Abituriyentlərin sayı niyə azalıb?

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2017-2018-ci tədris ili üçün ərizə qəbulu 11 aprel saat 23:59-da başa çatıb.

Bu barədə Qafqazinfo-ya məlumat verən təhsil eksperti Kamran Əsədov bildirib ki, əhatə dairəsinə görə Azərbaycanda ən böyük imtahan prosesi olan bakalavr səviyyəsinə qəbul imtahanları, ilk növbədə, xidmət haqlarının kəskin artması və bunun da imtahanlarda iştirak edənlərin sayında azalma ilə yadda qalıb.

Bu il imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq etmiş abituriyentlərin sayı belədir:

I qrup üzrə 27490 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 25603 nəfər).

II qrup üzrə 19641 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 18676 nəfər).

III qrup üzrə 17916 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 16752 nəfər).

IV qrup üzrə 4922 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 4621 nəfər).

V ixtisas qrupu üzrə 34153 nəfər imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq edib.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirmək istəyənlərin sayı isə 36076 nəfərdir.

Ekspertin sözlərinə görə, bu il əvvəlki illərlə müqayisədə I-IV qruplar üzrə ali məktəblərə qəbul olmaq istəyənlərin sayında kəskin azalma var: “Belə ki, 2015-ci ildə I-IV qruplar üzrə 82925 nəfər, 2016-cı ildə I-IV qruplar üzrə 78545 nəfər abituriyent imtahanda iştirak etmişdi. Bu illər arasında kəskin fərq yox idi. Amma 2017-ci il üçün 69969 nəfər elektron ərizəsini təsdiq edib ki, onların da heç də hamısı imtahanda iştirak etməyəcək. Ali məktəblərə qəbul plan yeri I-IV ixtisas qrupları üzrə 40 minə yaxındır. Bu il həmin qruplar üzrə imtahanda iştirak edənlərin sayı isə 69969 nəfərdir. İmtahanda iştirak edənlərin heç də hamısı keçid balını toplamır. Məsələn, 2015-2016-cı il və hətta ondan əvvəlki illərdə imtahanlarda iştirak edənlərin 60 faizə yaxını keçid balını toplaya bilməmişdi. Bu il də eyni göstəricinin təkrarlanacağı danılmazdır. Belə halda böyük sayda plan yeri boş qalacaq ki, bu da universitetlərin maliyyələşməsinə ciddi təsir göstərəcək.

2016-cı ildə ali məktəblərin plan yeri 80 faiz dolmuşdu və 7500 plan yeri boş qalmışdı. Cari ildə bu rəqəmdə ciddi artım olacağı qaçılmazdır”.

Publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzinin sənəd qəbulundan əldə etdiyi gəlirə gəlincə isə o vurğulayıb ki, I–IV qruplar üzrə 69969 nəfər (o cümlədən, yaz imtahanında iştirak edəcək 65652 nəfər) elektron ərizəsini təsdiq edib. Bunların hər biri 40 manat məbləğ ödəmiş olur (Cari ilin məzunları üçün bu məbləği dövlət büdcəsi ödəyir). Deməli, I-IV qruplar üzrə DİM 5424840 manat (69969+65652×40) gəlir əldə edib.

V ixtisas qrupu üzrə 34153 nəfər abituriyent elektron ərizəsini təsdiq edib ki, ərizəsini təsdiq etmək üçün hər abituryent 40 manat xidmət haqqı ödəyib. Deməli, DİM V ixtisas qrupu üzrə 1366120 manat (34153×40) gəlir əldə edib.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçmiş və elektron ərizəsini təsdiq etmiş abituriyentlərin sayı isə 36076 nəfərdir ki, onların da hər biri bu mərhələdə keçirilən test imtahanında iştirak etmək üçün 20 manat ödəyiblər. Deməli, DİM kolleclərə keçiriləcək imtahandan 721520 manat (36076×20) gəlir əldə edəcək.

Ümumilikdə, DİM 11 apreldə başa çatan sənəd qəbulundan 7512480 manat (5424840+1366120+721520) gəlir əldə edib. Amma bu xalis qazanc deyil. Çünki DİM imtahan prosesini təşkil etmək üçün xərclər çəkir ki, bu xərclər də onların daxili sirləridir”.

%d bloqqer bunu bəyənir: