Qüdrət Həsənquliyev: “Onlar başa düşürlər ki, nə baş verir”

Milli Məclisin ötən həftə keçirilən iclasında “Banklar haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə edilərkən deputat Qüdrət Həsənquliyev sərt çıxış edib. Qüdrət Həsənquliyev həm bankların maliyyə hesabatını vaxtında açıqlamamısndan, həm də parlamentə təqdim olunan layihənin Konstitusiyaya zidd olmasından danışıb.

Q.Həsənquliyev bu dəyikliyin ağır nəticələr verə biləcəyindən danışıb.

“Bank sirrlərinə daxil olan şəxslərin siyahısını genişləndirməklə vətəndaşların banklarda maliyyə saxlamasını təmin edə bilməyəcəyik. Əksinə, vətəndaşlar maliyyəsini İsveçrə və digər banklara daşıyacaqlar. Harada ki, bank sirrləri daha etibarlı qorunur. Ya da heç kim gətirib pulunu Azərbaycan banklarında saxlamayacaq… Biz məhkəmə qərarı olmadan bankın lisenziyasının bağlanması səlahiyyətini də palataya veririk. Mən bu haqda geniş danışacağam. Biz bank sektorunda nizam-intizam yaratmaq istəyirik, yoxsa nə?” – Publika.az-ın məlumatına görə, Qüdrət Həsənquliyev belə sual verib.

Spiker Oqtay Əsədov isə bu çoxmənalı suala ümumi sözlərlə cavab verib: “Bütün dünya banklarında eyni sistem tətbiq edilir. Fikirləşməyin ki, onlarda başqa sistemdir”.

Daha sonra Q.Həsənquliyev söyləyib ki, təklif olunan dəyişikliklər birbaşa Konstitusiya normalarına ziddir: “Konstitusiya hüquq normalarının bu qədər pozulması yolverilməz haldır. Düzdür, Milli Məclisdə vətəndaşların konstitutsion normaların pozulması halları əvvəllər də olub. Ancaq bu səviyyədə olmayıb… Bu yolla bank sektorunu inkişaf etdirə bilmərik”.

Millət vəkili xüsusən Maliyyə Bazarına Nəzarət Palatasına verilən yeni səlahiyyətlərə etiraz edib: “Mən Nəzarət Palatasına bu qədər səlahiyyət verilməsinin səbəbini anlaya bilmirəm. Odur ki, bu məsələlərə aydınlıq gətirlməli və ilk olaraq 131-2 maddəsi qanun layihəsindən çıxarılmalıdır”.

Oqtay Əsədov yenə çıxışa reaksiya verib, amma Qüdrət Həsənquliyevin işarə etdiyi səbəbi anlatmayıb.

“Bu gün elə bank var ki, gündə beş milyon manat ziyan edir. Ona görə də bu piramida kimi inkişaf etməsin deyə, bankların sağlamlaşdırılmasına xidmət edir. MBNP-yə də səlahiyətlərin verilməsinin əsas məqsədi budur. Ona görə də bu quruma səlahiyyət verməliyik”, – spiker deyib.

Etirazlara rəğmən layihə böyük səs çoxluğu ilə qəbul edilib.

Amma bank sektorunun monopoliyaya alınmasının legitimləşməsinə xidmət edən bu qanuna qarşı Qüdrət Həsənquliyevin etirazları bundan sonra da dayanmayıb. O, ötən gün “Yeni Müsavat” qəzetinə müsahibəsində daha da dərinə gedib.

“Maliyyə Bazarlarına Nəzarət Palatasına bankların lisenziyasını ləğv etmək səlahiyyəti verildi. Qurumun bu səlahiyyəti var idi. Amma İnzibati Prosessual Məcəllədə belə bir müddəa nəzərdə tutuldu ki, əgər Nəzarət Palatası hansısa bankı bağlayırsa və məhkəmə də həmin qərarı qanunsuz sayırsa, o qərarı ləğv eləmir. Qanunsuz hesab edir, amma ləğv eləmir. Yəni absurdluq bax, burdadır. Bu, sadəcə, hüquqi nihilizmdir. Bunun əvəzində yalnız kompensasiya ödənə bilər. Burada Konstitusiyanın bir neçə müddəası pozulur. Birinci konstitusiyanın 7-ci maddəsində qeyd olunur ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilir – qanunverici, icra və məhkəmə orqanı. Hər biri də öz səlahiyyətləri çərçivəsində müstəqildir, bu da birbaşa yazılır. Bundan başqa, Konstitusiyanın 93-cü maddəsində qeyd olunur ki, qanunverici orqan onların səlahiyyətlərinə aid məsələlərlə bağlı nə qanun, nə qərar qəbul edə bilməz. Yəni qanunverici orqan məhkəməyə necə göstəriş verə bilər ki, qanunsuz hesab etdiyini ləğv etmə?! Beləliklə, biz səlahiyyət həddini aşdıq”, – Qüdrət Həsənquliyev deyib.

“Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarının, siyasi partiyaların, istənilən təşkilatın qərarlarından məhkəməyə şikayət verə bilər. Biz bu qanunu qəbul edəndən sonra belə çıxır vətəndaş hesab edirsə ki, ona məxsus bankı qanunsuz bağlayıblar, o zaman bankın bərpası ilə bağlı iddia qaldıra bilməz… Konstitusiyanın 60-cı maddəsi də kobud şəkildə pozulur. Sən vətəndaşa deyə bilməzsən ki, sən hansı iddianı qaldır. Yəni bu, vətəndaşın hüququdur”, – deputat izah edib.

“Məni dəhşətə gətirən o oldu ki, Milli Məclisdə bütün bunları dediyim halda, heç bir reaksiya verilmədi. Verildi e, qanunsuz reaksiya… Bəzi deputat həmkarlarım hüquqşünas peşələrinə xəyanət etdilər, açıq şəkildə Konstitusiyaya zidd müddəanı dəstəklədilər. Orda savadlı hüquqşünaslar var, onlar başa düşürlər ki, nə baş verir. Amma hökumət tərəfindən gəldiyinə görə ona dəstək verdilər. Konstitusiyada vətəndaşın əmək hüququ var – 35-ci maddə. Yəni istənilən peşə ilə məşğul olmaq hüququ var. Məsələn, mən də özümə bank fəaliyyəti ilə məşğul olmaq seçimini etmişəm. Bankım var, ancaq sən mənim bankımı bağlayırsan ki, “daha bank fəaliyyəti ilə məşğul olma!” Özü də qanunsuz deyirsən, məhkəmə də bunun qanunsuz olduğunu sübut edir. Bu da vətəndaşın növbəti konstitusion hüququnun pozulmasıdır. Gör mən Konstitusiyanın neçə maddəsini saydım ki, kobud şəkildə pozulur”, – Qüdrət Həsənquliyev deyib.

Deputatın sözlərindən məlum olur ki, o, bank sektorunun monopoliyaya alınması və Nəzarət Palatasına əlavə səlahiyyətlərin verilməsinə qarşı mübarizəsində tək deyil: “Bundan əvvəl Milli Məclisin komitə iclasında Ali Məhkəmə üzvü də dedi ki, siz məhkəmələrə necə qanun qəbul etməklə bağlı göstəriş verə bilməzsiniz… Onsuz da bu qurumun səlahiyyətləri var. İstəsə, bu gün lisenziyanı ləğv edə bilər. Amma məhkəmə Nəzarət Palatasının qanunsuz qərarını ləğv edə bilirdi, indi biz qanunda yazdıq ki, məhkəmə bu qurumun qərarını ləğv edə bilməz”.

“Mən orda da soruşdum ki, məsələn qanunsuz bağlamaqla banka milyonlarla ziyan vurmusan, konpensasiyanı kim ödəyəcək? Hətta onu da dedim ki, burada yazsaydınız ki, məhkəmə bu yanlış qərarı qəbul edənlərin şəxsi hesabına banka vurulan ziyan ödənilsə, bu halda bu qanun Milli Məclisə gəlməzdi. Nəzarət Palatasının o qədər imkanları yoxdur. Deməli, ziyan büdcə vəsaitləri hesabına ödəniləcək. Hökumət faktiki surətdə istənilən bankı bağlayacaq, məhkəmə bunu qanunsuz saysa, uzaqbaşı qərar çıxaracaq ki, sənə 500 min, ya 1 milyon kompensasiya veririk, götür, get, sən artıq bank işlədə bilməzsən!”, – Qüdrət Həsənquliyev deyib.

Müşahidəçilərin qənaətinə görə, Qüdrət Həsənquliyevin bu məsələdə göstərdiyi prinsipiallıq hakiyyətdəki qruplaşmalar arasında ziddiyətlərin yeni mərhələyə keçməsi ilə əlaqədardır. Qeyd edək ki, bir müddət əvvəl mətbutda Vasif Talıbovun Naxçıvan Ali Məclisin qərarı ilə Azərbaycanın vitse-prezidenti olacağı haqda xəbər yayılmışdı. Həmin xəbərlərdə söhbət ondan gedirdi ki, Vasif Talıbov prezidentin fərmanı olmadan da bu posta sahiblənə bilər.

Ölkənin konret olaraq bank sektorunda baş verənlərə gəlincə, son aylarda Azərbaycan onlarla bank, və ayrı-ayrı bankların filialları bağlanıb. Əvəzində başqa bir bank şəbəkəsi çiçəklənməkdədir. Maliyyə Bazarlarına Nəzarət Palatasına yeni səlahiyyətlərin verilməsi arzuedilməz qruplaşmalara məxsus olan bankların qapadılması və lisenziyası ləğv edilən bankların, onların müştərilərinin susdurulmasına yönəlib. Müşahidəçilər hesab edir ki, hakimiyyətdaxili çəkişmələrin məhz bank sektorunda büruzə verməsi təəccüblü deyil və bu məslədə Qüdrət Həsənquliyevin sərgilədiyi qətiyyət aysberqin yalnız görünən hissəsidir.

Cəmiyyətin xəbəri olmasa da, onlar bilirlər ki, nə baş verir.

Mustafa Hacıbəyli

Bastainfo.com

%d bloqqer bunu bəyənir: