Azərbaycan hakimiyyətinin lobbiçisi məhkəmə qarşısında

İtaliyada çirkli pulların yuyulması haqqında iş üzrə məhkəmə dinləməsi keçirilməsi təşəbbüsü irəli sürülüb

Turan xəbər verir: İtaliyada çirkli pulların yuyulması haqqında iş üzrə məhkəmə dinləməsi keçirilməsi təşəbbüsü irəli sürülüb. Dinləmələr yaxın günlərdə başlayacaq. Deyəcəksiniz ki, bu hadisənin Azərbaycanla nə əlaqəsi var? Birbaşa əlaqəsi var. Bu prosesin əsas fiqurantı Xristian-Demokrat Partiyasının keçmiş deputatı, Avropa Şurası Parlament Assambleyasında Avropa Xalq Partiyası fraksiyasının keçmiş rəhbəri Luka Volontedir, o, Azərbaycan hakimiyyətindən 2,39 milyon avro almaqda ittiham olunur.

Sitasətçinin gözlənilmədən sərvət əldə etməsi Milan prokurorluğunun diqqətini cəlb edib. Ötən il istintaq başlayıb. Araşdırma zamanı mürəkkəb şübhəli bank əməliyyatları sxemi aşkar olunub. Bu əməliyyatlar nəticəsində parlamentarinin hesablarına müntəzəm olaraq böyük məbləğlər əlavə olunurdu, baxmayaraq ki, Volonte ciddi bizneslə məşğul olmurdu. Prokurorluq İtaliyalı siyasətçiyə qarşı korrupsiya və cinayət yolu ilə əldə olunmuş vəsaiti yuma ittihamları irəli sürüb.

İstintaq materiallarına əsasən, qalmaqalın qəhrəmanı Britaniya şirkətləri və offşor şirkətlər vasitəsilə rüşvət alırdı. Maliyyənin böyük hissəsi Britaniyanın “Hilux Services LLP” şirkətinin və Estoniya bankında Azərbaycanın “Baktelekom MMC” səhmdar şirkətinin adına olan hesabın payına düşüb. Azərbaycanda qeydiyyatda olan bu şirkət ölkənin birinci ailəsi ilə sıx əlaqəsi olan biznesmenə məxsusdur.

Volonte sonuncu dəfə 2008-ci ildə olmaqla, dörd dəfə İtaliya Parlamentinin Deputatlar Palatasının üzvü seçilib. O, 2010-cu ilin yanvarından 2013-cü ilin iyununa qədər AŞPA-da Avropa Xalq Partiyası fraksiyasının rəhbəri olub. Həmin dövr ərzində o, Azərbaycana ayaq açıb, siyasi isteblişment nümayəndələri ilə sıx ünsiyyətdə olub. Prokurorluğun sənədlərində iddia olunur ki, “Bakıda və Strasburqda görüşlər və müşavirələr zamanı Volonte pul müqabilində Azərbaycanın siyasi elitasının maraqlarını təmsil etməyi, xarici dövlətin mövqeyinə dəstək göstərməyi vəd edib” və “qısamüddətli və uzunmüddətli siyasi təşəbbüslər” həyata keçirib.

Onun fəal səyləri nəticəsində 2013-cü ilin yanvarında Avropa Şurası Azərbaycan üzrə siyasi ittihamlarla həbsxanalarda olan 85 nəfərin vəziyyətini əks etdirən qətnamənin əleyhinə səs verib. Siyasi məhbuslar üzrə qətnamənin lehinə cəmi 79 səs verilib, bir halda ki, “əleyhinə” 128 səs verilib və o, “ittihamların həqiqətə uyğun olmaması” ifadə edilməklə qəbul edilməyib.

Belə demək olarsa, Volonte aldığı qonorarlar müqabilində “işini şərəflə görüb”. İtaliya müstəntiqləri hesab edirlər ki, bu qərar “Baktelekom MMC” fondundan ödənilib. Bundan başqa, istintaq materiallarında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Elxan Süleymanov və Müslüm Məmmədovun adları keçir, onlar Volonte ilə yanaşı, Avropa Parlamentində Avropa Xalq Partiyasının bir sıra digər üzvlərini də öz tərəflərinə çəkiblər. Yeri gəlmişkən, cənab Süleymanov bu yaxınlarda İtaliyanın Politico.eu informasiya agentliyinə Volontenin işi üzrə məhkəmə prosesi ilə bağlı hər hansı şərh verməkdən imtina edib.

Volontenin müdafiə tərəfi bu ittihamları qəti şəkildə təkzib edərək, onları əsassız adlandırır.

Bu arada, AŞPA-nın özündə Azərbaycanın bu təşkilatda korrupsiya fəaliyyəti haqqında təşkilatın öz araşdırmasını aparmaq çağırışları səslənir. “Kürü diplomatiyası”, yüksək vəzifəli Avropa məmurlarına qiymətli hədiyyələrin verilməsi AŞPA-nın nüfuzuna kölgə salıb.

“Avropa Sabitlik Təşəbbüsü”nün sədri Cerald Knausun sözlərinə görə, AŞPA-da Azərbaycanın “kürü diplomatiyası” hələ də mövcuddur, amma parlamentarilərin şikayətlərinin üstün gələcəyinə ümid var. Bu yaxınlara qədər təşkilat üzvlərini nüfuzdan salmaq istəmədiyinə görə araşdırmalara başlamaq istəməyən AŞPA rəhbəri Pedro Aqramunt isə nəhayət bu addıma razılaşıb.

 

Bastainfo.com