İlham Əliyev: Mehriban Əliyevanı qəsdən Birinci vitse-prezident təyin etdim

“Bizim ölkəmiz elədir ki, əgər sərt olmasaq, hər tərəfdə saqqallılar dolaşmağa başlayacaq, hər yan partlayacaq”

Rusiyalı teleaparıcı Vladimir Solovyov Bakıda prezident İlham Əliyevlə 2 saatlıq söhbət aparıb. Elə onu Bakıya bundan ötrü çağırıblar. Bu barədə V.Solovyov bu gün Vesti.FM radiostansiyasına müsahibəsində deyib.

“Əliyevlə söhbətim çox açıq oldu və mən verdiyim suallara Ermənistana müsbət münasibətim nəzərə alınmaqla cavab verilməsini istəyirdim”, – Solovyov qeyd edib.

“Əliyev məndə çox yaxşı təəssürat oyatdı, yaxşı təhsili var, ancaq bu, o demək deyil ki, mən onun mövqeyi ilə razıyam”, – teleaparıcı vurğulayıb.

Hazırda Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşin və əslən erməni olan Rusiya vətəndaşı Ueldanovla bağlı məsələ müzakirə olunub.

“Ümid edirik ki, Lapşinin işi üzrə məsələ azadlıqdan məhrumetmə ilə bağlı real müddətə gedib çıxmayacaq”, – Solovyov deyib.

“Onun Amerikaya heç bir pərəstişi yoxdur”, – Solovyov Əliyevin ABŞ-a münasibətilə bağlı bildirib.

“Əliyev müxalifətlə mübarizəsi haqda da danışdı. “Mən xaricdən gələn maliyyə axınına nəzarət etməyə başladıqdan sonra müxalifət cılızlaşdı”, – teleaparıcı Əliyevin sözlərindən sitat gətirib.

Mən soruşdum: “Niyə bu qədər adamı həbs etmisiniz?”

– “Bizim ölkəmiz elədir ki, əgər sərt olmasaq, hər tərəfdə saqqallılar dolaşmağa başlayacaq, hər yan partlayacaq”.

Mən başa düşdüm ki, ABŞ-a biz kasıb və zəif kimi lazımıq, əgər birdən varlansaq, o anda korrupsiya söhbətləri başlayır və biz pis oluruq. Odur ki, mən bütün stereotipləri sındırmaq və bizim Avropa olmadığımızı göstərmək qərarına gəldim, prezidentlik müddətilə bağlı referendum keçirdim”, – aparıcı Əliyevdən sitat gətirib.

“Mən soruşdum ki, niyə xanımınızı birinci vitse-prezident təyin etmisiniz?

– Mən bunu qəsdən etdim. Birincisi, bu mövcud status-kvonun möhkəmləndirilməsdir, ikincisi, onlara göstərmək istəyirdim ki, biz onlar kimi deyilik və onların istədiyi yolla getməyəcəyik”, – İ.Əliyev bildirib.

Solovyovun sözlərinə görə, Əliyev siyasi islama qarşı çox sərtdir və “hakimiyyəti ələ keçirib dünyəvi ölkəni din ölkəsinə çevirmək istəyən din xadimlərinin siyasətə qoşulmaq cəhdinin qarşısını alacaq”.

Qarabağa gəlincə, Əliyev işarə edib ki, Ermənistanın müttəfiqi kimi Rusiyanın narahatlığını başa düşür. Ancaq məsələnin həlli zamanı Azərbaycanın ərazi bütövlüyünün saxlanmasının vacibliyi ilə bağlı mövqeyindən geri çəkilməyəcək. “Ancaq bir şey dəqiqdir ki. Rusiyanın indiki rəhbərliyilə məsələnin hərbi yolla həlli mümkün deyil”, – Solovyov vurğulayıb.

Məsələnin həlli perspektivlərindən danışan Solovyov deyib ki, münaqişə həll olunarsa Azərbaycan Qarabağa böyük investisyalar qoya və Avrasiya İqtisadi İttifaqına qoşula bilər.

O qeyd edib ki, Əliyev teleaparıcının Qarabağa getməsilə bağlı hər hansı narazılığını bildirməyib. O həmçinin deyib ki, Bakıya səfəri zamanı Azərbaycan tərəfdən hər hansı hədiyyənin olmamasını şərt qoyub.

Turan İA

%d bloqqer bunu bəyənir: