“Qiyas İbrahimov məktubunu dörd tərəfdən imzalayıb” – Vəkil

Vəkili Elçin Sadıqov aprelin 17-də Bakı İstintaq Təcridxanasında Qiyas İbrahimovla görüşüb. Məlumatı vəkil özünün feysbuk səhifəsində yayıb. O, Qiyas İbrahimovun əhvalının yaxşı olduğunu, hər kəsə salam göndərdiyini deyib:

“Gözlərindəki ağrılar davam edir. Həkim müəyinə edib, Qiyas İbrahimova dərman və eynək yazıb”.

Vəkil Qiyas İbrahimovun yenidən məktub göndərdiyini, açılıb oxunmaması üçün zərfin dörd bir yanını imzaladığını deyir:

“Bunu zərfin tamlığı pozulmasın, açılmasın deyə edib. Ümid edirəm ki, bu dəfə həbsdə qalan şəxsin hüquqları pozulmayacaq və vəkili ilə konfedensial ünsiyyət saxlamasına imkan veriləcək”.

Vəkili daha öncəki açıqlamalarında Qiyas İbrahimovun ona yazdığı məktubların cəza evi rəhbərliyi tərəfindən açılaraq, oxunduğunu deyirdi.

Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birlikdə ötən il mayın 10-da saxlanmışdı. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin, Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapılıb. Q.İbrahimov və B.Məmmədov 2016-cl ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar ittihamı qəbul etmir və həbslərini Heydər Əliyevin heykəlini yazmaqları ilə əlaqələndirirlər. Hər iki gənc siyasi məhbus kimi tanınır.

Meydan TV

 

%d bloqqer bunu bəyənir: