Türkiyədə referendum keçirilir (Yenilənir)

Müxalifət lideri Kamal Kilicdaroglu da səs verdi

Türkiyədə əsas müxalifət partiyası olan “Cümhuriyyət Xalq Partiyası” nın (CHP) lideri Kemal Kilicdaroglu və “Milliyətçi Xalq Partiyası”-nın lideri Devlet Bahceli də Ankaradakı seçki məntəqəsində səs veriblər.

Türkiyədə referendum davam edir.Rəy sorğuları “Hə” düışərgəsinin azacıq irəlidə olduğunu göstərir. Amma Reutersin apardığı sorguda rəyi soruşulanların demək olar ki, əksəriyyəti dedmokratiyanın tərəfdarı olduqlarını və konstitusoiya düzəlişlərinə heç bir ehtiyac olmadığını deyirlər.

Erdogan səs verdi

Türkiyə prezidenti Racep Tayyip Erdogan konstitusiya dəyişikliikləri ilə bağlı referendumda səs verib.

Bu dəyişikliklərin təşəbbüskarı olan prezident xanımı ilə birlikdə İstanbuldakı seçki məntəqələrindən birində səs verib.

Erdogan hesab edir ki, konstitusiya dəyişiklikləri ölkədə siyasi və təhlükəsizlik sahəsindəki problemləri yoluna qoyacaq.

Müxalifətsə hesab edir ki, bu 15 iyul qiyam cəhdindən sonra 47 min adamın həbsə atdıldığı, 120 min nəfərinsə işdən qovulduğu ölkədə avtoritarizmi daha da gücləndirəcək


Aprelin 16-da Türkiyədə konstitusiyaya dəyişikliklər üzrə referendum keçirilir. Ölkədə prezident üsul-idarəsinin yaradılması səsə qoyulur.

Dəyişikliklər qəbul olunarsa, Prezident Recep Tayyip Erdogan-ın səlahiyyətləri genişləndiriləcək, daha 10 il hakimiyyətdə qala biləcək.

Təhlilçilər Erdogan-ın qələbəsinin Ankara və Brüssel münasibətlərinin pozulmasına gətirəcəyini proqnozlaşdırırlar. Belə ki, Avropa Birliyi-Türkiyə əlaqələri onsuz da gərgin dönəm yaşayır.

Konstitusiyaya 18 dəyişiklik təklif olunur, onlara “hə”, yaxud “yox” cavabları verilməlidir. Dəyişikliklər qəbul olunarsa, parlament zəifləyəcək, baş nazir postu ləğv olunacaq, prezidentə məhkəmə sistemi üzərində daha çox nəzarət veriləcək.

Dəyişiklikliyin qəbul olunmasından ötrü səs çoxluğu yetərlidir.

Referendum ölkənin şərqində yerli vaxtla 7-də başlayıb. Türkiyənin qalan hissəsində isə səsvermə yerli vaxtla səhər 8-də başlayıb, axşam 5-də bitir.

55 milyon seçici 167 min 140 seçki məntəqəsində səs verəcək. Xaricdəki türkiyəli seçicilər artıq səs veriblər.

ERDOGAN-IN ARQUMENTLƏRİ

Səsvermədən bir neçə gün öncə açıqlanmış rəy sorğuları türklərin cüzi səs fərqiylə dəyişikliklərin lehinə səs verəcəyini üzə çıxarıb. Bu da 1923-cü ildə Türkiyədə respublika qurulandan bəri ən böyük dəyişikliyə yol açacaq.

Recep Tayyip Erdogan, 12 aprel 2017

Erdogan və hakim Ədalət və İnkişaf Partiyası (AKP) iddia edir ki, kürd separatçıların davamlı müqaviməti, ötən iyuldakı çevriliş cəhdi, ölkədə təkrarlanan terror hücumları, eləcə də qonşu Suriyadan gələn 2 milyondan çox qaçqın güclü prezidentlik sisteminə tələbat yaradıb, yalnız belə bir sistem ölkənin problemlərini yoluna qoya bilər.

Erdogan aprelin 15-də İstanbulda çıxışında deyib ki, təkliflərə “hə” deyilərsə, “iyulun 15-də başlatdığımız iş bitmiş” olar. Həmin tarixdə uğursuz çevriliş cəhdi baş verib.

Müxalifətdə olan Millətçi Hərəkat Partiyası (MHP) da dəyişikliklərə “hə” deməyə çağırıb. MHP AKP ilə ictimaiyyətə açıqlanmayan saziş əldə edib.

TƏKLİKLƏRƏ QARŞI ÇIXANLAR DA VAR

Amma MHP-dən beş deputat dəyişikliklərə qarşı kampaniya aparıb. Rəy sorğuları partiya tərəfdarlarının üçdə ikisinin təkliflərə qarşı olduğunu ortaya qoyub.

Türkiyənin ikinci böyük partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) da dəyişikliklərə qarşıdır. CHP-dən deputat Silina Dogan deyib ki, təkliflərin avtoritar xarakteri Türkiyənin Avropa Birliyinə qoşulmaq ümidlərini puça çıxarır.

Kemal Kilicdaroglu, Cümhuriyyət Xalq Partiyası, Ankara, 10 mart 2017

Kemal Kilicdaroglu, Cümhuriyyət Xalq Partiyası, Ankara, 10 mart 2017

Kürdpərəst Xalq Demokratik Partiyası (HDP) dəyişikliklərin antidemokratik olduğunu, məhkəmənin müstəqilliyi prinsipini pozduğunu bildirir.

Qəbul olunarsa, konstitusiya təklifləri 2019-cu ildən qüvvəyə minəcək.

TƏNQİDLƏR

Türkiyədəki tənqidçilər yeni hökumət sisteminin “seçkili diktatura” olacağını, hakimiyyət bölgüsünün aradan qalxacağını, parlamentin hüquqi səlahiyyətinin qalmayacağını, prezidentdən yol verdiyi nöqsanlara görə hesabatlılıq tələb edə bilməyəcəyini deyirlər.

Qərb tənqidçiləri də dəyişikliklərin prezidentə həddən artıq səlahiyyət verdiyini vurğulayırlar.

“Human Rights Watch” insan haqları təşkilatı bildirir ki, bu təkliflər insan haqlarına və Türkiyənin demokratik gələcəyinə böyük təhlükə yaradar, qəbul olunarsa, Erdogan “nəzarətsiz hakimiyyət”ə yiyələnər.

Human Rights Watch, loqo

Human Rights Watch, loqo

Avropa Şurası, Avropanın İnsan Haqları komissarı Nils Muiznieks konstitusiyaya təkliflərdən “dərin narahatlıq” bildiriblər.

FÖVQƏLADƏ VƏZİYYƏT

Referendum kampaniyası da ziddiyyətlərlə müşahidə olunub. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kampaniya və səsvermənin uğursuz çevriliş cəhdindən sonra elan olunmuş fövqəladə vəziyyətdə keçirildiyinə diqqət çəkib. ATƏT müşahidəçiləri bu fövqəladə vəziyyətdə fundamental insan haqlarının məhdudlaşdırıldığını bildirir. Minlərlə vətəndaş saxlanıb, yaxud da işdən çıxarılıb.

Dəyişikliklərin opponentləri dövlət tərəfindən repressiya olunduqlarını bildirirlər. Onların iddiasına görə, “hə” kampaniyasının tərəfdarları tədbirlərin təşkilində dövlət mediası, orqanlarından və maliyyədən yararlana biliblər.

Erdogan və müttəfiqlərinin Avropada kampaniya aparmaq cəhdləri Almaniya, Niderland, Danimarka və İsveçrədə əngəllənib. Bu da Ankarayla diplomatik mübahisəyə yol açıb.

EKVİVALENTİ OLMAYAN SİSTEM

AB-nin Ankaradakı keçmiş səfiri, hazırda Karnegi Avropa Fondunda təhlilçi kimi çalışan Marc Pierini AzadlıqRadiosuna deyib ki, dəyişikliklər qəbul olunarsa, Ankarayla Brüsselin münasibətləri tamamilə korlana bilər.

“Qərb dünyasında ekvivalenti olmayan bir sistem qurulacaq. Bir nəfərin əlində daha çox hakimiyyət cəmləşəcək, nəzarətsiz hiper-prezident sistemi yaranacaq. Qərbdə belə bir şey yoxdur. Bu, doğrudan da bir nəfərin idarəçilik sistemi olacaq və AB normalarıyla ziddiyyət təşkil edəcək”, – Pierini deyib.

Digər avropalı ekspertlərin fikrincə, nikbin ssenari o olar ki, dəyişikliklərə “yox” deyilsin, yaxud da “hə” düşərgəsi çox cüzi fərqlə qalib gəlsin. Bu halda Edogan AB-yə qarşı döyüş mövqeyini yumşaldar, münasibətləri yaxşılaşdırmağa çalışar.

AzadliqRadiosu

%d bloqqer bunu bəyənir: