Erdoğan: “Türkiyə ATƏT-in hesabatlarını görmür, eşitmir və tanımır…”

Türkiyə prezidenti Recep Tayyip Erdoğan Avropa seçki müşahidəçilərinin referendum barədə bəyanatlarına acıqlı reaksiya verib.

Bundan əvvəl ATƏT və Avropa Şurası Parlament Assambleyası (AŞPA) aprelin 17-də bildirmişdilər ki, Türkiyədə keçirilmiş referendumun hüquqi çərçivəsi “əsl demokratik səsverməyə uyğun olmayıb”.

Müşahifədçilər həmçinin demişdirlər ki, referendum kampaniyası “rəvan olmayan oyun meydançasında” keçirilib və 16 aprel referendumunda “sonradan edilmiş prosedur dəyişiklikləri” səslərin sayılması prosesinə kölgə salıb.

Aprelin 17-də çıxış edən Erdoğan bu iradları rədd edib və ATƏT müşahidəçilərini “öz yerlərini bilməyə” çağırıb.

Erdoğan deyib ki, “Türkiyə ATƏT-in müşahidə missiyasının;n hesabatlarını görmür, eşitmir və qəbul etmir”.

Avropa rəsmilərinin Türkiyənin demokratiya və insan haqları standartlarına uyğun olmamasının onun Avropa İttifaqı üzvlüyünə qəbulundan imtina ilə nəticələnə biləcəyinə dair xəbərdarlığına cavab olaraq, Erdoğan bunun Türkiyə üçün “heç biri önəmi” olmadığını bəyan edib.

Erdoğan deyib ki, “lazım gələrsə” Türkiyə Avropa İttifaqı ilə üzvlük danışıqlarının davam etdirilib-etdirilməməsinə dair öz referendumunu keçirə bilər.

Türkiyənin Mərkəzi Seçki Komissiyası aprelin 16-da səs verənlərin 51, 3 faizinin Konstitusiyaya 18 dəyişikliyi dəstəklədiyini elan edib. Bu dəyişikliklər ölkədə prezident üsul-idarəsinin yaradılmasına və Erdoğanın 2029-cu ilədək öz postunda qalmasına yol açır.

Oyun gedə-gedə dəyişdirilən qaydalar

ATƏT-in Demokratuik Təsisatlar və İnsan Haqları Ofisi missiyasının rəhbəri Tana de Zulueta aprelin 17-də bəyan edib ki, Türkiyədə keçirilmiş referendum beynəlxalq standartlara uyğun olmayıb.

O deyib ki, Türkiyə referendumun bu şəkildə keçirilməsi ilə ATƏT və Avropa Şurası qarşısında öhdəliklərinin ziddinə gedib.

Xanım Zulueta bunu da bildirib ki, çox yaxın nəticə ilə başa çatmış referendum fövqəladə vəziyyət şəraitində keçirilib.

Avropa rəsmisi deyib ki, prezidentin özünün, bir sıra aparıcı rəsmilərin təbliğat kampaniyasına qoşulması səsvermə prosesində “əhəmiyyətli balanssızlıq” yaradıb.

Zulueta deyib ki, referendumun keçirilməsi zamanı administrativ resurslardan sui-istifadə olunub, partiyaların və vətəndaş cəmiyyəti üzvlərinin “yox” kampaniyasına əngəllər yaradılıb.

ATƏT/DTİH ofisi missiyasının rəhbəri bunu da bildirib ki, kampaniyanın aparıldığı ab-hava bir sıra rəsmilərin “yox” kampaniyasını aparanları “terror dəstəkçisi” adlandırması ilə korlanıb.

Bu da qeyd olunur ki, bir sıra hallarda “yox” kampaniyaçıları polis müdaxiləsi ilə üzləşiblər.

AŞPA monitorinq missiyasının rəhbəri Cezar Florin Preda aprelin 17-də bəyan edib ki, bu referendumun kampaniyasında “iki tərəf bərabər imkanlara malik olmayıb”.

Onun sözlərinə görə, fövqəladə vəziyyət şəraitində keçirilmiş referendumun təbliğat kampaniyasında insanların təməl hüquqları pozulub.

Preda deyib ki, səslərin sayılmasına “sonradan edilən dəyişiklik” nəticələrin mötəbərliyinə xələl gətirib və müxalifətin etirazı ilə üzləşib.

Bülletenlərin yenidən sayılması tələbi

Türkiyə müxalifəti bildirir ki, Ali Seçki Şurasının möhürsüz bülletenlərin sayılmasını qəbul etməsi genişmiqyaslı saxtaklarlığın mümkün ola biləcəyi mühit yaradıb.

Ana müxalifətin Respublika Xalq Partiyası – CHP bülletenlərin 60 faizinin yenidən sayılmasını tələb edir.

CHP sədrinin müavini Bülent Tezcan deyib ki, nəticələr ləğv olunmalıdır və onun partiyası lazım gələrsə bu məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

Türkiyənin kürdyönlü Xalq Demokratik Partiyası – HDP bildirir ki, “səslərin 3-4 faizi ilə “hə” düşərgəsinin xeyrinə manipulyasiya edilib”.

Lakin Türkiyə MSK bu kimi iddiaları rədd edir.

Qərb tənqidçiləri deyirlər ki, Konstitusiyaya dəyişikliklər insan haqlarına və qanunun aliliyi prinsipinə ciddi təhlükə təşkil edir.

Praqadakı Anqlo-Amerika Universitetinin eksperti Pelin Ayan Musil AzadlıqRadiosuna deyib ki, Erdoğanın qələbəsi Türkiyə daxilində radikal dəyişikliklərə səbəb ola bilər. Ekspertin fikrincə bu, Ankaranın Avropa İttifaqı ilə münasibətlərinə zərbə olacaq.

Pelin Ayan Musil deyib ki, prezident indi özünün yeni səlahityyətləri ilə parlamenti buraxa, hakimləri təyin edə biləcək.

Ekspertin fikrincə, Türkiyə Konstitusiyasına dəyişiklikləri “bir nəfərin diktatorluğu” kimi qiymətləndirmək mümkündür.

Qərbin reaksiyası

Fransa prezidenti Francois Hollande aprelin 17-də deyib ki, Türkiyə referendumu ölkənin sərt şəkildəikiyə parçalandığını nümayiş etdirib.

Fransa prezidenti əlavə edib ki, Paris “əhəmiyyətli səsvermə saxtakarlığına” dair ittihamları nəzərə alacaq.

Almaniya kansleri Angela Merkel və vise-kansler Sigmar Gabriel aprelin 17-də Erdoğanı Türkiyənin bütün siyasi və vətəndaş qrupları ilə dialoq axtarmağa çağırıblar.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker, Aİ xarici işlər komissarı Federica Mogherini və ittifaqın genişləndirilməsi üzrə komissar Johannes Hahn-ın birgə bəyanatında deyilir ki, Türkiyədə konstitusiya dəyişikliklərinin “praktik tətbiqi” prosesində Ankaranın Avropa İttifaqı üzvlüyünə namizəd və Avropa Şurasının üzvü kimi öz öhdəkliklərinə nə dərəcədə əməl etməsinə baxılacaq.

Bəyanatda həmçinin bildirilir ki, ATƏT və AŞPA müşahidəçilərinin “iddia olunan pozuntular” barədə hesabatları ciddi şəkildə öyrəniləcək.

AzadlıqRadiosu

%d bloqqer bunu bəyənir: