biabır olacaqdı: “Son dövrlərdə polis sistemi utanmadan sübut eləməyə çalışır ki, qatıq qaradır. Bunlar adamları ən müxtəlif yollarla sındırmaq istəyirlər. Mən o adamlardan deyiləm. Azərbaycanda yaşadığımızı nəzərə alaraq, jurnalistikaya başlayanda təzyiqləri də gözə almışdım. Burada söz azadlığının qiyməti çox bahadır”.

“KİŞİ ELƏ HƏRƏKƏT ELƏMƏZ”

Son dörd ildə məruz qaldığı təzyiqlərdən danışan Mehman Hüseynov yanvarın 9-da saxlanılması, Nəsimi Rayon Polis İdarəsində ona qarşı işgəncələr haqda ətraflı məlumat verib. Bildirib ki, onu başına torba keçirib oğurlayıblar, polis idarəsində də döyüblər, təhqir ediblər: “Məni uzandırmışdılar, biri də üstümdə oturmuşdu. Otaqda səkkiz nəfər vardı. Utanmadan kənardan durub şəkillərimi çəkirdilər. Kişi elə hərəkət eləməz. Əgər yalan deyirəmsə, məni tutub maşına basdıqları yerdəki, idarənin qarşısındakı, idarənin içindəki kamera görüntülərini qoysunlar ortaya. Orada görünəcək ki, məni hansı formada aparıblar. Görüntüləri çıxarsınlar, iki yox, lap yüz il həbsə razıyam. Yalan danışırlar ki, guya həmin gün təhlükəsizlik kameraları işləməyib”.

Bloqqer çıxışının sonunda hakimlərə müraciət edərək deyib ki, hansı qərarın verilməsindən asılı olmayaraq, o günahsızdır: “Siz bilin ki, günahsız bir adamı qanunsuz olaraq, həbsdə saxlayırsız. Yadınızdadırsa, Akif Çovdarov bir vaxtlar adamları mələdirdi, indi onun özünü mələdirlər”.

Xüsusi ittihamçının nümayəndəsi Əlirza Həbilov apellyasiya şikayətinin əsassız olduğunu bildirib və hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını istəyib.

Hakimlər qərar vermək üçün müşavirəyə gedib. Qərar aprelin 12-də elan olunacaq.

XATIRLATMA

Mehman Hüseynov bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı. Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerin işgəncə iddialarını əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi. Şikayətdə M.Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilirdi.

azadliq.org

%d bloqqer bunu bəyənir: