İlham Əliyev “Hacı Cavad” məscidi ilə bağlı tapşırıq verdi: Etirazlar nəticəsiz qalmadı

İlham Əliyev Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən “Hacı Cavad” məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, prezident İlham Əliyev məscidin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub: “Dövlət başçısı narazılıq edən inanclı insanların reaksiyasını nəzərə alaraq məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi və müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib”.

Ə. Həsənov ölkə prezidentinin məscidin söküntüsünün dayandırılması ilə bağlı tapşırıq verdiyini və mövcud vəziyyətin araşdırılması ilə bağlı müvafiq komissiyanın işə başladığını nəzərə alaraq, həmin ərazidə toplaşan insanları təmkinlə davranmağa və oranı tərk edərək komissiyanın işi üçün zəruri şərait yaratmağa çağırıb.

Qeyd edək ki, aprelin 12-də “Hacı Cavad” məscidinin önündə dindarlar saatlarla davam edən etiraz aksiyası keçirib, küçədə namaz qılıb və məscidin sökülməsinə qərar verənləri lənətləyiblər. Ə.Həsənovun açıqlaması onu göstərir ki, etirazlar nəticəsiz qalmayıb. 

Bastainfo.com

 

%d bloqqer bunu bəyənir: